Ermənistandakı Azərbaycan irsinin tədqiqatına başlanılıb

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidВид на Ереван
Вид на Ереван - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Nazir bildirib ki, indiki Ermənistan dövlətinin ərazisində yerləşən Azərbaycan mədəni irsinə aid abidələrin tədqiqatına başlanılıb. Onun sözlərinə görə, bunun üçün arxiv sənədlərlə tanışlıq tələb olunur.

BAKI, 8 iyul — Sputnik. "Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra yeni dönəm başlayıb. Zəfər qazanmışıq, lakin beynəlxalq aləmdə təbliğat mübarizəsi davam edir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Tbilisidə azərbaycanlı ictimai və mədəniyyət xadimləri ilə görüşdə deyib. Onun sözlərinə görə, qalib xalqın mədəniyyətinin tanıdılması prosesində dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı rol oynamalı, öz töhfəsini verməlidir.

Nazir deyib ki, Gürcüstandakı soydaşlarımız Azərbaycan mədəniyyəti və incəsənətinin yaşadılması, gələcək nəsillərə ötürülməsi istiqamətində fəallıq göstərirlər və bu, çox mühüm missiyadır, qürurvericidir.

Görüş iştirakçıları azərbaycanlı icmanı mədəniyyət sahəsində qayğılandıran məsələləri qaldırıblar, Borçalı xalçaçılığı, milli rəqslər, muğam sənətinin yaşadılması və digər sahələr üzrə təkliflər səsləndiriblər.

Bundan başqa, nazir bildirib ki, indiki Ermənistan dövlətinin ərazisində yerləşən Azərbaycan mədəni irsinə aid abidələrin tədqiqatına başlanılıb. Onun sözlərinə görə, bunun üçün arxiv sənədlərlə tanışlıq tələb olunur: "Bu istiqamətdə Türkiyə, Gürcüstan və Rusiya arxivlərində işlərin aparılması planlaşdırılır".

Nazir qeyd edib ki, araşdırma nəticəsində Ermənistandakı Azərbaycana məxsus irs nümunələrinin hazırkı vəziyyəti üzə çıxacaq: "Tədqiqatın yekunları beynəlxalq ictimaiyyətə də təqdim olunacaq. Araşdırma ilə bağlı Gürcüstan tərəfi ilə əməkdaşlığa hazırıq".

Mədəniyyət naziri Anar Kərimov Tbilisidə azərbaycanlı icmanın üzvləri ilə görüşdə soydaşlarımızın ana dilində bədii kitabların çatışmazlığı ilə bağlı fikirlərinə münasibət bildirib: "Hər il Azərbaycanda dövlət sifarişi əsasında nəşr olunan kitabların bir qisminin Gürcüstana göndərilməsi məsələsi nəzərdən keçiriləcək. Bunun üçün bu ölkədəki kitabxanalarla bağlı təhlil aparılmalıdır".

Nazir deyib ki, soydaşlarımız gürcü dilini öyrənməli və Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiya etməlidirlər, lakin ana dilini unutmamalıdırlar: "Azərbaycan dilinin ölkə hüdudlarından kənarda da öyrənilməsi və inkişaf etdirilməsi dövlətimizin strateji istiqamətlərindən biridir. Ana dili assimilyasiyadan qoruyan amildir".

O, həmçinin qeyd edib ki, Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgədə Azərbaycan Kitab Evinin yaradılması imkanları araşdırıla bilər: "Bu, icma üzvlərinə azərbaycandilli kitabları yerində əldə etmək imkanı verəcək".

A.Kərimov gələcəkdə Gürcüstanda Azərbaycan incəsənəti məktəbinin yaradılmasının mümkün olduğunu da qeyd edib: "Azərbaycan rəqsləri, xalçaçılıq, muğam dərslərinin tədris olunacağı təhsil ocağı Gürcüstan hökuməti ilə birgə əməkdaşlıqla təsis oluna bilər".

Nazir Gürcüstanın azərbaycanlı rəssamlarının Bakıda sərgisinin təşkili təklifinə də münasibət açıqlayıb: "Rəssamlara ən gözəl dəstək onların sərgisinin keçirilməsidir. Sərginin Bakıda sərgi salonlarından birində təşkilinə dəstək verməyə hazırıq".

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, "SOCAR Energy Georgia" şirkətinin Baş direktoru Mahir Məmmədov də iştirak edib.

A.Kərimov Gürcüstana rəsmi səfəri çərçivəsində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkib, ekspozisiya ilə tanış olub. Nazir həmçinin mədəniyyət ocağının qarşısında ucaldılan Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün büstünü ziyarət edərək önünə gül dəstələri düzüb.

Xəbər lenti
0