İmtahan, arxiv şəkli

Azərbaycanda rezidentura, dövlət qulluğu doktoranturaya qəbul imtahanları keçirilir

159
İmtahanların keçirilməsi üçün ümumilikdə 22 imtahan binası, 61 imtahan rəhbəri, 22 ümumi imtahan rəhbəri, 460 nəzarətçi-müəllim, 44 buraxılış rejimi əməkdaşı (mühafizə) və 22 bina nümayəndəsi ayrılıb.

BAKI, 20 iyun - Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd), inzibati icraçı vəzifələr (B növü) üzrə dövlət qulluğuna qəbul imtahanı, xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, rezidenturaya qəbul imtahanının birinci mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) 1738 namizəd iştirak edəcək. Onlardan 1457 nəfər Azərbaycan, 281 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 737 nəfəri oğlan, 1001 nəfəri isə qızdır. 13 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanında iştirak etmək üçün BA qrupu üzrə 552, BB qrupu üzrə 1391 olmaqla, ümumilikdə 1943 namizəd qeydiyyatdan keçib.

İmtahan Bakı şəhərində keçiriləcək. İmtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarında 1272 namizəd (iddiaçı) iştirak edəcək. 1213 namizəd ingilis dili üzrə, 33 namizəd fransız dili üzrə, 26 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. DİM-ə müvafiq sertifikatını təqdim etmiş 20 namizəd isə xarici dil imtahanından azad olunub.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanlar saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanın müddәti 2 saat 30 dәqiqәdir. İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә ( xarici dil üzrә doktoranturaya qәbul imtahanında esse yazılmasına, xarici dil üzrә fәlsәfә doktoru imtahanında isə vizual mәlumatın yazılı tәsviri üçün ) ayrılır.

İmtahanların keçirilməsi üçün ümumilikdə 22 imtahan binası, 61 imtahan rəhbəri, 22 ümumi imtahan rəhbəri, 460 nəzarətçi-müəllim, 44 buraxılış rejimi əməkdaşı (mühafizə) və 22 bina nümayəndəsi ayrılıb.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

159
Ənvər Əliyev -- AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev açıqlayır

3
(Yenilənib 19:04 26.07.2021)
AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib ki, Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir
Ənvər Əliyev: “Yeraltı sulardan qənaətlə istifadə edilməlidir”

“Quraqlığın əsas mənbəyi planetdə əhalinin sayının artmasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, planetə il ərzində düşən yağıntının miqdarı ortalama 1020 mm, cəmi buxarlanma isə 1000 mm-dir. Nəzərə almalıyıq ki, insan sayı artırsa, enerjiyə, suya olan tələbat da artır.

"O ki qaldı Azərbaycana, ilk növbədə onu deyim ki, suvarma suyunda itkinin qarşısını almaq üçün kanallar mütləq beton olmalıdır. Çünki torpaq kanallar suyu yarıdan çox itkiyə verir. Eyni zamanda çoxillik bitkilər damcı, birillik bitkiləri isə yağış yağdırma üsulu ilə suvarılmalıdırr. Damcı üsulunda hər ağacın dibinə indiqatorlar yerləşdirilməlidir ki, lazımi nəmişlik yaranandan sonra su avtomatik olaraq dayansın. Digər bitkilərin suvarılması da mütləq nəzarət çərçivəsində həyata keçirilməlidir. Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən Böyük Qafqazın cənub yamacı tamamilə çay yataqlarıdır. Bu sulardan səmərəli istifadə üçün müvafiq yerlərdə bəndlər, kiçik anbarlar tikməklə, həmin ərazidəki rayonların su ehtiyacını təmin etmək olar. Bu işlərə təcili başlamaq lazımdır. 15-20 il bundan əvvəl 34 belə su hövzəsinin tikintisi planlaşdırılmışdı, lakin proses çox zəif gedir, hətta demək olar ki, getmir. Eyni zamanda yeraltı sulardan da qənaətlə istifadə edilməlidir”.

Ənvər Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

3

Gün başlanğıcında polisdən xəbərdarlıq

5
(Yenilənib 09:37 27.07.2021)
BDYPİ bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edib.

BAKI, 27 iyul — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Sputnik Azərbaycan bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən güclü küləyin əsəcəyi barədə verilən proqnozla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edib.

"Sürücülər küləkli havada yolun kənarları qapalı olan hissəsindən və tunellərdən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, o cümlədən küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Həmçinin, piyadalar da yolun hərəkət hissəsinə çıxmamaqla yolları və küçələri yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, xüsusilə yeni tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər", - BDYPİ-nin məlumatında deyilir.

Eləcə də oxuyun:

  • FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

  • Xəzər dənizində hava şəraiti ilə bağlı xəbərdarlıq edildi: Dalğalar 7 metrə çatacaq

5
Teqlər:
piyada, avtomobil, külək, hava, müraciət, BDYPİ