Polad Həşimov fotolarda

Polad Həşimov barədə bilmədiyimiz gerçəklər onun ailə üzvlərinin dili ilə

1815
(Yenilənib 15:06 14.07.2021)
Qardaşı Polad Həşimovun ayaq səsləri üçün belə darıxır, dağ boyda oğulu itirən anası Səmayə xanım isə heç cür təsəlli tapa bilmir, boğulur, hönkürür. Susqunluq içində divarlardan boylanan şəkillər danışır...

BAKI, 14 iyul — Sputnik. Müharibə və onun acısı illərdir ki, qapıları döyür - qoynunda övladının cansız bədəninin uyuduğu bir tabutla. Bu qapı döyülüşü əbədi olaraq həmin evlərdə çıraqları söndürür, dodaqlardakı gülüşü bir ömürlük dəfn edir. Övlad, həyat yoldaşı, ata itkisindən sonra yaşayan isə yalnız xatirələr olur.

Sputnik Azərbaycan xalqımız üçün ən böyük qəhrəmanlardan olan Polad Həşimovun xatirələrinin uyuduğu evə baş çəkib.

Zamanı bir il öncəyə çəkək

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutur, Ordumuz düşmənin hücum cəhdinin qarşısını alır və geri oturdur. İyunun 12-dən 13-nə keçən gecə eyni məkanda gərgin anlar davam edir. Üçüncü Ordu Korpusunun qərargah rəisi Polad Həşimovun da qatıldığı gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilir. İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin yeddi hərbi qulluqçusu, o cümlədən Polad Həşimov şəhid olur...

Balaca Polad

Polad Həşimovun uşaqlığının keçdiyi, böyüyüb boya-başa çatdığı evdəyik. Öncə qardaşı, ailənin sonbeşiyi olan İlham Həşimovla balaca Polad, birgə keçirdikləri uşaqlıq xatirələrindən danışırıq: "Aramızda iki yaş fərq vardı, bir-birimizə arxa-dayaq olaraq böyümüşük. Birlikdə tez-tez İsmayıllının Qaracıq kəndinə - Zink dağına moruq yığmağa gedərdik. Sonradan babam haraya getdiyimizi biləndə dedi ki, oralar ayı ilə doludur, gedəndə mütləq xəbər edin. Yay tətillərimiz kənddə çox maraqlı keçərdi. Bağçaya da bir gedib, bir qayıdardıq. Yadımdadır, bir dəfə Polad məni də bağçadan götürərək qaçmışdı.

Sirlərimizi də kimsə ilə bölüşməmişik. Bir dəfə maşını ilə qəza etmişdi, evdəkilər bilməsinlər deyə gedib xəbərsiz təmir elətdirmişdik. Polad o maşını sonradan kazarmanın tikintisinə vəsait lazım olduğu üçün satdı. Qəza zamanı da kiməsə ziyan vurmamışdı, sadəcə maşın aşmışdı".

"Poladın uşaq vaxtından hər sahəyə marağı olub, özünün həvəskar fotoaparatı vardı. Foto sənətinə maraq göstərirdi. Lakin ailəmizin ona peşəkar fotoaparat almağa imkanı yox idi. İdmanla məşğul olub. Şahmatda da özünü sınayıb. Savadı ona imkan verərdi ki, başqa bir sahəyə getsin, amma o özünü hərb sahəsində görürdü. O vaxt tarix müəllimi demişdi ki, "oğul ona deyərəm ki, hərbi məktəbə getsin". Beləcə, o, hərbi sahəyə meylləndi. Ən böyük mükafatı da xalq sevgisi oldu.

© Sputnik / Nigar Iskanderova
Polad Həşimovun uşaqlıq fotoları

Polad məktəbdə məndən daha yaxşı oxuyub. Hərdən dərslərimi başa salırdı, xüsusən də dəqiq fənlərdə çətinliyim olurdu, o da buna görə bəzən hirslənirdi. 17 yaşından hərbi aləmdəydi. Buna görə də çox vaxt elə mən onun yanına gedib-gəlmişəm. Qardaşımı hərbi hissənin qabağına çağırtdırıb gözləməkdən bezmişdim. Oxuduğu vaxtda belə hörməti vardı. Biləndə ki onun yanına gəlmişəm, heç bir problem yaratmırdılar. Hələ o illərdə, təzə-təzə onun cəbhə bölgəsində olduğunu öyrəndikdə bu xəbəri anama deməkdə çətinlik çəkirdim. 17-18 yaşlı uşağın müharibədə olmasını demək elə də asan bir şey deyil. Gəlib atamla məsləhətləşirdim", - deyə İlham Həşimov əlavə edir.

