"Son zəng" tədbirləri ilə bağlı təlimat hazırlanır - Təfərrüatlar

© Sputnik / Nigar IskanderovaAzərbaycanın ümumtəhsil müəssisələrində "Son zəng" həyəcanı
Azərbaycanın ümumtəhsil müəssisələrində Son zəng həyəcanı - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Sputnik Azərbaycan-ın müxbiri Zülfiyyə Quluyeva məktəblərdə bu il "Son zəng" tədbirlərinin necə keçiriləcəyini araşdırıb.

BAKI, 11 iyun — Sputnik. Bu il "Son zəng" tədbirləri məktəblərdə təşkil olunacaq. Dünən bu məlumatı təhsil naziri Emin Əmrullayev verib. Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilib və müsbət cavab gəlib: "Yaxın günlərdə şərtlər elan ediləcək. Əslində şərtlər çox sadədir. Açıq havada keçiriləcək və müəyyən say məhdudiyyəti tətbiq olunacaq. Yəqin ki, 100-dən çox məzunu olan məktəblərdə bir neçə hissədən ibarət "Son zəng" tədbirlərinin keçirilməsi planlaşdırılır. Təbii ki, sosial məsafəyə riayət olunması tələb olunacaq".

Sputnik Azərbaycan bu il "Son zəng" tədbirlərinin say məhdudiyyəti ilə hansı formada keçirilməsinin nəzərdə tutulduğunu araşdırıb. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda "Son zəng" tədbirləri ilə bağlı təlimat hazırlanır. Həmin təlimat bütün məktəblərə göndəriləcək. C.Valehov bildirib ki, say məhdudiyyəti dedikdə bu, bu il məzun olan şəxslərə aid edilmir: "Təbii ki, məzunların hər biri "Son zəng" tədbirlərində iştirak edəcək.

Amma "Son zəng" tədbirləri məktəblərdə eyni saatda təşkil edilməyəcək. Əgər bir məktəbdə bir neçə sinif məzun olursa, onların "Son zəng" tədbirləri gün ərzində fərqli saatlarda təşkil olunacaq.

"Son zəng" tədbirləri ilə bağlı bütün məqamlar hazırda hazırlanan təlimatda öz əksini tapacaq. Biz həmin təlimatda nələrin yer aldığını hazır olduqdan sonra açıqlayacağıq", - deyə C.Valehov bildirib.

Ekspert nə düşünür?

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında "Son zəng" tədbirlərinin məktəblərdə keçirilməsi ilə bağlı qərarın alqışlanan olduğunu söyləyib. O bildirib ki, ötən il "Son zəng" onlayn qaydada keçirilib. Bu il isə dərslər onlayn keçirildiyindən və qarşıda məzunları imtahan gözlədiyindən, motivasiya üçün "Son zəng" tədbirlərinin məktəbdə təşkili müsbət qərardır. Onun sözlərinə görə, bu məzunlara öz sinif yoldaşları və müəllimləri ilə görüşüb sağollaşmaq imkanı verəcək ki, bunun da məzunların psixologiyasına təsiri müsbət olacaq.

K.Əsədov bildirir ki, bu il orta məktəbləri 85 min şagird bitirir:

"Bu ilki məzunlar fərqli "Son zəng" görəcəklər. Əvvəl "Son zəng" tədbirlərində bütün məktəb iştirak edirdisə, bu il bu tədbir belə baş tutmayacaq. Həmçinin "Son zəng" tədbirlərində kənardan qonaq iştirak etməyəcək. Hal-hazırda müzakiə olunan məsələ "Son zəng" tədbirlərində 1-ci siniflərin iştirak edib-etməməsi ilə bağlıdır. Mənim fikrimcə, "Son zəng" tədbirlərində 1-ci və 11-ci sinif şagirdləri, həmçinin də onların müəllimləri iştirak etməlidirlər. "Son zəng" tədbirlərində bədii hissə olmayacaq. 11-ci siniflər "Son zəng" tədbirlərindən sonra məktəbdən sonra gəzinti də təşkil etməyəcəklər. Eləcə də "Son zəng" tədbirlərini kiminsə evində qeyd etmək, maşın karvanı yolverilməzdir. Məzunlar da bunu düzgün qiymətləndirməlidirlər. Pandemiya dövründə "Son zəng" tədbirləri ilə bağlı qaydalara əməl etməlidirlər".

Qeyd edək ki, ötən tədris ili orta ümumtəhsil müəssisələrini 84600 şagird bitirib. Ən son "Son zəng" tədbiri məktəblərdə 2018-2019-cu tədris ilində keçirilib. 2020-ci ildə "Son zəng" tədbiri onlayn baş tutub.

Onu da xatırladaq ki, bu il ali təhsil müəssisələrində "Məzun günü" də keçirilməyəcək. Bu il ölkə üzrə 51 ali təhsil müəssisələrində təhsil alan 182 min tələbədən 67 mini bakalavr pilləsi üzrə məzun olur. Ümumilikdə bakalavr və magistr pilləsi üzrə 46 min şəxs məzun olur.

Onu da qeyd edək ki, pandemiyadan əvvəl məktəblərdə "Son zəng" tədbirləri böyük coşqu ilə keçirilirdi. Bu tədbirlərdə nəinki 1-ci və 11-ci sinfin şagirdlərinin valideynləri, eləcə də qonaqlar, müğənnilər iştirak edirdilər.

Həmçinin oxuyun: 

* Təhsil naziri ilin yekunlarını vurur - "Son zəng"lə bağlı şərtləri açıqladı

Xəbər lenti
0