Prezident ailəsi Aleksandr Atanın vəfatı ilə bağlı Patriarx Kirillə başsağlığı verib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bildiriblər ki, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksand müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazanmışdı.

BAKI, 11 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı veriblər.

Sputnik Azərbaycan xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbərin onları dərindən kədərləndirdiyini bildiriblər.

Başsağlığı məktubunda deyilir:

"Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan–Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq".

Mehriban Əliyeva Instagramda paylaşım edib

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfatı ilə əlaqədar bağsağlığı verib.

Onun paylaşımda deyilir:

"Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi. Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbr diləyirəm!".

Arxiyepiskopun vəfatı

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə ötən gün Bakı və Azərbaycan Yeparxiyasının İnformasiya şöbəsindən məlumat verilib.

Aleksandr İşein 13 oktyabr 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. Moskva Teoloji Akademiyası məzunu olub. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib.

1992-ci ildən Azərbaycanda dini fəaliyyətini davam etdirən Aleksandr İşein 1995-ci ildə ölkəmizdəki pravoslav prixodlarının rəhbəri vəzifəsinə təyin olunub, Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 

28 dekabr 1998-ci ildə Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu, 2011-ci ildə Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu təyin olunub. 

Onun dövründə 24 iyun Müqəddəs Varfolomeyin anım günü olaraq Bakı Yeparxiyasında qeyd olunmağa başlanıb. 18 iyul 2012-ci ildən bəri arxiyepiskop rütbəsinə layiq görülüb.

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü idi.

Həmçinin oxuyun: 

* Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu vəfat edib

* Rus Pravoslav Kilsəsinin başçısı Aleksandr Ata Birinci Fəxri Xiyabanda dəfn ediləcək

Xəbər lenti
0