Dağ çayı, arxiv şəkli

Zəngilanlı məcburi köçkünlər ayağa qalxdı - Almaniya səfirinə sərt müraciət

50
(Yenilənib 15:25 08.07.2021)
Zəngilanlılar "CRONIMET" şirkətinin fəaliyyətinin təcili dayandırılmasını tələb ediblər və əks halda, ekoloji terror törədən təşkilat və Almaniya ilə əlaqədar beynəlxalq məhkəmələrə müraciət edəcəklərini bildiriblər.

BAKI, 8 iyul — Sputnik. Zəngilan rayonundan olan məcburi köçkünlər Almaniyanın "CRONIMET" şirkəti ilə bağlı tədbir görülməsi üçün bu ölkənin Azərbaycandakı səfiri Volfqanq Maniqə müraciət ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir: "Biz, Zəngilan rayonundan olan məcburi köçkünlər sizə doğma yurd yerimizdə Ermənistanın işğalı zamanı törədilən ekoloji terrorla əlaqədar müraciət edirik. Biz 30 ilə yaxın müddətdə Azərbaycanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmışıq. Bir an da olsa doğma yurd-yuvamıza qayıdacağımıza inamımızı itirməmişik. Ötən ilin sentyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi, o cümlədən bizim məcburi köçkün düşdüyümüz Zəngilan rayonunu işğaldan azad edib.

Qazandığımız Qələbə böyükdən-kiçiyə hər birimizdə böyük ruh yüksəkliyi yaratdı, tezliklə əvvəlki yaşayış yerlərimizə qayıdacağımız günü gözləyirik. Amma Zəngilanın ekoloji terrora məruz qalması bizdə məyusluq yaradır. Zəngilanlılar Oxçuçaydan həm suvarma, həm də ətrafında istirahət etmək, orada balıq tutmaq üçün istifadə ediblər.

İndi Ermənistanın çayın mənbəyində yerləşən Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatlarının toksik tullantıları, eyni zamanda, həmin şəhərlərin məişət-çirkab suları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Ermənistanda mədənçıxarma sahəsi üzrə fəaliyyət göstərən Almaniyanın "CRONIMET" şirkəti ekostandartlara riayət etmir, nəticədə yalnız Zəngilan rayonu üçün deyil, ətraf regionlar üçün də ekoloji terror təhlükəsi yaranır.

Yaranmış problem çaydan suvarma məqsədilə istifadəni qeyri-mümkün edir, balıqlar kütləvi şəkildə məhv olur. Biz - 30 ilə yaxın bir müddətdə yurd həsrəti ilə yaşayan zəngilanlılar ata-baba torpaqlarımızda törədilən bu terrorun dayandırılmasını tələb edirik. Ekoloji standartlar ölkəsi olan Almaniyanı digər ölkələr üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olan "CRONIMET" şirkətinə qarşı təcili tədbir görməyə çağırırıq.

Biz - bu müraciəti imzalayan zəngilanlılar "CRONIMET" şirkətinin fəaliyyətinin təcili dayandırılmasını tələb edirik. Əks halda, ekoloji terror törədən təşkilat və Almaniya ilə əlaqədar beynəlxalq məhkəmələrə müraciət edəcəyik".

Məktubu Zəngilanın erməni silahlı birləşmələri tərəfindən işğalı nəticəsindən rayondan didərgin düşmüş 100-dən çox məcburi köçkün imzalayıb.

Oxçuçay problemi

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı iyunun 29-da bildirib ki, Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70%-i qonşu ölkələrdə formalaşır, transsərhəd su axınları hesabınadır. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır.

Nazirlik rəsmisi bildirib ki, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır: "Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər".

"Heç kəsə sirr deyil ki, çay suyunun ağır metal və duzlarla çirklənməyə məruz qalması, mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində formalaşan və birbaşa çay hövzəsinə axıdılan tullantı suları hesabına baş verir. Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik vilayətində, Oxçuçay çayının mənbəyində (Ermənistanda Voqji çayı adlanır) yerləşməsi onun bu mənbələr hesabına çirklənmə faktını təsdiq etməyə əsas verir.

Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə - mədə-bağırsaq traktının pozğunluqlarına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərinin pozulması problemlərinə yol aça bilir", - deyə E.Qarabağlı əlavə edib.

O vurğulayıb ki, ekoloqlar işğaldan azad edilən Zəngilan rayonu ərazisindən axan yerli çaylarda monitorinqlər aparıblar: "Oxçuçaydan bu ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Nazirliyin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel - 7 dəfə normadan yüksək olub, çayın rəngi çirklənmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın kütləvi ölümü qeydə alınıb".

Heyrətə salan rəqəmlər

Aparılan monitorinqlər nəticəsində çay suyunda müxtəlif vaxtlarda – bol sulu və az sulu dövrlərdə ümumilikdə ağır metallar ilin bütün fəsillərində normadan dəfələrlə artıq olub. Bununla bağlı qeydə alınan faktların bəzilərini təqdim edirik:

- 09.01.2021 tarixində: nikel normaldan 7,1 dəfə çox olub.

