Günəş panelləri, arxiv şəkli

İşləməyən günəş panelləri: Deputatlar enerji sahəsindəki problemləri topa tutdular

4783
(Yenilənib 15:39 25.06.2021)
Milli Məclisdə "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatlar enerji sahəsindəki imitasiyalara, "ağıllı" adı altında camaata sırınan sayğaclarla bağlı problemlərə etiraz ediblər.

BAKI, 25 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib ki, əgər sayğaclar "ağıllı sayğac"larla əvəzlənəcəksə, bu, vətəndaşın deyil, dövlətin hesabına edilməlidir.

"Bu qanun gələn il qüvvəyə minəcək. Bu qanunda nəzərdə tutulan "ağıllı sayğac"lar hazırkı sayğaclardan nə ilə fərqlənir və biz bütün sayğacları ağıllı sayğaclarla əvəzləyəcəyikmi? Əgər mövcud sayğaclar "ağıllı sayğac"larla əvəzlənəcəksə, bu, vətəndaşın deyil, dövlətin hesabına edilməlidir. Ümumiyyətlə, sayğacların dəyişdirilməsi üçün nə qədər vəsaitin lazım olduğu hesablanıbmı?", - V.Əhmədov deyib.

Deputat Fazil Mustafa isə sayğacların dəyişdirilməsi zamanı əsas məsələnin şəffaflıq, dövlət vəsaitinin səmərəli istifadəsi olduğunu vurğulayıb:

"İstehlakçı nə qədər enerji istəyəcəksə, o qədər enerji ilə də təmin etməlisən. Yoxsa qanunda bina üçün hansısa həddin müəyyənləşdirilməsinə nə ehtiyac var? Qobustan yolunda külək enerjisi üçün guya avadanlıqlar quraşdırılıb, altındakı generatorlar söndürülüb. Yaxud Günəş panelləri elə yerdə quraşdırılıb ki, onları toz basıb, oradan nə enerji alınacaq? Əsas məsələ odur ki, istehlakçıya keyfiyyətli xidmət göstərilsin, vəsaitlər də mənimsənilməsin".

F.Mustafa həmçinin qeyd edib ki, fərdi şəkildə günəş panelləri quraşdırmaq, digər alternativ bərpa olunan enerji mənbələri yaradaraq istifadə etmək üçün rayonlarda insanlara kreditlər vermək lazımdır.

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vüqar Bayramov isə deyib ki, qanun layihəsində məcburi enerji auditinin üç ildən bir aparılması doğru deyil. Bu müddət azaldılmalıdır. Həmçinin layihədə "ağıllı sayğaclar"ın zədələndiyi və dəyişdirilməsi zərurəti yarandığı halda bunun təchizatçı qurum tərəfindən təmin olunması əksini tapmalıdır.

Deputat Aydın Hüseynov "ağllı sayğac"ların dəyişdirilməsinin istehlakçı və ya təchizatçı deyil, sərbəst bir qurum tərəfindən həyata keçirilməsini təklif edib.

"Qanun layihələrində tez-tez Avropa standartlarının adını çəkirik. Ancaq dünyada elə standartlar var ki, Avropadan da yaxşıdır. Ona görə də dünya təcrübəsini, standartlarını qeyd etsək yaxşıdır", - deyə Hüseynov əlavə edib.

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vətəndaşların əksəriyyətinin enerji resursundan səmərəli istifadə etdiyini söyləyib. Lakin deyib ki, Tovuzun elə kəndləri var, hələ də 70 faizində qaz var, 30 faizində yoxdur.

"Hər il bu problemi qaldırırıq, deyirlər ki, növbəti ilə həll olunacaq. Vətəndaş da qışda evi qızdırmaq üçün elektrik enerjisindən istifadə edir, elektrik xətləri isə bu yükə hesablanmayıb. İlk öncə bu problemi həll etməliyik. Qovlarda 9 ailəyə hələ də elektrik verə bilmirik, elektrik xətləri uzaqdadır, vətəndaşa elektrik enerjisinin evində verilməsi təmin olunmalıdır. Mənə müvafiq qurumlardan deyirlər ki, 500 metr məsafəyə elektrik xətti çəkməliyik? Fürsətdən istifadə edərək Zəyəmçay üzərində bir su anbarının da tikilməsini təklif edirəm. Çünki Zəyəmçayda yayda su olmur, suvarmada problem yaranır. Ümumiyyətlə, bütün işlər koordinasiya olunmalıdır", - deputat deyib.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanunu tamamlayan yeni bir qanun layihəsinin parlamentə daxil olacağını bildirib: "Energetika haqqında yeni qanunda bir sıra məsələlər əksini tapacaq".

