İnsanın kölgəsi, arxiv şəkli

Polisə zor tətbiq edən şəxslə bağlı tədbir görülüb

255
(Yenilənib 02:12 10.06.2021)
Mənsim Aslanov Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

BAKI, 10 iyun — Sputnik. 30 aprel 2021-ci il tarixdə Tərtər rayonu, Qaradağlı kəndi ərazisində  Tərtər rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq rayon prokurorluğunda istintaq aparılıb.

Bu barədə Tərtər rayon prokurorluğundan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib.

İstintaqla müəyyən edilib ki, Bərdə rayon sakini Mənsim Aslanov rayonun Qaradağlı kəndi ərazisində yerləşən komendant postundan icazəsiz olaraq keçməyə cəhd edərkən həmin postda xidməti vəzifəsini icra edən polis əməkdaşı Şəhriyar İsayevin qanuni tələblərinə tabe olmayaraq idarə etdiyi avtomobili sonuncunun üzərinə sürüb vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib.

Mənsim Aslanov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Qeyd edək ki, ötən ilin sonunda da analoji hadisə baş vermişdi. Belə ki, 31 dekabr 2020-ci il tarixdə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Ağstafa Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Daxili İşlər Nazirliyinin 102 xidmətinə daxil olan müraciət əsasında Ağstafa Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əlövsət Allahverdiyev hadisə yerinə çıxıb xidməti vəzifələrini icra edərkən rayon sakini Sübhan Piriyevin ona qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Sübhan Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

255
İstanbul şşəhərinə mənzərə, arxiv şəkli

Azərbaycanlıların xaricdə mənzil sevdası

3
(Yenilənib 08:58 18.06.2021)
May ayında Türkiyənin əmlak bazarı azərbaycanlılar üçün xüsusilə cəzbedici olub. Ekspert bunun əsas səbəblərini xırdalayıb.

BAKI, 18 iyun — Sputnik. Yerli əmlak bazarında son bir ildə yaşanan durğunluq qismən aradan qalxmağa başlayıb. Son günlərdə mənzil bazarında müəyyən qədər canlanma nəzərə çarpır. Maraqlıdır ki, Azərbaycan vətəndaşları Türkiyədə mənzil almağa üstünlük verməyə başlayıb.

Statistika nə deyir

Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 47 daşınmaz əmlaka sahib olublar. Türkiyə Statistika İdarəsinin məlumatına görə, azərbaycanlılar sayca Türkiyədə ev alan xaricilərin sırasında 9-cu yerdə qərarlaşıb.

Ötən ilin müvafiq dövründə azərbaycanlılar Türkiyədən 42 mənzil alıblar.

Maraqlıdır, azərbaycanlıların Türkiyə bazarına axın etməsinin əsas səbəbi nədir və qardaş ölkədə mənzil sahibi olanlar əsasən əhalinin hansı təbəqəsini təşkil edir?

Məsələyə ekspert yanaşması

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, pandemiyadan öncə də azərbaycanlılar xarici ölkələr içində ən çox Türkiyədə ev alırdılar. Lakin pandemiya dövründə sərhədlər bağlı qaldığı üçün vətəndaşlarımız nəinki ölkədən, heç şəhərdən də çıxa bilmədilər. Belə olan halda xarici ölkələrdə mülkü, əmlakı olan şəxslər arasında ajiotaj yarandı. Prosesin nə zamanadək davam edəcəyi bilinmirdi. Əmlak da vətəndaşlarımız üçün əlçatan deyildi. Odur ki, xaricdə əmlak almaqla bağlı adamlarda qorxu yarandı.

"Çoxları özləri ora gedə bilməsələr də, həmin dövrdə oradakı əmlaklarını satdırmağa çalışdılar. Lakin göründüyü kimi artıq xarici bazara - Türkiyənin mənzil bazarına axın var. Bu mənzillərin əksəriyyətini də Türkiyədə yaşayan, işləyən vətəndaşlarımız alıb. Bundan başqa, övladı orada təhsil alanlar, burada evi, hər şeyi olub orada işləyənlər də Türkiyənin mənzil bazarına axın edir. Övladları Türkiyədə oxuyan imkanlı adamlar düşünürlər ki, orada kirayədə qalmaqdansa, ev alsalar daha yaxşı olar. Bakıda da belədir. Rayonlarda yaşayan imkanlı şəxslər övladı Bakıda oxuduğu üçün ona buradan ev alırlar. Beləcə, gənclər kirayə pulundan azad olurlar, sonra da mənzil onlara qalır. Lazım olanda isə onu istədikləri bazar qiymətinə sata, qoyduqları pulu artıqlaması ilə götürə bilirlər".

