Binalar

Sumqayıtda güzəştli mənzillərin satışı başlayır - Satış şərtləri qiymətlər

2347
(Yenilənib 14:38 17.07.2021)
Mənzil İnşaatı Dövlət Agentliyinin regionda inşa edilən ilk layihəsi olan Sumqayıt şəhərində güzəştli mənzillərin satışı 17 avqustda başlayacaq.

BAKI, 17 iyul — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Sumqayıt şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışı barədə elan verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı 17 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat

Satışa ümumilikdə 144 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 04.06.2019-cu il tarixli 27459 nömrəli müsbət rəyi mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilib.

Satış şərtləri və qiymətlər

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər. Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Studio tipli mənzillərin qiyməti – 29 665 manat, 1 otaqlı mənzillərin qiyməti – 30 175 manat, 2 otaqlı mənzillərin qiyməti – 48 110 manat, 3 otaqlı mənzillərin qiyməti – 63 325 manatdır.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda

Mənzili 3-30 il müddətinə, illik faiz dərəcəsi 4% və ilkin ödənişi minimal 10% təşkil edən ipoteka kreditilə də əldə etmək olar. 30 il müddətinə güzəştli ipoteka ilə alındıqda studio tipli mənzillin aylıq ödənişi 128 manat, 1 otaqlı mənzilin aylıq ödənişi 130 manat, 2 otaqlı mənzilin aylıq ödənişi 207 manat, 3 otaqlı mənzilin aylıq ödənişi isə 272 manatdır.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Studio tipli mənzilin qiyməti 29 min 665 manatdır. Əlavə endirim məbləği 2966 manat, əlavə endirimdən sonra mənzilin satış qiyməti 26 min 699 manatdır.

1 otaqlı mənzilin qiyməti 30 min 175 manatdır. Burada əlavə endirim məbləği 3017 manat, əlavə endirimdən sonra mənzilin satış qiyməti 27 min 158 manatdır.

2 otaqlı mənzilin qiyməti 48 min 110 manatdır. Burada əlavə endirim məbləği 4811 manat, əlavə endirimdən sonra mənzilin satış qiyməti 43 min 299 manatdır.

3 otaqlı mənzilin qiyməti 63 min 325 manatdır. Əlavə endirim məbləği 6332 manat, əlavə endirimdən sonra mənzilin satış qiyməti 56 min 993 manatdır.

Satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamaları aparmaq https://sumqayit.mida.gov.az/ internet səhifəsi üzərində mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq "ASAN xidmət" mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə "108" çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

2347
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib

30
(Yenilənib 00:09 31.07.2021)
Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru və bir sıra bölmələrə baş redaktorlar təyin edilib.

BAKI, 30 iyun - Sputnik. Dünyanın rus dilli informasiya məkanında teleradio yayımının inkişafı və son bir neçə ildə əldə olunmuş uğurların nəticəsi kimi CBC teleradio şirkətində bir sıra kadr dəyişiklikləri aparılıb.

Teleradio şirkətindən AZƏRTAC-a bildiriblər ki, Məmmədov Orxan Elşən oğlu Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru vəzifəsinə təyin olunub.

Bundan əlavə, Əliyeva Nigar Əli qızı telekanalın “İctimai siyasi verilişlər” bölməsinin baş redaktoru, Musazadə Elmira İlqar qızı “Müəllif verilişləri” bölməsinin baş redaktoru, Rzayev Sənan Məhəmməd oğlu redaktor-baş siyasi icmalçı, Lavrina Anastasiya Vitalyevna beynəlxalq münasibətlər üzrə ekspert – aparıcı, Cəbrayılov Həbib Mikayıl oğlu isə “Xarici dilli yayım” departamentinin baş rejissoru vəzifələrinə təyin ediliblər.

Telekanal barədə

CBC (Caspian Broadcasting Company) - 10 aprel 2013-cü il tarixində ATV International telekanalı əsasında yaradılaraq yayıma başlayan beynəlxalq televiziya kanalıdır.

Yarandığı bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə edib.

9 avqust 2015-ci il tarixində "Neftçi - Kəpəz" oyunu ilə yayıma start verib. Yayım Azərbaycan dilində həyata keçirilib. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başlayıb.

