Şadlıq evi, arxiv şəkli

Toyda oynayanda maska taxmaq lazımdır, ya yox? DİN aydınlıq gətirdi

3752
(Yenilənib 11:31 29.06.2021)
Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev toyda oynayarkən maska taxmaqla bağlı ictimaiyyətdə yaranan anlaşılmazlığa münasibət bildirib.

BAKI, 29 iyun — Sputnik. 50 nəfərlik toylarda oynayarkən maska taxmaq zəruri deyil. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. Qurum rəsmisi bildirib ki, 50 nəfərə qədər tədbirlərdə, yəni, toy, nişan, ad günü və digər mərasimlərdə tibbi maska tələbi mütləqdir:

"Həmin mərasimlərdə COVİD pasportu və immunitet sertifikatı tələb olunmadığına görə, mütləq qaydada tibbi maskadan istifadə edilməlidir. Çünki həmin məkanda yoluxma riski yüksəkdir, orada COVİD daşıyıcıları ola bilər. Bütün bu ehtimallar, eləcə də ÜST və digər ölkələrin təcrübəsi nəzərə alınaraq belə bir qərar verilib ki, vətəndaşlarımızı maksimum dərəcədə bu təhlükədən qoruyaq. Hər birimiz ciddi qaydada bu tələblərə riayət etməliyik. 50 nəfərdən 150 nəfərə qədər olan mərasimlərdə isə maska tələbi yoxdur. Çünki məkana daxil olan şəxs mütləq qaydada nəzarətdən keçir və COVİD pasportunu göstərir".

Qeyd edək ki, 2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılıb. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir.

Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq.

Restoran və şadlıq evlərinin personalının 80%-nin koronavirus immuniteti barədə sertifikatı olmalı, onlar mütləq maska taxmalıdırlar (musiqiçilər istisna olmaqla). 50-150 nəfərlik mərasimlərdə qaydalara riayət olunmasının monitorinqi Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunub.

3752
İvan Tixonov

On nəfərə bir qələbə: Azərbaycanlı idmançıların Tokioda ilk günü

12
Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir.

BAKI, 24 iyul - Sputnik. Tokio Yay Olimpiya Oyunlarının ilk yarış günü azərbaycanlı idmançılar üçün uğursuz keçdi. Sputnik Azərbaycan bildirir ki, onlardan yalnız biri uğurlu start götürə bilib.

Cüdo

İlk məyusedici xəbərlər cüdodan gəldi. Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk pillələrdən yarışdan ayrıldılar. Hüseynov öncə britaniyalı Eşli Makkenzini udub, gürcü Luxumi Çxvmianiyə uduzdusa, Qurbanova elə ilk görüşündəcə Katarina Koştaya (Portuqaliya) məğlub oldu.

Veloyürüş

Vaxtından əvvəl yarışı dayandıranlardan biri də velosipedçi Elçin Əsədov oldu. 234 km-lik şosse yürüşünün, demək olar ki, yarısını keçəndən sonra yıxıldı. 

Güllə atıcılığı

Snayperimizi Ruslan Lunyov da uğursuzluğa düçar oldu. 10 metrlik məsafəyə pnevmatik tapançadan atəşdə 20-ci yerə düşərək finala çıxa bilmədi. Ancaq birinci gün çıxış edən idmançılarımızın çoxundan fərqli olaraq, Lunyov hələ Oyunlarda iştirakını yekunlaşdırmayıb - 25 m-lik məsafəyə xırda kaliberli tapançadan atəş yarışında da qüvvısini sınayacaq. 

Üzgüçülük

 

Üzgüçülərimiz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah Tokiodakı Olimpiadada uğursuz çıxış ediblər.

400 m məsafədə kompleks üzgüçülükdə çıxış edən Şemberev 4:19.40 dəqiqə nəticə ilə çıxışını yekunlaşdırıb. O, öz yarımqrupunda sonuncu - səkkizinci yer tutub. Ümumi sıralamada isə 29 iştirakçı arasında 26-cı ola bilib. Yarımfinala çıxa bilməyən Şemberev Olimpiadadakı işini yekunlaşdırıb.