Zəhmətin övladları

Halal çörək yediklərindən çətinlikləri də olub: "Biz heç vaxt kiminsə nə ağası, nə də köləsi olmamışıq. Ortabab dolanan biri olmuşuq. Kənardan bizə yaradılan problemləri də özümüz həll etmişik. Heç zaman hədiyyə nədir - bilməmişik. Heç zaman təmtəraqlı ad günlərimiz olmayıb. Uşaqlığımızda çətinliklərimiz olub. Çünki ata-anamız zavodda işləyib, heç zaman harama əl uzatmayıblar. Dörd uşaq eyni vaxtda orta məktəbdə oxuyur, hər gün də bu uşaqların cibinə 25-30 qəpik qoyulurdusa, bu ovaxtkı maaşla aylıq olaraq heç də az vəsait deyildi. Daha sonra dördümüz də ali təhsil almışıq. Təmtəraq içində böyüməmişik, amma gözütox böyümüşük.

Kaş ki o vaxt olardı, hər şey, hər kəs elə öz yerində olardı. Biz ana-atamızın, həm də babamız Mikayıl Həşimovun tərbiyəsi ilə böyümüşük. Babamız bizim üçün bir kitab idi. O deyirdi ki, heç kimin haqqını yeməyin, heç kimə də haqqınızı yedirtməyin. Əlinin zəhməti ilə yaşayan bir insan olub, iki dəfə də müharibədə iştirak edib. Atam da bizimlə həm dost, həm də yoldaş olub, yeri gələndə danlayıb. Bir sözlə, hər şeyi dərk edə-edə böyümüşük", - şəhid generalın qardaşı deyir.

© Sputnik / Nigar Iskanderova
Polad Həşimov fotolarda

Hərb adamları adətən sirli olur, xarakterlərini bəlli etməyi sevmir, az danışmağa üstünlük verirlər. Polad Həşimov da haqqında danışılmasını sevməzmiş. İlham da qardaşını ölümündən sonra özü üçün yenidən kəşf edib: "O, elədiklərini demirdi. Biz həmişə Poladın elədiyi yaxşılıqlar haqda başqasından eşitmişik. Çünki nə eləyirdisə, elə Allaha xatir eləyirdi. Heç elədiklərini öz uşaqlarına da danışmazdı. Atam da elə olub. Çünki düşünərmiş ki, uşaq onu görəndə sabah əvəzini gözləyər. Polad da həmişə düşünürdü ki, hər kəs öz zəhmətinin bəhrəsini yeməlidir".

 Dənizdən üç min metr hündürdə

"Amma az qala Poladı alçaltmaq üçün onun elədiklərinin tam əksini demək istəyənlər də olub. Elə tanıdıqlarım olub ki, həmişə Poladın ayağının altını qazıblar, amma indi onlar da özlərini qəhrəman kimi göstərmək istəyirlər. Bilmirəm, özlərini axmaq yerinə qoyurlar, yoxsa adını öz adları ilə yanaşı hallandırmaqla hansısa pis əməllərinin üstünü ört-basdır etmək istəyirlər? Ancaq bu olmayacaq. Onun ölümündən sonra tanımadığım bəzi insanları daha yaxşı tanıdım, onlar iç üzlərini açıb ortaya qoydular. O döyüş bölgəsindəki vəziyyətin nə olduğunu təsəvvür edə bilməyən saxtakarlara Allah insaf versin. Yay vaxtı dəniz səviyyəsindən 3000 metr yüksəkliyə çıxsınlar. Görsünlər ki, o yüksəkliklərdə nə qədər təzyiq, oksigen fərqi var. O baş ağrını, qışın ağır günlərini, şəraitsizliyi, iyirmi il belə vəziyyətdə çalışmağı da düşünsünlər və başa düşsünlər ki, Polad nələr çəkib. Erməni onun qalib gələ bilməyəcəyi bir şey olmayıb. Sadəcə xainlərimiz olub", - deyə İlham Həşimov əlavə edib.

