* AZƏRBAYCAN *
Şuşada

Şuşada qeyri-adi tədbir: "Sənə and içirik, Şuşa qalası!"

232
(Yenilənib 22:42 09.06.2021)
Müdafiə Nazirliyinin Şuşa şəhərindəki hərbi hissədə təşkil etdiyi "Sənə and içirik, Şuşa qalası!" adlı tədbirdə başı bəlalar çəkmiş qala şəhərimizin qəhrəman müdafiəçiləri Vətən torpağının bir qarışını da belə düşmənə güzəştə getməyəcəklərini bəyan ediblər.

BAKI, 9 iyun — Sputnik. "Dəmir Yumruq" əməliyyatı ilə başlanan Vətən müharibəsində Azərbaycan Qələbəni döyüş meydanında şəhidlər verərək qazandı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il noyabrın 8-də, Şuşanın azad edildiyi gün xalqa müraciətində qeyd etdiyi kimi "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!".

Bu sözlər Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan press-relizdə qeyd olunub. 

Orada xatırladılır ki, "şəhidlərimizin qanı bahasına, igid oğullarımızın qəhrəmanlıqları sayəsində, ordu və xalqımızın birliyi, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və uzaqgörən düşünülmüş hərbi, diplomatik siyasəti nəticəsində düşmən işğalından azad edilmiş Şuşa şəhərində də bu gün həyat qaynayır. Yeni salınan Zəfər yolunda qələbəlikdir. Prezident sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada quruculuq, təmir-tikinti, bərpa işləri yeni vüsət alıb".

"Şuşa şəhəri artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir. "Xarıbülbül" beynəlxalq musiqi festivalının hələ də xoş təəssüratlarını yaşayırıq. Bütün bunlara baxmayaraq, düşmən özünün utancverici məğlubiyyəti ilə heç cür barışmaq istəmir, hətta təxribatlara, diversiya əməllərinə əl ataraq xam xəyallarından belə əl çəkmir. Lakin qalib Azərbaycan əsgəri bu gün sərhəddə mübariz keşikdədir, öz səngərində ayıq-sayıqdır və bütün təxribatların, basqınların qarşısını mərdliklə alır, düşmənə layiq olduğundan da artıq zərbələr vuraraq onu qınına çəkilməyə vadar edir", - möəlumatda deyilir.

Orada həmçinin bildirilir ki, Müdafiə Nazirliyinin Şuşa şəhərindəki hərbi hissədə təşkil etdiyi "Sənə and içirik, Şuşa qalası!" adlı vətənpərvərlik tədbirində başı bəlalar çəkmiş qala şəhərimizin qəhrəman müdafiəçiləri Vətən torpağının bir qarışını da belə düşmənə güzəştə getməyəcəklərini bir daha bəyan ediblər.

Şəhidlərin xatirəsi ehtiramla yad edildikdən sonra layihənin müəllifi, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani qədim Şuşa şəhərinin zəngin tarixi ilə bağlı ətraflı məlumat verib. Bu şəhərdən pərvazlanan dünyaşöhrətli elm, mədəniyyət xadimlərinin, görkəmli sərkərdələrin Vətənə həsr olunan mənalı ömür yollarından söhbət açıb. Ulu öndər Heydər Əliyevin həmişə Şuşa və şuşalılara yüksək qiymət verdiyini xatırladıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın yeni tarixinə ən parlaq, ən şərəfli səhifəni yazdığını iftixar hissi ilə tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı heyətinin təqdim etdiyi "Sənə and içirik, Şuşa qalası!" adlı ədəbi-bədii-xoreoqrafik kompozisiya igid döyüşçülərimizin böyük marağına səbəb olub.

Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulovu tədbir iştirakçıları alqışlarla qarşılayıblar. O, Bakıda Hərbi Qənimətlər Parkında Müzəffər Ali Baş Komandanla təltif olunan bir qrup hərbi qulluqçunun görüşünü yada salıb və dövlətimizin başçısının qarşısında çıxış etdiyi həmin anları ömrü boyu unutmayacığını vurğulayıb.