- 28.01.2021 tarixində: manqan 3,6 dəfə, dəmir 4,6 dəfə, nikel 5,7 dəfə, kadmium 3,5 dəfə, ammonium 1,6 dəfə, qurğuşun 1,3 dəfə, sink 1,2 dəfə, molibden normadan 2,5 dəfə çox olub.

- 05.02.2021 tarixində: manqan 2 dəfə, dəmir 3,5 dəfə, nikel 3,6 dəfə, molibden normadan 1,7 dəfə çox olub.

- 09.02.2021 tarixində: dəmir normadan 1,8 dəfə, molibden 1,4 dəfə, manqan 1,9 dəfə çox olub.

- 26.02.2021 tarixində: manqan 3,2 dəfə, dəmir 5,2 dəfə, nikel 1,4 dəfə, molibden normadan 1,3 dəfə çox olub.

- 04.03.2021 tarixində: dəmir 2,8 dəfə, manqan normadan 3,6 dəfə çox olub.

- 10.05.2021 tarixində: dəmir 1,8 dəfə, kadmium normadan 1,4 dəfə çox olub.

- 21.05.2021 tarixində: dəmir normadan 2 dəfə çox olub.

- 07.06.2021 tarixində: ağır metallardan olan dəmir normandan 1,1 dəfə çox olub.

- 14.06.2021 tarixində: transsərhəd mənbədən götürülən su nümunəsindəki dəmirin miqdarı 2,2 dəfə, Zəngilan şəhərində alınan su nümunəsində dəmirin miqdarı 1,5 dəfə, manqanın miqdarı 1,1 dəfə normadan çox olub.

Şöbə müdirinin sözlərinə görə, martın 7-də Oxçuçay çayının Zəngilanın Şayıflı və Cahangirbəyli kəndlərindəki hissəsində aparılan vizual monitorinq zamanı Azərbaycanın "Qırmızı kitab"ına daxil edilən 227 kiçik qızılxallı balıq və 330 şirbit balıqlarının kütləvi ölümü müşahidə edilib: "Balıqların ölümünə səbəb çayın suyundakı dəmir, mis, nikel, molibden və digər ağır metalların çoxluğu olub.

Suyun analizini də Almaniya şirkəti aparıb

Çayın suyu və dib çöküntüləri nümunəsinin təhlilləri nazirliyin sifarişi əsasında Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunan və sertifikatlaşdırılmış SGS laboratoriyasında aparılıb ("Societe General de Survelliance Azeri Ltd" LLJ ilə müqavilə əsasında). Oxçuçay çayından götürülən su nümunələrinin sınaq nəticələri çay səthindəki sularda ağır metalların, xüsusən dəmir, mis, manqan, molibden, sink, xrom, nikel və digərlərinin yüksək miqdarda olduğunu aşkar edib, hətta çöküntü nümunələrində təhlükəli maddələrin konsentrasiyasının normadan dəfələrlə artıq olduğu müəyyən edilərək, çayın çirklənmə səviyyəsinin kritik olduğu aşkar edilib".

E.Qarabağlı vurğulayıb ki, çayların böyük bir hissəsinin Azərbaycan ərazisinə axdığı Ermənistan hələ də Transsərhəd su hövzələrinə dair Helsinki Konvensiyasına qoşulmayıb: "1992-ci ildə Helsinki (Finlandiya) şəhərində qəbul edilmiş bu beynəlxalq sənəd transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır. Bunu nəzərə alaraq nazirlik Oxçuçayın ekoloji böhranı və kritik vəziyyəti, o cümlədən Ermənistan tərəfindən davamlı çirkləndirilməsi baxımından çay və onun ekosistemi üçün gözlənilən ekoloji risklər barədə məlumatlandırma və çirklənmənin qarşısının alınması məqsədilə beynəlxalq təşkilatlara müraciət edib.

Bütün dünyaya çağırış

Bununla əlaqədar UNEP-in Avropa Ofisinin direktoru Bruno Pozziyə, UNECE-nin icraçı katibi Olga Algayerovaya göndərilən məktublarda Oxçuçayın ekoloji böhran vəziyyətində olması və məsələnin ciddiliyi barədə məlumat verilib, Ermənistan tərəfindən bölgənin unikal ekosisteminin dönməz məhvinə səbəb olan transsərhəd çirklənmənin qarşısını almağa çağırış edilib.

Oxçuçayın ekoloji deqradasiyası barədə və Ermənistanın belə davamlı çirkləndirmə fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələbi ilə UNECE-nin Konvensiya katiblərinə - Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi üzrə Katib cənab Sonja Koeppelə, eləcə də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyanın Katibi xanım Tea Aulavuoya da müvafiq müraciətlər edilib.

Eyni zamanda, İran İslam Respublikası Ətraf Mühit İdarəsinin Rəhbəri İsa Kalantariyə hər iki ölkənin ətraf mühitinə təsir edən bu mənfi transsərhəd təsirin qarşısının alınması üçün ortaq hərəkətlərin zəruriliyini əks etdirən məktub göndərilib. Eyni zamanda bu problemin birlikdə həll olunmasına xidmət edəcək ortaq işçi qrupun yaradılması təklif edilib.

