Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev

Nazir müavini: "Orduda kadr islahatları ilə bağlı yeni layihələr hazırlanır"

29
(Yenilənib 17:57 10.07.2021)
Kadrların idarə edilməsi prosesinin təkmilləşdirilməsi, kadr potensialının keyfiyyətinin daha da yüksəldilməsi Müzəffər Ali Baş Komandanın şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların layiqincə yerinə yetirilməsinə xidmət edir.

BAKI, 10 iyul — Sputnik. Müdafiə nazirinin 2021-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışı keçirilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən söz açaraq, kadr orqanı işçilərini bu qələbə münasibətilə bir daha təbrik edib. Nazir müavini Vətən müharibəsində şəhidlik məqamına yüksələnlərin əziz xatirəsini yad edərək, Allahdan onlara rəhmət, qazi və yaralılarımıza şəfa, ailə üzvlərinə səbr diləyib.

Ölkə başçısının Azərbaycan Ordusunda struktur islahatlarının aparılması və onun say tərkibinin artırılması istiqamətində tapşırıqlarına əsasən kadr orqanlarının üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edən general-leytenant K.Vəliyev kadr islahatlarının daha səmərəli aparılması üçün yeni texnologiyalardan istifadə olunacağını bildirib. O, şəxsi heyətin yerləşdirilməsinin, rotasiyasının, kadr islahatlarının daha çevik və səmərəli təşkil olunmasına imkan yaradacaq yeni layihələrin hazırlandığını qeyd edib. Nazir müavini çıxışının sonunda bildirib ki, bu sahədə görülən bütün işlər hərbi qanunvericilik aktlarının tələblərinə uyğun olaraq təşkil olunur.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov ötən il ərzində kadrların komplektləşdirilməsi ilə bağlı görülmüş işlərdən, cari ildə qarşıda duran vəzifələrdən danışıb, kadrların idarə edilməsində əldə olunan nailiyyətlərdən və kadr idarəetmə sisteminin daha da təkmilləşdirilməsindən söz açıb. Vurğulanıb ki, kadrların idarə edilməsi prosesinin təkmilləşdirilməsi, kadr potensialının keyfiyyətinin daha da yüksəldilməsi Müzəffər Ali Baş Komandanın şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların layiqincə yerinə yetirilməsinə xidmət edir.

Sonda tədbirdə çıxış edən hərbi qulluqçular ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması barədə fikirlərini bölüşüblər.

29
Ənvər Əliyev -- AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev açıqlayır

7
(Yenilənib 19:04 26.07.2021)
AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib ki, Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir
Ənvər Əliyev: “Yeraltı sulardan qənaətlə istifadə edilməlidir”

“Quraqlığın əsas mənbəyi planetdə əhalinin sayının artmasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, planetə il ərzində düşən yağıntının miqdarı ortalama 1020 mm, cəmi buxarlanma isə 1000 mm-dir. Nəzərə almalıyıq ki, insan sayı artırsa, enerjiyə, suya olan tələbat da artır.

"O ki qaldı Azərbaycana, ilk növbədə onu deyim ki, suvarma suyunda itkinin qarşısını almaq üçün kanallar mütləq beton olmalıdır. Çünki torpaq kanallar suyu yarıdan çox itkiyə verir. Eyni zamanda çoxillik bitkilər damcı, birillik bitkiləri isə yağış yağdırma üsulu ilə suvarılmalıdırr. Damcı üsulunda hər ağacın dibinə indiqatorlar yerləşdirilməlidir ki, lazımi nəmişlik yaranandan sonra su avtomatik olaraq dayansın. Digər bitkilərin suvarılması da mütləq nəzarət çərçivəsində həyata keçirilməlidir. Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən Böyük Qafqazın cənub yamacı tamamilə çay yataqlarıdır. Bu sulardan səmərəli istifadə üçün müvafiq yerlərdə bəndlər, kiçik anbarlar tikməklə, həmin ərazidəki rayonların su ehtiyacını təmin etmək olar. Bu işlərə təcili başlamaq lazımdır. 15-20 il bundan əvvəl 34 belə su hövzəsinin tikintisi planlaşdırılmışdı, lakin proses çox zəif gedir, hətta demək olar ki, getmir. Eyni zamanda yeraltı sulardan da qənaətlə istifadə edilməlidir”.

Ənvər Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

7

Gün başlanğıcında polisdən xəbərdarlıq

7
(Yenilənib 09:37 27.07.2021)
BDYPİ bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edib.

BAKI, 27 iyul — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Sputnik Azərbaycan bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən güclü küləyin əsəcəyi barədə verilən proqnozla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edib.

"Sürücülər küləkli havada yolun kənarları qapalı olan hissəsindən və tunellərdən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, o cümlədən küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Həmçinin, piyadalar da yolun hərəkət hissəsinə çıxmamaqla yolları və küçələri yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, xüsusilə yeni tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər", - BDYPİ-nin məlumatında deyilir.

Eləcə də oxuyun:

  • FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

  • Xəzər dənizində hava şəraiti ilə bağlı xəbərdarlıq edildi: Dalğalar 7 metrə çatacaq

7
Teqlər:
piyada, avtomobil, külək, hava, müraciət, BDYPİ