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

4783

Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

3
(Yenilənib 08:30 27.07.2021)
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

BAKI, 27 iyul — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata əsasən, 19184 abituriyentin iştirakı nəzərdə tutulan imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, iyulun 27-28-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

3
Poçt markaları

Poçt markası: nadir bir nümunəsi əntiq əşyaya bərabər tutulur

75
(Yenilənib 08:20 27.07.2021)
Azərbaycanda da marka həvəskarı vaxtilə çox olub. Marka-marka oynayan uşaqların bir hissəsi sonra filatelistlərin sırasına qoşuldu.

BAKI, 27 iyul — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeli qurum "Azərmarka" MMC "Azərpoçt" MMC-yə birləşdirilir. Məlumatı nazirlik yayıb.

Yeni qaydaya əsasən, Mülki Məcəllə və digər normativ hüquqi aktlara uyğun olaraq "Azərpoçt" yenidən təşkil ediləcək, yəni "Azərmarka" "Azərpoçt"un struktur bölməsi kimi fəaliyyət göstərəcək. Bu yerdəyişmədə məqsəd qurumların işinin daha səmərəli qurulması, resurslardan effektiv istifadənin gücləndirilməsidir.

Markanı həm satmaq olardı, həm də nəyəsə dəyişmək

Marka deyəndə hər bir yaşlı insanın yadına ilk növbədə sovet dövründə oynadığı marka-marka oyunu yada düşür. İnternetin və hazırkı sosial şəbəkələrin hələ mövcud olmadığı, ortalıqda cəmi bir neçə televiziya kanalı və radio stansiyasının fəaliyyət göstərdiyi zamanda marka toplamaq olduqca populyar bir məşğuliyyət idi. Marka yığmaq bir tərəfdən maraqlı bir proses olduğu qədər həm də gəlirli bir sahə idi. Filatelistlər qiymətli bir marka növü üçün nə qədər desən pul ödəməyə hazır idilər.

Marka-marka oynayan uşaqlar isə həm də bu oyunda qazandıqları markanı bir növ kapital kimi toplayırdılar. Yəni markanı həm satmaq olardı, həm də nəyəsə dəyişmək. Kimsə idman markası toplayırdı, kimsə də avtomobil markası. Sənə lazımsız olanını sinif yoldaşınla asanlıqla dəyişə bilərdin. Marka qazanmaq üçün keçirilən oyunun bir qaydası vardı: üst-üstə qalaqlanan markaya yüngülcə zərbə endirməklə onu çevirmək lazım gəlirdi. Çevrildisə, deməli uddun. Məktəb rəhbərliyi uşaqların bu işinin qarşısını almaq üçün xeyli güc sərf etsə də, qarşısını tam almaq olmurdu.

Markanı alırdın, pozan-pozan oynayırdılar, pozanı götürürdün, saqqız kağızından çıxan etiketlə oynayırdılar. Bəzən bəxti gətirən uşağın cibindən 20-30 pozan tapılırdı. Amma pozan bir həvəs idi, heç vaxt markanın yerini verməzdi. Marka həm bahalı idi, həm də daha cəlbedici. O dövrdə hər poçt məntəqəsində, həmçinin müxtəlif dükanlarda marka almaq olurdu. Qiymətli markalar isə heç vaxt satışa çıxarılmazdı, onlar xüsusi adamların vasitəsilə əldə edilirdi.

Zərfi marka ilə birgə də almaq olardı, markasız da

Filateliya, yəni marka yığmaq sahəsi, yunan mənşəli sözdən yaranıb. Bir növ vergidən azad olunma mənasını verir. Əgər poçtla göndərilən məktubda marka varsa, deməli ödənişə ehtiyac yoxdur bir növ. Poçt sisteminin yaradılması, dünyanın bir başından o biri başına poçtla məktub yollamaq prosesi markanın yaranmasına bir təkan verib. Bir çox mənbə markanın məhz Böyük Britaniyada yarandığını göstərir, çünki 19-cu əsrdə dünyanın qlobal imperiyası olan Britaniyanın poçt sistemi olduqca mükəmməl idi. Məktub yollayırsansa, deməli bunun pulunu nə yollasa ödəməlisən. Məktub üzərindəki marka onun pulunun ödənilməsinə işarə idi. Zərfi marka ilə birgə də almaq olardı, markasız da. Sonra üzərinə marka yapışdırıb yollaya bilərdin.

Fransa, Almaniya, İtaliyada marka istehsalına başlanıldığından ölkələr arasında xüsusi saziş imzalanır. 1874-cü ildə Ümumdünya poçt birliyinin yaranması da markaların tətbiqinə bir təkan verir. Bu birliyin üzvü olan istənilən ölkənin markası başqa məkanda tanınırdı.