© Sputnik / Nigar Iskanderova
Polad Həşimovun qardaşı İlham Həşimov

Məşum 14 iyul

Həşimovlar ailəsinin ən dəhşətli günü - 14 iyulu İlham Həşimov belə anladır: "On yeddi yaşında - 1992-ci ildə döyüş bölgəsində olub. Yəni Tovuz hadisələri bizim üçün ilk belə hal deyildi. Müharibə davam etdikcə, döyüşlərdə iştirak edib. Təxminən 24-25 il cəbhə bölgəsində xidmətdə olub. Hər atəşkəs pozulanda biz təkcə Poladı yox, oradakı hər kəsi düşünmüşük.

Aprel döyüşləri də anidən olub. O döyüşlərdən on gün sonraya qədər bizim Poladla heç bir əlaqəmiz olmayıb, danışa bilməmişik. Yaralandığını belə bizə bildirməyib. Bizim bəzi qurumlarımız var ki, heç o məlumatı da doğru-düzgün çatdırmağı bilmirlər. Hər yerdən, ordan-burdan zəng edib xəbər alırdılar məndən. Mən gedib aidiyyəti üzrə qapını döyüb soruşuram, deyirlər ki, hələ dəqiq bir məlumat yoxdur. Belə olmamalıdır. 30 ildə bu vəziyyətə hazırlaşmalı idilər. Kimlər ki bu işə görə oturduğu vəzifədə dövlətdən verilən maaşı yeyib, ailəsini saxlayıb, vəzifə borcunu da bilməli idi. Xalqımız isə sağ olsun, ən çətin günümüzdə yanımızda oldu...

Qardaşımın ölüm xəbərini eşidəndə ilk düşündüyüm o oldu ki, anama bunu necə deyəcəyəm. Onun ölümünü biz yox, xalq dedi. Həyətə çıxanda o boyda izdihamı, o boyda dəstəyi gördük".

Qardaşı deyir ki, Polad ən cüzi vəsaitlə böyük bir şey yaratmağı bacarırdı: "O heç zaman mal-mülk xəstəsi olmayıb. Hər zaman düşünüb ki, insanın on evi də olsa, o evlərdən yalnız birinin bir otağı, yatağı qalmaq üçün ona lazım olacaq. Polad əsgəri ilə səngərdə də, kazarmada da qalıb. O, bütün əziyyətlərə qatlaşdığından, hər şeyi bildiyindən heç bir əsgər, zabit, gizir onu aldada bilməyib. Psixoloji durumu yerində olmayanlar onu qəbul etməyə bilərlər. Əsas odur ki, Polad Həşimov ürəklərdə yaşayır".

© Sputnik / Nigar Iskanderova
Polad Həşimovun şahmat taxtası və fotoaparatı

Pandemiya onu evindən də uzaqlaşdırdı

Qardaşı deyir ki, son görüşləri pandemiyadan əvvəl olub: "O qədər məsuliyyətli adam idi ki, deyirdi, əsgərlərimi qoyub gələ bilmərəm. Sonuncu dəfə iyulun 12-də danışmışdıq. Martdan bəri evə gəlmirdi. Xidməti ilə əlaqədar ona bir avtomobil lazım idi. Martdan almışdıq, hansı ki o maşını heç görə, sürə də bilmədi. İşini də dəyişməli idi, gəlişini gözləyirdik. Gəlişi də belə oldu...

O, işi ilə əlaqədar olaraq heç zaman smartfon istifadə etməyib. Bilirdi ki, smartfonla izlənilə bilər. Bundan başqa, onun üçün əlavə problemlər də yaradırdılar. Xainlər hər yerdə var. İyul hadisələrində xain şəbəkə yenə də öz işində idi. Lakin onların heç ağlına gəlmədi ki, bu hadisə nə qədər insanı bir yerə cəmləyə bilər. Onların riyazi təfəkkürləri olsaydı, bilərdilər ki, Polad Həşimovun bu illər ərzində nə qədər əsgəri olub və heç belə bir işə baş da qoşmazdılar. Camaat pandemiyanın pik vaxtında, küçəyə çıxma qadağasına rəğmən, küçələrə axışdı. Kimsə onu sevdirməyib ki, o özü bu sevgini qazanıb. Ona görə kimsə bu sevgini onu sevənlərdən ala bilməz. Tatarıstan belə ona hörmət edirsə, bu sənin zəhmətinin, yaxud da diasporun xidmətinin nəticəsi deyil".

