Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

İlham Əliyev Vladimir Putinə məktub göndərdi

586
(Yenilənib 16:24 11.06.2021)
İlham Əliyev deyib ki, Azərbaycan ilə Rusiya arasında möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur.

BAKI, 11 iyun - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə Rusiya Federasiyasının dövlət bayramı münasibətilə təbrik ünvanlayıb. Prezident Aparatının saytında yayınlanan təbrik məktubunda deyilir: 

"Hörmətli Vladimir Vladimiroviç.

Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiyanın bütün xalqını ürəkdən təbrik edirəm.

Rusiya Federasiyası dövlət quruculuğu, davamlı sosial-iqtisadi inkişaf və ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi üçün böyük yol keçib və bu işdə sanballı uğurlar qazanıb. Bu gün Sizin ölkəniz dünyada gedən proseslərin nüfuzlu iştirakçısı kimi aktual çağırışlara və təhdidlərə qarşı mübarizədə mühüm məsələlər həll edir, qlobal və regional sülhün, təhlükəsizliyin dəstəklənməsinə sanballı töhfə verir.

Azərbaycan ilə Rusiya arasında möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur. Ölkələrimizin ən geniş məsələlər spektrinə dair konstruktiv ikitərəfli dialoqunu və səmərəli əməkdaşlığını da qeyd etmək istərdim.

Biz 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların əldə edilməsində və həyata keçirilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk. İnanıram ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və çoxplanlı qarşılıqlı fəaliyyəti bundan sonra da səmərəli inkişaf edəcək və dərinləşəcək, xalqlarımızın və ölkələrimizin rifahı, regionda sabitliyin, əməkdaşlığın və tərəqqinin təmin edilməsi naminə yeni məzmun kəsb edəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün rusiyalılara əmin-amanlıq və firavanlıq arzu edirəm".

586
Bakıda fəhlə iş zamanı, arxiv şəkli

İşçilərini bu havada işlədənlər yüksək məbləğdə cərimələnəcəklər

10
(Yenilənib 13:19 23.06.2021)
Dövlət Əmək Müfəttişliyi Xidməti bu havada sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesinin ya dayandırılmalı, ya da fasilə verilməli olduğunu bildirib.

BAKI, 23 iyun — Sputnik. Dövlət Əmək Müfəttişliyi Xidməti isti hava şərtləri ilə bağlı sahibkarlara xəbərdarlıq edib. Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyib ki, həddindən artıq isti havada işçilərini işlədən və bu barədə qanunvericiliyin tələblərini pozan işəgötürənləri cərimələr gözləyir.  

Qeyd edək ki, bu günə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

İyunun 23-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdə qısamüddətli lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 36-41, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Dövlət Əmək Müfəttişliyi Xidməti açıq havada, yaxud sərinləşdirici qurğular olmayan yerdə işçiləri işlətməyə cəhd göstərən sahibkarlara xəbərdarlıq etmək məcburiyyətində qalıb.  

Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyib ki, bu məsələdə Əmək Məcəlləsinin tələbləri konkretdir: "Temperatur 41 dərəcə və daha yuxarı olarsa, sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesi dayandırılmalıdır, yaxud fasilələr verilməlidir".

Xidmətin rəisi onu da əlavə edib ki, bu qaydaya əməl etməyən işəgötürənlər 500-1000 manat arasında cərimə oluna bilərlər.

Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Sputnik Azərbaycan-a açıqlamasında hava şəraiti ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40 dərəcəyə yaxın, ayın 24-25-də isə ölkənin əsasən aran bölgələrində temperaturun 42-44 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.

Sutkalıq temperatur normadan xeyli yüksək olduğu üçün və anomal istilərlə əlaqədar açıq havada olanlar ehtiyatlı davranmalıdırlar. Xidmət rəisi deyib ki, onlara açıq havada kölgəli yerlərdə olmaları tövsiyə edilir: "Belə istilərdə günvurma və istivurma ehtimalı adətən yüksək olur", - deyə U.Tağıyeva bildirib.

10
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənədi imzalayacaq

317
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bəzi məsələlərlə bağlı Azərbaycanla danışıqlar apardıqlarını təsdiqləyib.

BAKI, 23 iyun — Sputnik. Yaxın vaxtlarda Ermənistan və Rusiya arasında Rusiya sülhməramlılarının Basarkeçərdə (Geğarkunik) Zod-Xəzinavar ərazisində yerləşdirilməsinə dair razılıq əldə olunacaq. Bundan sonra Ermənistan hərbçiləri ön xətdən geri çəkiləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Qraparak" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqların aparılması barədə faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da təsdiqləyib: "Azərbaycan tərəfi buna öz razılığını veribmi?" sualına cavab olaraq Davtyan bildirib: "Biz öz ərazimizlə bağlı Azərbaycandan heç nə soruşmamalıyıq. Lakin bəzi məsələlərlə bağlı onlarla da danışıqlar aparılır. Ehtiyac olduqda biz Rusiya ilə əməkdaşlıq edirik".

Nəşr, həmçinin iddia edib ki, Nikol Paşinyan yəqin ki, sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq.

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

317