Nazirlik beynəlxalq təşkilatlarla yanaşı Alman Bundestaqına, Yaşıllar fraksiyası nümayəndələrinə müraciət edərək Almaniyanın "Kronimet Holding" şirkətinin əsas səhmdarı olduğu Qacaran mədənini işlədən "Zəngəzur Mis Molibden Zavodu"nun ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə törədən fəaliyyətinə diqqəti yönəltməyə dəvət edib.

Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin sədri Sylvia Kotting-Uhla, Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin spikeri Steffi Lemkeye və Alman Bundestaqında Yaşıllar Fraksiyasının Ətraf Mühit Siyasəti üzrə sözçüsü Bettina Hoffmanna müvafiq müraciətlər və məktublar ünvanlanıb.

Məktublarda nazirlik tərəfindən Alman hökuməti, vətəndaş cəmiyyəti və ictimaiyyətinin bu məsələyə tezliklə münasibət bildirməsinə dair gözləntilər ifadə edilib. Bununla yanaşı məktublarda Ermənistandakı çoxsaylı ekoloji təşkilatların da Oxçuçayın Ermənistan ərazisində ciddi çirklənməyə məruz qalması ilə əlaqədar qaldırdıqları narahatlıqlar, erməni media mənbələrindən faktlar da təqdim edilib".

Qeyd edək ki, Araz çayının sol qolu olan Oxçuçay çayının uzunluğu 83 km, sahəsi 1,175 km2-dir. Mənbəyini Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Çayın böyük hissəsi Ermənistanın Sünik bölgəsində (Azərbaycanın Zəngəzur adlanan tarixi bölgəsidir) yerləşir, aşağı məcrası erməni işğalından azad edilmiş Zəngilan rayonu ərazisindən axaraq Araz çayına tökülür. Əsas axınını qar (46%), yağış (10%) və yeraltı (44%) sular formalaşdırır. Orta illik su axını 10 m3/san, orta illik həcmi 315 milyon m3-dir. İllik axının 40%-i yaz dövründə, 43%-i yayda, 10%-i payızda, 7%-i qış mövsümündə formalaşır.

50
Ənvər Əliyev -- AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev açıqlayır

5
(Yenilənib 19:04 26.07.2021)
AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib ki, Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir
Ənvər Əliyev: “Yeraltı sulardan qənaətlə istifadə edilməlidir”

“Quraqlığın əsas mənbəyi planetdə əhalinin sayının artmasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, planetə il ərzində düşən yağıntının miqdarı ortalama 1020 mm, cəmi buxarlanma isə 1000 mm-dir. Nəzərə almalıyıq ki, insan sayı artırsa, enerjiyə, suya olan tələbat da artır.

"O ki qaldı Azərbaycana, ilk növbədə onu deyim ki, suvarma suyunda itkinin qarşısını almaq üçün kanallar mütləq beton olmalıdır. Çünki torpaq kanallar suyu yarıdan çox itkiyə verir. Eyni zamanda çoxillik bitkilər damcı, birillik bitkiləri isə yağış yağdırma üsulu ilə suvarılmalıdırr. Damcı üsulunda hər ağacın dibinə indiqatorlar yerləşdirilməlidir ki, lazımi nəmişlik yaranandan sonra su avtomatik olaraq dayansın. Digər bitkilərin suvarılması da mütləq nəzarət çərçivəsində həyata keçirilməlidir. Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən Böyük Qafqazın cənub yamacı tamamilə çay yataqlarıdır. Bu sulardan səmərəli istifadə üçün müvafiq yerlərdə bəndlər, kiçik anbarlar tikməklə, həmin ərazidəki rayonların su ehtiyacını təmin etmək olar. Bu işlərə təcili başlamaq lazımdır. 15-20 il bundan əvvəl 34 belə su hövzəsinin tikintisi planlaşdırılmışdı, lakin proses çox zəif gedir, hətta demək olar ki, getmir. Eyni zamanda yeraltı sulardan da qənaətlə istifadə edilməlidir”.

Ənvər Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

5

Gün başlanğıcında polisdən xəbərdarlıq

6
(Yenilənib 09:37 27.07.2021)
BDYPİ bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edib.

BAKI, 27 iyul — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Sputnik Azərbaycan bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən güclü küləyin əsəcəyi barədə verilən proqnozla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edib.

"Sürücülər küləkli havada yolun kənarları qapalı olan hissəsindən və tunellərdən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, o cümlədən küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Həmçinin, piyadalar da yolun hərəkət hissəsinə çıxmamaqla yolları və küçələri yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, xüsusilə yeni tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər", - BDYPİ-nin məlumatında deyilir.

Eləcə də oxuyun:

  • FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

  • Xəzər dənizində hava şəraiti ilə bağlı xəbərdarlıq edildi: Dalğalar 7 metrə çatacaq

6
Teqlər:
piyada, avtomobil, külək, hava, müraciət, BDYPİ