Sahibə Qafarova Macarıstan Diplomatik Akademiyasında

Qafarova Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb

18
Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstan Diplomatik Akademiyasında olub

BAKI, 1 iyul — Sputnik. Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstan Diplomatik Akademiyasında keçirilən tədbirdə iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova ilə Macarıstanın Dövlət katibi – Macarıstan Diplomatik Akademiyasının prezidenti Orsolya Pacsay Tomassiç arasında görüş olub.

Sonra Milli Məclisin Sədri Macarıstan Diplomatik Akademiyasında keçirilən konfransda çıxış edib. Spiker tədbir iştirakçılarına Azərbaycanın keçdiyi tarixi yol barədə məlumat verib, minillik tarixə malik dövlətçilik ənənələrimizdən danışıb.

Azərbaycan və Macarıstan arasında münasibətlərə toxunan Milli Məclisin sədri qeyd edib ki, Macarıstan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Gələn il diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik. Ortaq tarixi köklərə və oxşar tarixi taleyə malik olan xalqlarımız arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri, görüşlər və indiyədək imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. İqtisadi əlaqələrimiz günbəgün genişlənir.

© Photo : © Photo: Milli Majlis
Sahibə Qafarova Macarıstan Diplomatik Akademiyasında

Daha sonra parlamentlərarası əməkdaşlığa toxunan Sahibə Qafarova qeyd edib ki, bu səviyyədə təmaslar dövlətlərarası əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. İnanıram ki, parlamentarilərimiz mövcud əməkdaşlıq ənənəsini Parlamentlərarası Birlik, AŞPA, ATƏT PA, NATO PA, eləcə də Avropa Parlamenti və digər beynəlxalq parlament təşkilatları çərçivəsində davam etdirəcəklər.

Çıxışında TÜRKPA-nın fəaliyyətini xüsusi qeyd edən spiker Macarıstanın həmin qurum çərçivəsində Türk dünyası ilə artan əməkdaşlığı təşviq etməsindən məmnunluğunu ifadə edib.

Spiker qeyd edib ki, son illərdə Azərbaycanın təşəbbüsü ilə genişmiqyaslı qitələrarası enerji və nəqliyyat layihələri uğurla həyata keçirilib. Sahibə Qafarova bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi barədə danışıb.

© Photo: Milli Majlis
Sahibə Qafarova Macarıstan Diplomatik Akademiyasında çıxış edir

Azərbaycan parlamentinin rəhbəri ərazilərimizin 30 il müddətində Ermənistan tərəfindən işğalda saxlanmasının uzun illər Qafqazda regional inkişafa və inteqrasiyaya əsas maneə olduğunu vurğulayıb. Spiker ötən il Azərbaycanın öz hərbi-siyasi imkanları hesabına erməni işğalına son qoyduğunu bildirib. O, təəssüflə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi üç onillik ərzində kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan özü bu qərarların icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi.

Sahibə Qafarova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tarixi torpaqları olan Qarabağı tamamilə azad etdi və Ermənistanı 10 noyabr 2020-ci ildə təslim aktını imzalamağa məcbur etdi. Spiker Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərinə görə Macarıstan hökumətinə və macar həmkarlarına təşəkkürünü bildirib. İşğal dövründə erməni vandallarının şəhər və kəndlərimizə vurduqları ziyandan danışıb, onların tarixi-mədəni abidələrimizi məhv etdiklərini bildirib, məscidlərimizi dağıtdıqlarını, milli sərvətlərimizi talan etdiklərini macar ictimaiyyətinin diqqətinə çatdırıb. Milli Məclisin sədri məlumat verib ki, Azərbaycan artıq azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb.

© Photo: Milli Majlis
Sahibə Qafarova Macarıstan Diplomatik Akademiyasında

S.Qafarova xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyon qaçqın və məcburi köçkünümüz var. Onlar öz evlərinə qayıtmalıdırlar. Biz məcburi köçkünlərin təhlükəsizliyini təmin etməliyik. Ancaq bu yolda çoxlu maneələr var, - deyən Milli Məclisin sədri ilk növbədə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməli olduğunu vurğulayıb. Qeyd edib ki, Ermənistan azad edilmiş torpaqlarımızdakı minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bunun nəticəsində Azərbaycan vətəndaşı olan hərbi qulluqçu və mülki şəxslər, o cümlədən jurnalistlər mina partlaması nəticəsində yaralanıb və ya həlak olublar. O, bir daha beynəlxalq ictimaiyyəti Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb.