İlham Həşimov qardaşı üçün darıxdığını bu sözlərlə ifadə edir: "Onun hər şeyi üçün darıxmışam. Hətta ayaq səslərindən ötrü də... Biz yatırdıq, o gec gəlirdi. Amma bununla belə qulağım səsdə idi. Mən onu ayağının taqqıltısından tanıyırdım".

Qardaşının diləyi odur ki, bir gün Polad Həşimov haqda dərslik yazılsın və hərbini sevənlər onu oxusunlar.

© Sputnik / Nigar Iskanderova
Polad Həşimovun böyüdüyü məhəllə

Dünyanın yoxluğu

Səmayə ana isə hər şeydən incidiyini deyir: "Onun boyuna-buxununa baxın. O cür boylu-buxunlu, nur üzlü balam idi. Kaş heç elə olmayaydı, neyləyirdim elə olmağını?! Onun yoxluğu, bilirsiniz, nədir?! Onun yoxluğu - dünyanın yoxluğudur. Onun yoxluğunu qəbul edə bilmirəm. Hava mənim üçün hər gün tutqundur. Onun ölümündən sonra işıqlı bir günüm, həyatım olmayıb. Polad gedib, elə bilirəm, dünyam gedib. Poladın yoxluğu sözümün bitdiyi yerdir. Həyat mənim üçün "gün bitsin, axşam olsun"dur.

Onunla birgə o qədər xəyallarımız, o qədər xatirələrimiz, arzularımız var idi. Axırıncı dəfə görüşüb danışanda da çox xəyallar qurmuşduq. Onun ürəyindəkilər onun ürəyində getdi, mənim ürəyimdəkiləri də kiməsə aça bilmədim..."

Bir gün sonra Bakıya gələcəkdi, tabutunu gətirdilər...

"O doğulanda o qədər gözəl idi ki... Qucağıma almışdım, beş günlük olardı, öz-özümə deyirdim ki, bir uşaq yəni bu qədər gözəl ola bilər? Amma dəcəlliyinə də söz ola bilməzdi. Onu mən bələkdə saxlaya bilmirdim, ayaqlarını çəkib çıxarırdı. Qırxı çıxmamış uşaq o qədər güclü idi, elə bil, Allah ona xüsusi bir güc vermişdi", - Səmayə ana köks ötürərək danışır. Göz yaşları isə durmaq bilmir, gildir-gildir yanaqlarından süzülür.

Ana bir-bir divardan bizə boylanan şəkilləri göstərir: "Avtomat qucağında olan şəkli görürsən, mənim balam, nə gözəldir. Elə bilirəm ki, dünyada ondan yaraşıqlısı yoxdur. O, son vaxtlar çox fikirli idi. Qarabağ məsələsi uzandıqca, onu dərd-sər bürüyürdü. Evə də gələndə həmişə indi oturduğum divanda əyləşib fikrə dalardı. Deyirdim ki, nəyin dərdini çəkirsən, deyirdi, nə fikir, çay gətir...

© Sputnik / Nigar Iskanderova
Polad Həşimov və Polad Ana rəsmi - Rəsmin müəllifi Pəri Miniatür

İyulun on beşində Bakıya gəlməli idi, martdan bəri bilirdi. Buna görə qabaqcadan plan cızmışdıq ki, Bakıya gələndən sonra nələr edəcəyik. İstəyirdik, evimizi satıb Bakıdan ev alaq. O deyirdi ki, öz yanımda sənin üçün ev alacam, bütün ərzağını da özüm gətirəcəm, qoymayacam ki, nəsə əziyyət çəkəsən. Xəyal edirdi ki, öz evi də mənimki ilə yaxın olsun. Deyirdi ki, işə gedəndə də, işdən gələndə də səni görəcəyəm. Allahdan sadəcə Poladın ili üçün ömür istəmişdim ki, məni yıxıb, möhtac qoymasın. Çox yaşamaq istəmirəm".

