Yarış keçirilən müddətdə ictimai nəqliyyat necə işləyəcək - hamının bilməsi vacibdir

© Sputnik / Murad OrujovBakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il
Bakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Bəxtiyar Məmmədovun dediyinə görə, 12 iyun şənbə və 20 iyun bazar günü olmasına baxmayaraq, metroda sərnişindaşıma dayandırılmayacaq.

BAKI, 11 iyun — Sputnik. Bu gündən futbol üzrə Avropa çempionatı start götürür. Yarışın qrup mərhələsinin üç, 1/4 finalın isə bir oyunu Bakıda keçiriləcək. Sputnik Azərbaycan yarış keçirildiyi müddətdə ictimai nəqliyatın hansı qrafiklə işləyəcəyini təqdim edir.

Metro hər gün oyunlar başa çatandan sonra gecə 02:00-a qədər işləyəcək!

Futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunlarına ilk dəfə ev sahibliyi edəcək paytaxt Bakının əsas ictimai nəqliyyat vasitələrindən olan metropoliten də sərnişinlərinə xidmət edəcək. “Bakı Metropoliteni” QSC-dən verilən  məlumata görə, Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək. Beləliklə, metro sərnişinləri və idmansevərlər ay ərzində metropolitendən rahat istifadə edəcəklər. 

Məlumatda bildirilir ki, “A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 final matçı (3 iyul) metropolitenin “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək. Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək. Beləliklə, metro sərnişinləri və idmansevərlər ay ərzində metropolitendən rahat istifadə edəcəklər.

Futbol azarkeşlərinin, akkreditə olunmuş şəxslərin və şəhərimizin qonaqlarının marağını nəzərə alaraq, matçlar başa çatandan sonra gecə saat 02:00-a qədər metropoliten sərnişindaşıma fəaliyyəti göstərəcək.

Qeyd edək ki, Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər.

“Koroğlu” stansiyasında operativ qərargah olacaq

Ümumiyyətlə, oyun günləri “Koroğlu” stansiyasında operativ qərargah fəaliyyət göstərəcək. Buradan əməliyyat-qrafik üzrə tədbirlərin yerinə yetirilməsinə, hərəkətin tənzimlənməsinə və digər vacib qərarların verilməsinə şərait yaradılıb. Stansiyada müvafiq strukturların fəaliyyəti üçün lazımi imkanlar yaradılıb.

Gücləndirilmiş iş rejimi qaydasında çalışan metropolitendə müvafiq rəhbər və mütəxəssis heyətindən ibarət operativ mərkəzlər fəaliyyət göstərəcək. Onların fəaliyyəti əsas qərargahdan idarə olunacaq. Müvafiq dövlət strukturları və yarışın təşkilat komitəsi ilə sıx əlaqəli şəkildə Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına giriş-çıxışın tənzimlənməsi təmin olunacaq. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar xəttə çıxarılmağa hazır olacaq. “Koroğlu” stansiyasında sərnişinlərin yönləndirilməsinə zərurət yaranarsa, səsucaldanlardan istifadə ediləcək.

Oyunların keçirildiyi günlərdə metropolitenin 7 stansiyasında (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) könüllülər fəaliyyət göstərəcək. Onlar üzərində "Ask me" yazılmış xüsusi geyimlərdə olacaq və qonaqları məlumatlandıracaq, yaranan sualların cavablandırılmasını təmin etmək üçün metropolitençilərə dəstək verəcəklər. Könüllülər sərnişinin yaddaş kitabçası, şəhər və Avropa çempionatı haqqında məlumat və digər vəsaitlərlə təmin ediləcəklər.

Bütün qeyd edilənlərə rəğmən, “Bakı Metropoliteni” QSC bayram ovqatını birgə yaşamağa və bunun üçün sərnişinlərinə müraciət edərək, istifadə qaydalarına riayət etməyi unutmamağa çağırır. Bu xüsusda Bakı metropolitenindən istifadə edərkən “COVID-19” pandemiyası ilə əlaqədar ictimai nəqliyyatda metodiki göstərişin tələblərinə ciddi riayət olunması, xüsusən tibbi maskadan düzgün istifadə olunması sağlamlıq üçün vacibdir.

Şənbə günü avtobuslar sərnişin daşıyacaq

Həftənin şənbə günü ictimai nəqliyyat işləyəcək. Bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunub. Qərara əsasən, bu həftəsonu ictimai nəqliyyata qadağa 13 iyun 00:00-dan 14 iyun 06:00-dək qüvvədə olacaq. Bundan başqa, futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar olaraq ictimai nəqliyyat planı hazırlanıb. Müvafiq dövlət qurumları ilə koordinasiyalı hazırlanan plana uyğun olaraq bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri təşkil ediləcək.

Qatarlar bu qrafiklə hərəkət edəcək...

12, 15, 20 və 28 iyun tarixlərində Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qeyri-iş günlərində olduğu qrafikə uyğun hərəkət edəcək. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) açıqlamasında deyilir.

Xatırladaq ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels – İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

Onu da qeyd edək ki, Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaq. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcəklər. Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək olacaq.

Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunacaq. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir. Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq. Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fan-zonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.

Xəbər lenti
0