Markaların yaranması həm də onları toplamaqla məşğul olan insanların da ortaya gəlməsinə səbəb oldu. Filatelistləri daha çox nadir markalar maraqlandırırdı, böyük miqdarda buraxılan seriyaya elə də həvəs olmurdu. Hər hansı bir qüsuru olan marka mütləq məhv edilməli idi, amma bəzən hansısa nüsxə salamat qalırdı, bu halda onun qiyməti birə-yüz artırdı. 20-ci əsrin ortalarında Monqolustanda sərkərdə Çingiz xana həsr olunmuş marka buraxılır. Bu markada o, əzəmətli bir insan kimi əks edilir. Sovetlər birliyində isə Çingiz xan olduqca mənfi bir obraz sayılırdı, insanlarda qıcıq doğururdu. Nəticədə bu markanın məhv edilməsi qərarı verilir, amma bir hissə salamat qalır. Hazırda Çingiz xanın bu markası nadir nüsxələr sırasında yer alıb.

XIX-XX əsrlərdə marka toplamaq həvəsi bir çox məşhur insanda olub. Məsələn, doktor Leqran, Fridrix Engels, Albert Eynşteyn marka toplamağı sevirdilər. Həm də bəzi pul sahibləri məşhur auksionlarda marka almaqla kapitalı qorumağa çalışırdı. Nadir bir marka əntiq əşyaya bərabər tutulurdu.

Əsgər məktubu markasız da rahatlıqla yerinə çatırdı

Sovet dövründə markasız məktubları hərbi hissədən yalnız əsgər yollaya bilərdi. Həmin zərf hərbi hissənin poçt qutusunu atılırdı, həmin məktuba üçbucaq formasında olan ştamp vurulurdu. Beləliklə, əsgər məktubu markasız da rahatlıqla yerinə çatırdı, yəni onların poçt xərcini dövlət ödəyirdi. Məktubun formasından asılı olaraq üzərinə daha bahalı marka da yapışdırıla bilərdi. Sifarişli məktublar üçün əlavə ödəniş də etmək lazım gəlirdi.

SSRİ-də marka kolleksiyaçılarının sayı-hesabı bilinmirdi. Bu insanların öz toplaşdığı yerlər də olurdu, hər kəs qoltuğunda bir kitabça ilə gəzirdi. Markanı saxlamaq üçün belə kitabçalar hər tində satılırdı. Sovet poçtu da hər tarixi hadisə ilə bağlı minlərlə marka buraxırdı. O dövrdə də Lenin, Stalin və digər sovet liderlərinin əksi olan yüz minlərlə marka hazırlanıb. Bu gün həmin markalar artıq tapılmır. Məsələn, 1979-cu ilə kimi İran şahı Məhəmməd Pəhləvinin əksi olan nə qədər marka vardı. Sonralar onlar da yox oldu.

Müasir texnologiya dövründə nə məktuba ehtiyac qalıb, nə də yazışmaya

Azərbaycanda da marka həvəskarı vaxtilə çox olub. Marka-marka oynayan uşaqların bir hissəsi sonra filatelistlərin sırasına qoşuldu. İndi də evlərdə o dövrdən qalmış marka kitabı qorunub saxlanılır. Bakının bukinist dükanlarında hələ də marka satışına rast gəlmək olur. Marka yığanlar və numizmatların öz yerləri var: toplaşıb nəyisə dəyişdirməyə, satmağa çalışırlar.

Elə "Azərpoçt"a birləşdirilən "Azərmarka"nın elə əsas fəaliyyət istiqaməti Dövlət Poçt Ödəniş Nişanlarının – poçt markaları, markalı zərflər, poçt kartlarının nəşri və dövriyyəyə buraxılmasından ibarət olub. Həmçinin qurum bloklar, kiçik vərəqlər, bukletlər, poçt ştempellərinin ottiskləri və filatelistlərin kolleksiya obyektləri sayılan digər məhsullar, o cümlədən açıqcalar, müxtəlif suvenirlər hazırlayıb. Bütün bu işlər bundan sonra "Azərpoçt"un tərkibində reallaşdırılacaq.

Müstəqillik dövrünü əks etdirən xeyli marka da buraxılıb. Bu markaların hesabına dünyanın o tayında belə insanlar Azərbaycan barədə məlumat əldə edirlər. Bizim də markalar xarici ölkə filatelistlərinin kolleksiyalarında yer alır.

Amma marka istehsalına olduqca ciddi zərbə də dəyib. Müasir texnologiya dövründə nə məktuba ehtiyaca qalıb, nə də yazışmaya. Bir neçə saniyəyə hara istəsən havayı mesaj yollaya bilərsənsə, marka və zərf almağa nə ehtiyac var? Marka öz dövrünün mütərəqqi texnologiyası idi, bu gün isə elə də əhəmiyyətli deyil. İnternet zamanında marka istehsalı xeyli azalıb. Yalnız rəsmi yazışmalarda, məhkəməyə dəvət ediləndə, ya da bir sıra xüsusi hallarda adi məktub üzərinə marka yapışdırılaq ünvanına göndərilir. Bu sistemin mövcudluğu markanın hələ də mövcud olmasına bir imkan yaradır. Ən azından tam silinib ortadan çıxmayıb.

75