Ağdamda günəş enerjisi ilə işləyən artezian quyuları qazılacaq

© Sputnik / Irade JELILArtezian su quyularını qazmaq üçün düzəldilən maşın
Artezian su quyularını qazmaq üçün düzəldilən maşın - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib ki, Ağdam üçün nəzərdə tutulan su mənbələri rayonun su təminatı ilə bağlı tələblərə tam cavab vermir. 

BAKI, 6 iyul — Sputnik. Ağdamda yeraltı su mənbələrindən istifadə olunacaq. Bunun üçün subartezian quyularının qazılması nəzərdə tutulur. Ayrıca bu quyular enerjiyə qənaət olunmaqla, günəş enerjisi ilə işləyəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. O bildirib ki, Ağdam üçün nəzərdə tutulan su mənbələri rayonun su təminatı ilə bağlı tələblərə tam cavab vermir. 

İşğaldan azad edilən Ağdam şəhərinin yenidən qurulması istiqamətində böyük layihələr həyata keçirilir. Dövlətin bütün qurumları Ağdam şəhərinin yenidən salınmasında bütün konstruktiv həlləri icra etməkdədirlər. Bu gün Ağdama səfər edən Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri həmçinin  Ağdam şəhərinin su təminatı, həm də enerji təminatı ilə bağlı müzakirələr aparıblar.

© Sputnik / Emin AlisahibEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Rəisi Əli Əliyev
Ağdamda günəş enerjisi ilə işləyən artezian quyuları qazılacaq - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Rəisi Əli Əliyev

Əli Əliyevin sözlərinə görə, Ağdam şəhəri elə bir regionda yerləşir ki, burada rayonun hidroloji şəraitini formalaşdıran iki çay - Xaçınçay və Qarqarçay mövcuddur.

"Xaçınçayın orta illik su sərfi saniyədə 1.7 kubmetrdir. Qarqarçayda isə saniyədə 1,28 kubmetrdir. Bu resurslar əslində Ağdam şəhərini və eləcə də Ağdam rayonunun suvarma şəbəkəsi sistemini təmin etməyə yetmir. Ona görə də biz bu gün təklif edirik ki, Qarabağımızın yeraltı su yataqları üzərində yerləşən Ağdam rayonu ərazisində eyni zamanda artezianla, subartezian quyularının qazılmasına ehtiyac var və bu icra olunsa, yaxşı olar", - Əliyev deyib.

Müsahibimiz subartezian quyularının enerji sərfiyyatı məsələsinə də toxunub. Qeyd edib ki, sözügedən quyuların istismarının böyük enerji tələb etdiyi danılmazdır. Amma bütün hallarda daha təhlükəsiz su mənbələrinin mənimsənilməsi və Ağdam şəhərinin 100 min nəfər əhalisinin su ilə təchizatı üçün yeraltı sulara ehtiyac var:

"Artıq formalaşmış iki mənbədən su götürürük. Yəni "Qarqarçay -1", "Qarqarçay-2" sugötürücü hövzələrdən Ağdam şəhəri üçün tələb olunan bir günə 33 min kub su ehtiyatını almaq mümkündür. Çünki bu iki sugötürücünün cəmi resursu 40 min kub üzərindədir. Deməli, buradan istehlak olunan su eyni zamanda içmək üçün deyil, həm də suvarma sistemlərinin qurulmasında da istifadə edilə bilər. Digər tərəfdən, biz bu gün alternativ enerji qurumlarının nümayəndələri ilə birgə müzakirələr apardıq. Böyük enerji sərfiyyatını nəzərə alaraq, Ağdam rayonu ərazisində qazılacaq artezian quyularında da artıq günəş enerjisindən istifadə edilməsi məqsədəuyğun sayıldı. Təbii ki, bu da Ağdam rayonu və şəhərinin dinamik və davamlı su təminatına imkan verəcək". 

Qeyd edək ki,  Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başa çatıb.

Xəbər lenti
0