Azərbaycanın tanınmış opera müğənnisi İtaliyada: "Aida" operasında çıxış edəcək

© Sputnik / Ilham MustafayevСцена театра, фото из архива
Сцена театра, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
19-22 iyunda "Aida" operasının premyerasının 150 illiyi münasibətilə təqdim olunacaq tamaşada Azər Zadə Radames partiyasını ifa edəcək.

BAKI, 11 iyun — Sputnik. Azərbaycanın tanınmış opera müğənnisi Azər Zadə İtaliyanın Verona şəhərindəki qədim Roma amfiteatrı – Arena di Veronanın səhnəsində Cüzeppe Verdinin "Aida" operasında çıxış edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, tamaşa 19-22 iyunda "Aida" operasının premyerasının 150 illiyi münasibətilə təqdim olunacaq. Azər Zadə operada Radames partiyasını ifa edəcək. Tamaşa məşhur italyan dirijoru Rikkardo Mutinin rəhbərliyi ilə təqdim olunacaq.

İtalyan bəstəkar C.Verdinin dördpərdəli "Aida" operası ilk dəfə 1871-ci il dekabrın 24-də Qahirədə səhnəyə qoyulub. Hadisələr qədim Misirdə, Memfis və Tebendə firon hökmranlığı dövründə baş verir. Operanın süjet xəttini sarayın mühafizə rəisi Radames ilə əsir düşdükdən sonra qula çevrilmiş Nubiya hökmdarının qızı Aida arasındakı nakam məhəbbət təşkil edir.

Qeyd edək ki, Azər Zadə La Skala Vokal Akademiyasına qəbul olunan ilk azərbaycanlıdır. O, Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs ansamblının rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzayevin oğludur. Bakıda Milli Konservatoriyada professor Hüseyn Əliyevin sinfində təhsil alan müğənni daha sonra Milanda La Skala Akademiyasını bitirib.

Yaradıcılığını İtaliyada davam etdirən Azər bu günə qədər bir çox müsabiqələrdə iştirak edib, qalib olub. İtaliyanın opera səhnələrində "Traviata", "Maqbet", "Bohema" və digər əsərlərdə aparıcı partiyaların ifaçısı olub.

Xəbər lenti
0