Milli Məclisin Sədri Ermənistanın uydurma "hərbi əsirlər" iddiasına da diqqət çəkərək, onların işğaldan azad olunmuş ərazilərdə törətdikləri təxribatlardan, hərbi cinayətlərdən danışıb, erməni tərəfinin 3 tərəfli bəyanata əməl etməyərək sərhəddə təxribatçı əməllərə əl atdığını söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, Azərbaycan bölgədə sülh və sabitlik arzulayır. Azərbaycan bunun üçün bütün lazımı addımları atır və atmağa davam edəcək.

Milli Məclisin nümayəndə heyətinin Macarıstan səfəri

İyunun 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərinə gəlib.

© Photo: Milli Majlis
Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstan Diplomatik Akademiyasında

“Budapeşt Liszt Ferenc” hava limanında nümayəndə heyətimizi Macarıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Atilla Tilki, Macarıstan parlamentinin Parlamentlərarası əlaqələr üzrə departamentinin rəhbəri Layoş Kohari, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin birinci müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Kamilə Əliyeva, Elman Nəsirov, Asim Mollazadə, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

18
Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov Levon Aronyan yenidən eyni turnirdə oynayacaqlar

0
Yüz min ABŞ dolları mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də start götürəcək.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanın aparıcı şahmatçısı planetin ən gənc qrossmeysterinin də yarışacağı, mükafat fondu yüz min dollar olan onlayn turnirdə iştirak edəcək.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenidən Ermənistan şahmatçısı Levon Aronyanla bir lövhə arxasına əyləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, adı çəkilən şahmatçılar hazırkı dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə təşkil olunmuş "Champions Chess Tour"-un növbəti turniri çərçivəsində qarşılaşacaqlar.

Yüz min dollar mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də başlayacaq.

Son dəfə Azərbaycan və Ermənistanlı şahmatçılar Zaqrebdə (Xorvatiya) Grand Chess Tour yarışmasında klassik şahmat üzrə əyani turnir çərçivəsində qarşılaşıblar. Həmin turnirdə Məmmədyarov nəinki Aronyanı məbluğ edib, həmçinin turnirin qalibi olub.

“Chessable Masters”-in iştirakçıları

Məmmədyarov və Aronyandan başqa, turnirin digər iştirakçıları arasında Xikaru Nakamura və Uesli So, rusiyalı Vladislava Artyomyeva, tarixin ən gənc qrossmeysteri 12 yaşlı Abximanyu Mişra (ondan əvvəl dünyanın ən gənc qrossmeyster adını rusiyalı Sergey Karyakin daşıyırdı), qadınlar arasında dünya çempionu Yuy Venyun və planetin digər ən güclü şahmatçılarını da qeyd etmək olar. Ümumilikdə turnirdə 16 şahmatçı iştirak edəcək.

Azərbaycan şahmatçıları çempionlar turunda

Çempionlar turunda Şəhriyar Məmmədyarov 21 xalla 11-ci yerdədir. Öz növbəsində “Chessable Masters”-də oynamayan digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbli 133 xal toplayaraq üçüncü yeri qazanıb və seriyanın final turnirinə vəsiqə alıb.

291 xalla dünya çempionu Maqnus Karlsen liderdir, ikinci yeri isə 207 xal toplayan Uesli So tutur.

0
 Azərbaycan Respublikasının Baş Prokurorluğu

Prokurorluq atılan yenidoğulmuşla bağlı araşdırma apardı - Nəticələr var

5
Ana ilə profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

BAKI, 29 iyul — Sputnik. Ağcabədi rayonunda tapılmış yeni doğulmuş körpə ilə bağlı prokurorluq tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.  

Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası - Bərdə rayon sakini müəyyən edilib, onunla profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

Qeyd edək ki, bir neçə gün öncə kütləvi informasiya vasitələrində və sosial media səhifələrində 22 iyul 2021-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpənin tapılması ilə bağlı məlumat paylaşılmışdı.

Xatırladaq ki, bu ay ərzində bir neçə belə hal aşkarlanıb. Belə ki, bundan öncə Sumqayıtda və Ucarda da yenidoğulmuş körpələr küçəyə atılmış vəziyyətdə aşkarlanıblar.

Həmçinin oxuyun:

Yeni doğulmuş körpəni Şəhidlər xiyabanına atdılar

Yeni doğulan körpələrinizi mütləq eşitmə testindən keçirin, sonra gec ola bilər

Rusiyada yeni doğulanların sayı 25% azalıb

5