Səmayə ana balaca Poladın şıltaqlığından danışa-danışa da göz yaşlarına hakim ola bilmir: "Onu bağçaya aparıb-gətirməyim yadıma gəlir... O zamanlar buralarda təzə tikinti işləri başladığından hər yer palçıq olurdu. Səhər onu bağçaya qoyub işə gedirdim. İşdən çıxanda bağçadan götürürdüm. Yer nə qədər palçıq olsa da, onun ayaqqabısının üstünə, şalvarının ətəyinə heç vaxt palçıq dəymirdi. Evə gələndə də özü deyirdi ki, "ay nənə, görürsən, mən şalvarımı, ayaqqabımı təmiz saxlamışam". Həmişə çalışardı ki, mənə əziyyət verməsin.

Hə, bir də fit çalmağını da indiki kimi xatırlayıram. Ataları həmişə xəstə, zəif olub. İşdən tələsik gəlib xörək bişirib Poladla xəstəxanaya gedərdim, axşam çağlarında. O həmişə soruşurdu ki, ana, niyə ancaq məni aparırsan? Deyirdim ki, İlham balacadır, sən yanımda olanda özümü arxayın hiss edirəm, qorxmuram. Polad o qədər sevinirdi, sevincindən fit çala-çala bir ayağı üstə tullana-tullana gedirdi. Deyirdi ki, "ana, mən qabağında belə gedəndə də qorxmursan ki?"

Əvvəldən də bir gün görməmişdim, amma həmişə balalarıma görə əziyyətə qatlaşırdım. Allaha yalvarırdım ki, mənə balalarımın pis gününü göstərmə. Ataları rəhmətə gedəndən sonra özümə söz verdim ki, həmişə uşaqlarımın yanında xoşbəxt görünməyə çalışacağam... Heyf balamın taleyindən. Bu gün onun olmamağı içimdə hədsiz bir boşluq yaradıb. O həm böyük qardaşım, atam, ən əzizim idi, hər bir sirrimi onunla bölüşürdüm, onunla məsləhətləşirdim. Balaca oğlu Teymur eyni ilə özünün uşaqlığıdır..."

Ana övladlarının tərbiyəsinə hər zaman həssas yanaşdığını deyir: "Atamı tez itirdiyimdən heç zaman ata sovqatı görməmişəm. Amma qaynatam, anamgil həmişə bizə pay göndəriblər. O göndərilən payı heç zaman övladlarımın gözü qarşısında açmamışam ki, qoy gözləri qapıda, əldə qalmağa öyrəşməsin. Bir gün ata babaları dedi ki, o bağlamanı uşaqların gözünün qabağında aç, qoy orada qalmasın. Dedim, əksinə, mən bağlamanı onların gözünün qabağında açsam, o zaman onların gözü qapıda, bağlamada qalacaq. Mən övladlarımı hər zaman gözütox böyütmüşəm.

© Sputnik / Nigar Iskanderova
Polad Həşimovun və atasının fotosu

Mənim uşaqlarım məndən çox bibilərini seviblər. Heç zaman deməmişəm ki, onu sev, bunu sevmə. Yatmazdan öncə hər axşam şəkilləri ilə ayrı-ayrılıqda danışıram. Eyvana çıxıb həyətdəki şəkli ilə də danışıram. Gecə saat 2-dək danışıram, şəkillərini öpüb, sağ ol, gecən xeyrə qalsın deyib, otağıma keçirəm, salfeti də yanıma qoyuram... elə gecə-gündüz yada salıb ağlayıram... Polad gedəndən sonra heç düz-əməlli mürgüləyə də bilmirəm. Bilmirəm, gözümə yuxu gedir-getmir, sonra yenə ayılıram. Telefonumu açıb şəkillərinə baxıram. Yuxularıma da qarışıq gəlir. 15-də özü gələcəkdi, 14-ü tabutu gəldi".