Şemberev üçün bu, ikinci Olimpiadadır. 2012-ci ildə Londonda o, Ukrayna bayrağı altında çıxış edirdi.

100 m məsafədə batterflyay üsulu ilə yarışda Məryəm Şeyxəlizadəxangah finişə 1:01,37 dəqiqə nəticə ilə çataraq, üç nəfərdən ibarət yarımqrupda birinci olub. Yekun hesabda isə 33 yarışçı arasında 30-cu olub və o da Tokiodakı çıxışını bitirib.

 

Məryəmdən kimsə nəticə gözləmirdi, o, Beynəlxalq Federasiyanın kvotası ilə Olimpiadaya gəlib, Şemberev isə lisenziya normativini yerinə yetirmişdi və ən azı, onun yarımfinala çıxacağına ümid edirdik.

Boks

İdman həvəskarlarına ən böyük məyusluğu isə boks yarışları yaşatdı. Titullu idmançı, Riodakı 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayordan (69 kq), heç olmasa, medallar uğrunda mübarizə gözlənilirdi, birinci dövrədən kənarda qalmaq yox. O isə 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzdu. Görüşü üçüncü raundda Sotomayorun zədəsi səbəbindən (qanaxma) saxladılar, ancaq Azərbaycan yığmasının kubalı legioneri üçün qələbə ümidi heç yox idi də: ilk iki raundu o uduzmuşdu.

57 kq çəki dərəcəsində çıxış edən boksçumuz - Tayfur Əliyev növbəti mərhələyə adlamağa layiq idi. Çünki 1/16 mərhələdə Vyetnam təmsilçisi Duaonq Van Nquenə qarşı yaxşı döyüşürdü. Ancaq hakimlər mübahisəli qərar verərək qələbəni vyetnamlının adına yazdılar (2:3).

 

Boksçumuz Məhəmməd Abdullayev (91 kq çəki dərəcəsi) isə Azərbaycan təmsilçiləri arasında Tokiodakı Olimpiadada qələbə qazanan yeganə idmançı oldu. 1/16 finalda o, Bəhreyn təmsilçisi Denis Latipovla görüşündən 3:1 hesabı ilə qalib ayrıldı. Düzdür, püşkatmada onun heç bəxti gətirməyib: növbəti mərhələdə o, dünya çempionu, Özbəkistan təmsilçisi Bahodir Calolovla görüşəcək. Bu görüş iyulun 29-da olacaq.

İdman gimnastikası 

Təmsilçilərimizdən Tokiodakı ilk yarış günündə sonuncu çıxış edən isə idman gimnastı İvan Tixonov oldu. O, təsnifatda 45-ci yer tutaraq, adını finala yazdıran 24 nəfərin arasına düşə bilmədi.

Medal hesabı

Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir. İkinci yerdə Yaponiya ilə İtaliya qərarlaşıblar: hərəyə bir qızıl və bir gümüş medal. İlk onluğa həmçinin 4. Koreya (1, 0, 2), 5. Macarıstan, Kosovo, Tailand, Ekvador, İran (1, 0, 0), 10. Serbiya, Rusiya (0, 1, 1) daxildir.

12
Teqlər:
atıcılıq, gimnastika, cüdo, şosse velosipedi, üzgüçülük, boks, idmançılar, azərbaycanlı, Tokio Yay Olimpiya Oyunları

Təhsil naziri müəllimlərin imtahanı ilə bağlı söz verdi

10
Təhsil naziri əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

BAKI, 24 - iyul - Sputnik. Azərbaycanın Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilmiş imtahanlardan narazılıqlara dair açıqlama verib.

"2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq", - deyə nazir sosial şəbəkə hesabında qeyd edib.

O əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

 

Qeyd edək ki, imtahanda iştirak edən müəllimlər sosial şəbəkələrdə xüsusilə ədəbiyyatdan verilən sualların məzmunundan, ümumilikdə isə suallar üçün az vaxt ayrılmasından şikayət ediblər.

Eləcə də oxuyun:

10
Teqlər:
imtahan, işə qəbul, müəllim, Emin Əmrullayev, təhsil naziri, təhsil