Roshen konfeti

Ukrayna eks-prezidentinin Azərbaycana göndərdiyi konfetlər yararsız çıxıb

1650
(Yenilənib 17:41 29.06.2021)
Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələklərinin miqdarının normadan çox olduğu aşkar edilib.

BAKI, 29 iyun — Sputnik. Azərbaycanlıların sevə-sevə yediyi, Ukraynanın "Roshen" firmasına məxsus konfetlərin istehlaka yararsız olduğu aşkarlanıb. Bu barədə məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb. 

Məlumatda bildirilir ki, AQTA tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Ukraynada istehsal olunan və "Azroşen" MMC tərəfindən ölkəmizə idxal edilən "Roshen" əmtəə nişanlı karamel məhsuluna müfəttişlər tərəfindən baxış keçirilib.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələklərinin miqdarının normadan çox olduğu aşkar edilib. İdxal olunan məhsulun texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, istehlak üçün yararsız olduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 8,3 ton karamel məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.

Qeyd edək ki, "Roshen" Ukraynanın qənnadı korporasiyasıdır. Dünyanın ən böyük 30 qənnadı şirkətlərindən biridir. Şirkətin əsas ofisi Ukraynanın paytaxtı Kiyevdədir. Şirkətin məhsulları dünyanın 30-dan artıq ölkəsində satılır.

"Roshen" şirkətinin rəhbəri Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkodur.

1650
Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov Levon Aronyan yenidən eyni turnirdə oynayacaqlar

0
Yüz min ABŞ dolları mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də start götürəcək.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanın aparıcı şahmatçısı planetin ən gənc qrossmeysterinin də yarışacağı, mükafat fondu yüz min dollar olan onlayn turnirdə iştirak edəcək.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenidən Ermənistan şahmatçısı Levon Aronyanla bir lövhə arxasına əyləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, adı çəkilən şahmatçılar hazırkı dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə təşkil olunmuş "Champions Chess Tour"-un növbəti turniri çərçivəsində qarşılaşacaqlar.

Yüz min dollar mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də başlayacaq.

Son dəfə Azərbaycan və Ermənistanlı şahmatçılar Zaqrebdə (Xorvatiya) Grand Chess Tour yarışmasında klassik şahmat üzrə əyani turnir çərçivəsində qarşılaşıblar. Həmin turnirdə Məmmədyarov nəinki Aronyanı məbluğ edib, həmçinin turnirin qalibi olub.

“Chessable Masters”-in iştirakçıları

Məmmədyarov və Aronyandan başqa, turnirin digər iştirakçıları arasında Xikaru Nakamura və Uesli So, rusiyalı Vladislava Artyomyeva, tarixin ən gənc qrossmeysteri 12 yaşlı Abximanyu Mişra (ondan əvvəl dünyanın ən gənc qrossmeyster adını rusiyalı Sergey Karyakin daşıyırdı), qadınlar arasında dünya çempionu Yuy Venyun və planetin digər ən güclü şahmatçılarını da qeyd etmək olar. Ümumilikdə turnirdə 16 şahmatçı iştirak edəcək.

Azərbaycan şahmatçıları çempionlar turunda

Çempionlar turunda Şəhriyar Məmmədyarov 21 xalla 11-ci yerdədir. Öz növbəsində “Chessable Masters”-də oynamayan digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbli 133 xal toplayaraq üçüncü yeri qazanıb və seriyanın final turnirinə vəsiqə alıb.

291 xalla dünya çempionu Maqnus Karlsen liderdir, ikinci yeri isə 207 xal toplayan Uesli So tutur.

0
 Azərbaycan Respublikasının Baş Prokurorluğu

Prokurorluq atılan yenidoğulmuşla bağlı araşdırma apardı - Nəticələr var

5
Ana ilə profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

BAKI, 29 iyul — Sputnik. Ağcabədi rayonunda tapılmış yeni doğulmuş körpə ilə bağlı prokurorluq tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.  

Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası - Bərdə rayon sakini müəyyən edilib, onunla profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

Qeyd edək ki, bir neçə gün öncə kütləvi informasiya vasitələrində və sosial media səhifələrində 22 iyul 2021-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpənin tapılması ilə bağlı məlumat paylaşılmışdı.

Xatırladaq ki, bu ay ərzində bir neçə belə hal aşkarlanıb. Belə ki, bundan öncə Sumqayıtda və Ucarda da yenidoğulmuş körpələr küçəyə atılmış vəziyyətdə aşkarlanıblar.

Həmçinin oxuyun:

Yeni doğulmuş körpəni Şəhidlər xiyabanına atdılar

Yeni doğulan körpələrinizi mütləq eşitmə testindən keçirin, sonra gec ola bilər

Rusiyada yeni doğulanların sayı 25% azalıb

5