Yaxşılığı ilə əsgərləri ağladan general

Hər gün qonaq-qaralı, artıq Polad Həşimovu sevənlərin müqəddəs ziyarətgahına çevrilən evin qapısını açanlardan biri də əsgəri Həmid Bəndəliyevdir. O da bir il ötməsinə baxmayaraq, generalın ölümü ilə barışa bilmir: "İl yarım Polad Həşimovun yanında - Daşkəsəndə qulluqda olmuşam. 18 yaşımda əsgər getdim, o zaman mənə dedilər ki, sən çox gözəl bir yerə gəlmisən. Hamı komandirdən, qəhrəmanlığından, 2010-cu ildə ermənilərin postunu almasından ağızdolusu danışırdı. Artıq içimdə bu komandirə bir rəğbət yaranmışdı, onu görmək istəyirdim.

Bir neçə gündən sonra dedilər ki, "komutan" sıranın qabağına çıxacaq. Bir nəfər gəldi, çox sadə idi, sadə addımlayırdı. Düşünürdüm ki, bu kimdirsə, komandirdən qabaq gəlib ki, sıranı düzəltsin. Uşaqlar dedilər ki, komandir bu şəxsdir. Bir müddət sonra ona yaxınlaşdım, dedim ki, sizin aldığınız postda xidmət eləmək istəyirəm. Həmin post dəniz səviyyəsindən 3 min 200 metr yüksəklikdə idi. Oraya texnika qalxmırdı, oksigen çatmırdı, piyada getmək də çətin idi. Bir-iki dəfə yaxınlaşanda dedi ki, "olmaz, sən buranın - aşağının əsgərisən, burada xidmət elə". Sonradan məni o posta göndərdi, 1 il 3 ay orada ximət elədim. Ondan təşəkkürnamələr aldım, özümü doğrultdum. Gün ərzində 3 saat yatırdım, qar suyu içirdim.

© Sputnik / Nigar Iskanderova
Polad Həşimov fotolarda

Canımdan da çox hər zaman Polad Həşimovu düşünmüşəm. Biz maddiyyat üçün çalışırdıqsa, o bunları düşünmürdü. O sadəcə hər şeyi Allaha xatir edirdi. Bir insanın iki evi olsa, bəlkə də birini kiməsə bağışlayar və bunu başa düşmək olar. Öz evi olmayan Polad Həşimov ona bağışlanan evi şəhid ailəsinə hədiyyə etmişdi. Atdığı hər bir addım onun nə qədər böyük ürəyə sahib olduğunu göstərdi".

"Bizim balaca hamamımız vardı, pis idi. Deyirdi ki, bir qədər səbrli olun, hamam tikəcəm. O, hərbi hissə komandiri olsa da, sübh tezdən durub hamamda işləyirdi, suvaq vururdu. Hər şeyi də öz vəsaiti hesabına etmişdi. Heç bir ay keçmədi, hamam hazır oldu, üzündə elə böyük bir sevinc vardı. Aşağıdan belimizdə su daşımayaq deyə Polad Həşimov bizim üçün çən qaldırmışdı. Kiminsə vasitəsi ilə yox, özü birbaşa gəlib maraqlanırdı ki, nəyimiz var, nəyimiz yoxdur. Sadə olsa da, hər kəs hörmətini saxlayırdı. Böyük zəhmi vardı. Öz aramızda da deyirdik ki, "komutan nə dedisə - odur", - deyə əsgəri əlavə edir. 

Polad Həşimov onun idealı olduğu üçün o, hərbi hissədən evə ağlayaraq gəlib: "Hətta heç məzuniyyətdə də evə qayıtmaq istəməmişəm. O mənim bir idealım idi, demək olar ki, hər zaman onun haqqında məlumatlar toplamağa çalışmışam. Onun o qədər vurğunu idim ki, bir şəklini axtarırdım ki, divara vurum, amma tapa bilmirdim. İstəyirdim ki, şəklini tapıb hamıya göstərim ki, baxın, idealım olan adam budur.