"Mən o vaxt möhtərəm Prezidentimizin qarşısında çıxış edərkən dedim ki, cənab Ali Baş Komandan! Vətən müharibəsində digər amillərlə yanaşı, həm də Ulu Öndərimizin Azərbaycançılıq məfkurəsi qələbə çaldı. Azərbaycan monoetnik dövlət olan Ermənistandan fərqli bir dövlətdir, tolerant bir ölkədir. Burada bir çox xalqların nümayəndələri mehriban bir ailənin üzvü kimi yaşayırlar. Mən Azərbaycan vətəndaşıyam! Bizim bir adımız var: Biz azərbaycanlıyıq və azərbaycanlı olmağımızla hər birimiz həmişə fəxr etmişik, bu gün də fəxr edirik. Bu birlik, bu dostluq, bu qardaşlıq qələbəyə gedən yollarda dəmir yumruq kimi daha da möhkəmləndi, daha da bərkidi", - deyə Vətən Müharibəsi Qəhrəmanı Şuşa qalasına and içərək bir daha bəyan edib ki, bu gün qalanın müdafiəsində durmaqdan böyük qürur duyan hər bir döyüşçü qala şəhərinin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaq, xidmətini şərəflə aparacaq, içdiyi müqəddəs əsgər andına sadiq qalacaqdır.

Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, "Rəşadət" ordenli zabit Vilayət Quliyev iftixarla bildirib ki, Şuşaya doğru qalibiyyət yürüşümüzdə şəhidlər versək də, qarşımıza qoyulan vəzifələrin, döyüş tapşırıqlarının layiqincə yerinə yetirilməsinə nail olduq. Kapitan Ramazan Hudulov da daxil olmaqla, dörd hərbi qulluqçumuz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə görə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldü. Şəhid mayor Elbrus Bayramovun, kapitan Surxay Noçuyevin və kapitan Ceyhun Həsənovun adlarını və qəhrəmanlıqlarını heç vaxt unutmayacağıq. Bu gün fəxr edirik ki, sıralarımızda olan neçə-neçə hərbi qulluqçu "Zəfər", "Qarabağ" və digər döyüş orden-medallarına layiq görülüblər. Şuşa qalasına and içirik ki, şəhid silahdaşlarımızın qanı çilənən müqəddəs torpaqlarımıza bir daha yağı ayağı dəyməyəcəkdir!

Birinci Qarabağ müharibəsinin qazisi, əslən şuşalı, illərlə Şuşa həsrəti ilə yaşasa da, Şuşanı görmədən dünyasını dəyişən Aqil Ağayevin oğlu, altı aylığında ana bətnində doğma şəhərini tərk etməyə məcbur edilmiş ordumuzun giziri Vüsal Ağayevin çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Onun Azərbaycan əsgərinin dilindən söylədiyi

"Düşmən əgər keçər isə səddimi,

Öldürülsəm, nə kədər, nə qəm olsun.

Şəhid deyib basdırmayın torpağa,

Qoy cəsədim qurda-quşa yem olsun!"

misraları tədbirə yeni bir rəng qatıb.

Əməkdar artist Cahangir Qurbanov, Günay Qasımova, Mətləb Ağayev, Elçin Məmmədov, Nigar Rəhimova və Leyla Əliyevanın ifa etdikləri vətənpərvərlik mahnıları ilə Müzəffər Ali Baş Komandan, rəşadətli Ordumuz, qəhrəman Azərbaycan əsgəri, Vətənimizin gözəl guşələrindən olan Qarabağımız və mədəniyyət paytaxtımız Şuşanın gözəllikləri tərənnüm edilib.

- Sənə and içirik, Şuşa qalası!

Analar qaralar geyməyəcəkdir!

Atalar qəddini əyməyəcəkdir!

Şuşa qalasına sancılan bayraq

Əsrlər ötsə də enməyəcəkdir!

Bütün iştirakçılar ayağa qalxaraq tədbirin aparıcısı A.Qurbaninin səsinə səs verib və bir ağızdan "And içirik!" deyiblər.