2020-ci ilin dekabrında Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda keçirilən iclasında “Caspian İnternational Broadcasting Company” MMC-nin regional televiziya yayımı lisenziyasının alınması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə baxılıb.

Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Şura “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC televiziya kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.

CBC özü haqqında

CBC telekanalı öz tamaşaçılarına hadisələrin obyektiv qiymətləndirməsini, əhatəli proqramlarını təqdim edir. Ən əsası isə, CBC bunu üç dildə - Azərbaycan, rus, və erməni dillərində edir.

Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC yüksək enerji ilə start götürərək ölkəmizin uğurları, problem və nailiyyətləri haqqında bütün dünyaya məlumat çatdırmaqdadır. Telekanal fasiləsiz olaraq yayımlanır və yayım sahəsi Rusiyanın Avropa hissəsindən tutmuş Hindustan yarımadasına kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir.

CBC-nin üç redaksiyasının hər birində yayım dilinin xüsusiyyətlərinə uyğun olaraq xəbərlərin seçimində vahid sistem tətbiq olunur. Redaksiya siyasətimiz - hadisələrə qiymət vermədən, olay tərəflərinin hər birinin fikrini təqdim etməkdən ibarətdir. CBC-nin yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məqsədimiz – hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün materialı cəld və keyfiyyətli surətdə təqdim etməkdir.

30
Türkiyənin Antalya əyalətində meşə yanğınları

Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir

1030
(Yenilənib 00:29 31.07.2021)
Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, hazırda 81 yanğın ocağından 70-i lokallaşdırılıb, Adana, Osmaniyə, Antalya, İzmir, Mersin, Muğlada yanğınlarla mübarizə davam edir.

BAKI, 30 iyul - Sputnik. Türkiyənin yanğınsöndürənləri 85 yanğın ocağından 74-nü lokallaşdıra biliblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, hazırda 85 yanğın ocağından 74-ü lokallaşdırılıb, Adana, Osmaniyə, Antalya, İzmir, Mersin, Muğlada yanğınlarla mübarizə davam edir.

Nazirin sözlərinə görə, 11 yerdə yanğın davam edir. Yanğınla mübarizəyə 6 təyyarə, 9 pilotsuz uçuş aparatı (PUA), bir pilotsuz helikopter, 45 yanğınsöndürmə helikopteri, bir yanğınsöndürmə tankeri, 1 080 suçiləyici və 55 inşaat maşını, 4 mindən çox heyət cəlb edilib.

Meşələrin qəhrəmanlarının havadan və yerdən böyük sədaqətlə yanğınlarla mübarizə apardığını ifadə edən nazir dəstək göstərən hər kəsə minnətdarlığını bildirib.

Azərbaycanın yanğınsöndürənləri də Türkiyəyə köməyə gediblər

Azərbaycan Prezidentinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb. Heyət AZAL-ın təyyarələri ilə Türkiyə Respublikasına yola salınıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, nazirliyin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər və digər lazımi avadanlıq və ləvazimatlar qısa zamanda qardaş Türkiyəyə çatdırılacaq.

E.Mirzəyevin sözlərinə görə, hazırda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər əməkdaşı Türkiyəyə yola düşür:

"Bildiyimiz kimi, bu gün Türkiyədə güclü yanğınlar müşahidə olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədə baş verən yanğınlarda həlak olan şəxslərin yaxınlarına başsağlığı verib".

"Türkiyənin kədəri Azərbaycanın kədəridir", - deyən nazir müavini əlavə edib ki, Azərbaycandan iki helikopter və 500 nəfərdən artıq canlı qüvvə və 50-dən artıq texnika hazır vəziyyətdədir.

Türkiyədə yanğınlar 

Türkiyədə, Antalyanın Manavgat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub. İyulun 28-dən başlayan yanğın nəticəsində Manavqat rayonun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb.

Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 62 nəfər isə xəsarət alıb.

Yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

Antalyadan başqa Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində də kütləvi surətdə meşa yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənini terror aktı olduğunu istisna etmirlər. 

Həmçinin oxuyun:

Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər

* İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

* Mehriban Əliyevadan Türkiyəyə dəstək

* Çavuşoğlu Türkiyədəki yanğınlar barədə: "Saxlanılan şübhəlilər var"

1030