Evə qayıtdıqda hər kəsə Polad Həşimovdan danışırdım. Ailəmdə, ətrafımda hər kəsə Polad Həşimov adı tanış və doğma idi. Rütbəsi qalxanda sevinirdim, xəyalımda onu hər zaman nazir kimi görürdüm. İyulun 14-də qardaşım zəng etdi ki, bəs komandirin şəhid olub. Sonra ardı-arası kəsilmədən bu tip çoxsaylı zənglər oldu. Şam yeməyində idik, birdən şəhid xəbərini eşitdim, artıq heç nə yeyə bilmədim. Günlərlə ac qaldım. Bu gün torpaqlarımız alınıb, amma Polad Həşimovun intiqamı hələ də alınmayıb. Satqın da elə ermənidir. Erməni xislətli biri aramızda yaşayırsa, o zaman Polad Həşimovun intiqamı alınmayıb.

© Sputnik / Nigar Iskanderova
Polad Həşimovun əsgəri Həmid Beydullayev

Həmişə səngərin üstünə qalxanda pis olurdu, deyirdi ki, gör nə qədər gözəl yerlərimizi bizdən alıblar. Heç düşünmürdü ki, erməni güllə atar, ona dəyər, biz onun üçün qorxsaq da, o, səngərdə olan əsgərləri üçün qorxurdu, deyirdi ki, ehtiyatlı olun", - deyə o əlavə edib.

Səmayə xanım da söhbətə qoşulur: "O deyirdi ki, erməni məni vura bilməz, o, ermənidən qorxmurdu, onu erməni vurmadı ki... Sərhəddəki erməni yox, içimizdəki erməni onu vurdu".

"Elə bir əsgəri olaraq mənim üçün Qarabağı o aldı. Onun ölümü ilə gənclərin 70-80 faizi Polad Həşimovun adını tutub müharibəyə yollandı. Təbii ki, belə olan halda qələbə qazanmalı idik. Aprel döyüşlərində baş komandir Polad Həşimov olub, amma hərdən elə danışırlar ki, elə bil ki, Həşimov orada olmayıb. Əsgərin bir yerinə tikan batanda belə əziyyət çəkirdi. Polad Həşimov sevgisinin böyüklüyünü 14 iyuldakı izdiham da göstərdi. Təsəvvür edin, hələ nümayişə çıxanların az bir qismi onu yaxından tanıyan, sevənlər idi. Nümayişə gələ bilməyib, ürəyi bu ailə ilə döyünənlər var idi", - deyə Polad Həşimovun əsgəri əlavə edir.  

© Sputnik / Nigar Iskanderova
Polad Həşimovun anası Səmayə xanım

Bir ölər, min dirilərik

Divardan bizə həm Polad Həşimovun körpəliyi, uşaqlığı, həm də yeniyetməlik, gənclik çağları boylanır. Komandir, general olduğu çağlar... Bir zamanlar geydiyi hərbi mundirlər isə divardan asılı qalıb. Kiçicik foto aparatında, şahmat taxtasında belə xatirələr qoyaraq gedən general... Onun əziz xatirələrinin uyuduğu evin qapısı isə hər zaman Polad Həşimovu sevənlərin üzünə açıqdır.

Sumqayıtda, yaşadığı binanın önündə iyul hadisələrində şəhid olan 12 nəfərin xatirəsi əbədiləşdirilir. Təsadüfi olsa da, belə bir guşənin yaranmasında ustalıq edənlərdən biri də elə Polad Həşimovun əsgəri olub. Bu barədə 2008-ci ildə Daşkəsəndə qulluq etmiş Elvin Rüstəmovla söhbətləşirik: "Karxanada qardaşı ilə tanış oldum. Dedilər ki, usta lazımdır, karxana sahibi məni çağırdı. Sonradan gördüm ki, İlham bəydir, komandirimin qardaşı. Heç düşünməzdim ki, nə zamansa onun üçün belə bir guşənin yaradılmasında iştirak edəcəyəm. Polad Həşimov bir əsgərin çəkdiyi əziyyətdən daha ağırını çəkirdi".

© Sputnik / Nigar Iskanderova
Polad Həşimovun əsgəri Elvin Rüstəmov

Bir insanı görmədən sevmək, heyran olmaq da başqa bir hissdir... Bu gün şəxsiyyətin adını biz küçələrdə, yazılan kitablarda, yeni doğulan, qığıltısı ilə dünyanı sevincə bürüyən körpələrdə görürük - bir ölər, min dirilərik.