Ekspertin sözlərinə görə, Türkiyə xarici vətəndaşların daha asan şəkildə orada ev sahibi ola bilməsi üçün bir sıra qanunları dəyişib: "Əvvəllər xarici ölkə vətəndaşının Türkiyədə əmlak alması qaydaları çox çətin idi. Torpaq sahəsini isə ancaq Türkiyə vətəndaşı ala bilərdi. Lakin qanunlara dəyişiklikdən sonra Tükiyənin daşınmaz əmlak bazarına milyardlarla axın gəldi ki, bu axının böyük qisminin də biz daha çox ərəb ölkələrindən olduğunu görə bilərik. Türkiyə bir dövlət kimi bu vəziyyətdən çox bəhrələndi".

Fərzəliyev Türkiyənin Statistika Komitəsinin xarici ölkə vətəndaşlarınını əldə etdiyi mənzillərlə bağlı statistikanı şəffaf saxladığını qeyd edib. Lakin Rusiya ilə bağlı bunu deməyin çətin olduğunu bildirib.

"Çünki Rusiyada belə statistika yoxdur. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır və onların böyük hissəsinin orada evləri var. 2015-2016-cı illərdə devalvasiya baş verdiyi dövrdə Rusiyada maraqlı hadisə baş verdi. Dollar qalxsa da, evlərin qiyməti qalxmadı, elə əvvəlki həddə qaldı", - deyə o, əlavə edib.

Ekspert bildirir ki, 2016-cı ildə Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti Azərbaycandakı evlərini sataraq dollara çevirib ora aparıblar. Sonra da Rusiyada həmin dollarlara yaxşı evlər alıbar.

Prosesin Azərbaycandakı daşınmaz əmlak bazarına təsiri

Pandemiya dövründə Azərbaycanda mənzillərin qiymətində enmə olmayıb. Ekspertin fikrincə, əksinə qiymət artımı müşahidə olunub ki, bu da tikinti materialları bazarındakı qiymət artımı ilə əlaqədardır.

"Son 1-1,5 il ərzində tikinti materiallarının qiymətində təqribən 30-40 faiz artım olub. Taxtanın qiymətində isə kifayət qədər yüksək artım baş verib. Tikintinin maya dəyərinin artması satışa təsirsiz ötüşməyə bilməz", - deyə Fərzəliyevin sözlərinə görə, pandemiya dövründə bina evlərinə tələbat azalıb. Satılan evlərin əksəriyyəti isə ipoteka ilə satılıb. Ötən ilin may ayında əksəriyyət karantin vəziyyəti ilə əlaqədar olaraq həyət evi alıb. Nəticədə həyətyanı sahələrin, bağ evlərinin qiyməti və kirayə haqqı artıb. Lakin artıq rayonlara gediş-gəliş açıldığı üçün Bakıda həyət evlərinə deyil, rayonlarda mənzil bazarına axının çoxaldığı görünür. Baxmayaraq ki, ötən il bölgələrdə mənzil bazarında 70 faizədək çökmə baş verib.

Əmlak bazarına nəzər saldıqda, paytaxtda mərkəz ətrafında 1 otaqlı evlərin qiyməti 36-105 min manat, 2 otaqlıların qiyməti 63-136 min manat, 3 otaqlıların qiyməti isə yerindən asılı olaraq 235 min manatadək dəyişir.

Qonşu ölkə Türkiyədə vəziyyət necədir?

Pandemiya ilində daşınmaz əmlak bazarında ən çox qiymət artımı olan ölkə Türkiyə olub. Türkiyədə son bir ildə mənzillərin qiymətində 30 faizədək artım olub. Mənzil qiymətlərinin artımına görə, Türkiyədən sonrakı yerdə Yeni Zelandiya və Lüksemburq dayanıb. Bundan başqa, Türkiyədə əcnəbilərə daşınmaz əmlak satışının kəmiyyətində də artım olub - son 4 ayda 19 faizədək.

Türkiyədə 100 kvadratmetrlik 3 otaqlı evlərin qiyməti təxminən 130-145 min Türk Lirəsi arasında dəyişir.

3
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

13
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

13