Torpağa axan qanı isə Qarabağa dönüşümüz üçün bir cığır açır, o qanla xalq ayağa qalxır, 44 günlük müharibə başlayır və torpaqlarımız işğaldan azad olunur...

Daim qəlbimizdə yaşayacaq generalımız.

Allah rəhmət eləsin!

1815
CoronaVac

TƏBİB-dən vaksinlə bağlı daha bir məlumat

4
(Yenilənib 17:50 29.07.2021)
TƏBİB bildirir ki, bu tibb müəssisəsində peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

BAKI, 29 iyul — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 əleyhinə canlı növbə əsasında vaksinasiyanın davam etdiyini bildirib. TƏBİB-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, COVID-19 əleyhinə vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə "Yeni Klinika" Tibb müəssisəsində peyvəndləmə prosesi davam edir.  Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçirilir. Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Həmçinin oxuyun:

Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB

Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!

QMİ dindarları vaksin olunmağa çağırıb

4
Pandemiya zamanı imtahan

MİQ imtahanları ilə bağlı narazılıqlara aydınlıq gətirildi

3
(Yenilənib 17:40 29.07.2021)
Məktəblərdə həddindən artıq müəllim olduğundan müəllimlərin optimallaşdırılması, onların normal əməkhaqqı alması üçün onların minimum həftə ərzində 18 iş saatı olmalıdır

BAKI, 29 iyul — Sputnik. Bəzən sosial şəbəkələrdə suallar səsləndirilir ki, niyə bu qədər ali təhsilli müəllim təkcə diplomla işə götürülmür və əlavə imtahan olur. Dünyanın bir çox sistemlərində pedaqoji ali təhsil haqqında diplom aldıqdan sonra başqa bir seçim də edilir. Bu məsələ tələb və təklifdən asılıdır.

Sputnik Azərbaycan-ın xəbərinə görə,  bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, bu il üçün 8000-ə yaxın vakansiya var. Nazirlik rəsmisi sovet dövrü təcrübəsindən danışaraq bildirib ki, o dövrdə müəllim olmaq istəyənlər maarif şöbəsində siyahıya yazılırdılar və vakant yer olduqca sıraya uyğun həmin müəllimlər işə götürülürdü: "Artıq bu proses təkmilləşdirilib və MİQ imtahanları keçirilir. İnsanları qıcıqlandıran daha çox iş yerinin olması tələbidir, amma bu, mümkünsüzdür. Biz vakant yerlər üzrə işləyirik".

V.Yaqublu deyir ki, bu günə qədər məktəblərdə həddindən artıq müəllim olduğundan müəllimlərin optimallaşdırılması, onların normal əməkhaqqı alması üçün onların minimum həftə ərzində 18 iş saatını olmalıdır: "Hansısa müəllim təqaüdə çıxır və ya hər hansı səbəbdən işdən çıxırsa bu, başqaları üçün vakant görünə bilər. Amma əslində o müəllimin iş saatları digər müəllimlər arasında bölünür ki, normal əməkhaqqı alsınlar. Bunlar da nəzərə alınmalıdır”.

Qeyd edək ki, müəllimlərin işə qəbul imtahanında istifadə olunan təxminən 5000-ə qədər testin elmi-statistik təhlili aparılıb. Müəyyən olunub ki, 12 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanlarda istifadə olunan testlər digər tarixlərdəki imtahanlardan çətinliyinə görə fərqlənib. Bu səbəbdən həmin günlərdə iştirak edən namizədlər üçün təkrar imtahan müəyyən olunub.

Qeyd edək ki, təkrar imtahanda iştirak etmək üçün namizədlər 30 iyul 23:59-a qədər müraciət edə bilərlər. İndiyə qədər 3000-ə qədər müraciət olub. Ümumilikdə MİQ-də iştirak etmək üçün təxminən 60 minə yaxın şəxs müraciət edib. İndiyə qədər 35 minə qədər namizəd imtahanlarda iştirak edib”.

Həmçinin oxuyun:

Nazir müəllimlərin sertifikasiyası haqda: Proses humanist əsaslarla hazırlanıb

Təhsil naziri müəllimlərin imtahanı ilə bağlı söz verdi

Nazirlik müəllimlərin narazılığına cavab verdi

3