Tədbir başa çatanda artıq Gövhər ağa məscidinin minarəsindən azan səsi ətrafa yayılırdı. Allah sizi qorusun, öz andına, əhdinə həmişə sadiq olan Vətənin igid əsgərləri!

232
Bakıda avtobus, arxiv şəkli

Bakıətrafı marşrutlar üzrə avtobuslar nağdsız ödənişə keçir

0
(Yenilənib 16:05 24.06.2021)
Marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası davam edir. Sabahdan daha bir avtobusda gediş haqqı kartla ödəniləcək.

BAKI, 24 iyun — Sputnik. Sabahdan Bakıda 108B nömrəli marşrut xətti ("Azadlıq prospekti" metrostansiyası – Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, dünəndən 204 nömrəli marşrut xətti üzrə ("Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin "Sovxoz" adlanan ərazisinə qədər) hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödənilməsinə başlanılıb. Məlumat üçün bildirək ki, indiyədək paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

0
İmtahan, arxiv şəkli

Tərsinə fenomen: iki məktəb niyə hər kəsi məyus edib?

40
Bakıda iki məktəbin heç bir məzunu ali məktəbə qəbul ola bilməyib. Sputnik Azərbaycan bunun səbəbini araşdırıb.

 

BAKI, 24 iyun — Sputnik. Bakıda iki orta ümumtəhsil müəssisəsindən ötən tədris ilində ali məktəbə bir məzun belə qəbul ola bilməyib. Dövlət İmtahan Mərkəzinin yaydığı xəbərə görə, bunlar 185 saylı və 105 saylı tam orta məktəblərdir. Bu məlumat sosial platformadakı təhsil qruplarında da geniş müzakirəyə və tənqidə səbəb olub. Sosial şəbəkə istifadəçiləri həmin məktəblərin rəhbərliyini və pedaqoji heyətini yaxşı təhsil verməməkdə günahlandıraraq tənqid ediblər.

Sputnik Azərbaycan ötən il ali məktəbə bir məzunu belə qəbul ola bilməyən məktəblərlə əlaqə saxlayaraq bunun səbəbini araşdırıb.

Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 185 saylı orta məktəbdən Sputnik Azərbaycan-a bildirdilər ki, məktəbin direktoru Esmira Rzaquliyeva məzuniyyətdə olduğundan bu suala cavab verə bilmir. Amma özünü məktəbin müəllimi kimi təqdim edən şəxs ötən il məzunların heç birinin ali məktəbə qəbul ola bilməməsinin səbəbini şagird sayının az olması ilə izah etdi. O bildirdi ki, əvvəlki illərdə məktəbin ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək bal toplayaraq fərqlənən məzunları olub. Amma son illər məzun sayı azaldığından, ali məktəblərə qəbulla bağlı bu cür mənzərə yaranıb.

Ələtin Şıxlar massivində yerləşən 105 saylı məktəbin direktor əvəzi Mənsim Hacıyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən il məktəbin 11 məzunu olub. Onlardan üç nəfəri ali məktəbə sənəd verib. Bir məzun ödənişli universitetə qəbul olduğundan oxumaqdan imtina edib:

"Yerdə qalan yaxşı oxuyan şagirdlərimiz isə 9-cu sinifdən kolleclərə qəbul olublar. Amma əvvəlki illərdə ali məktəblərə qəbul olan şagirdlərimiz olub. Bu il 12 məzunumuz var. Onlardan 5 nəfəri ali məktəbə sənəd verib. Bizim məktəbin 2016-cı ildən bu tərəfə 105 bal toplayan məzunları olub. Bu rəqəm artmaqda davam edir. Fənn olimpiadalarında bizim dörd şagirdimiz yarımfinala çıxıb. Ümumilikdə məktəbdə məzun sayı azdır. Məzun sinifləri tək-təkdir. Növbəti ildən paralel siniflərdə məzun sayı artacaq. Ümid edirik ki, ali məktəbə qəbul olan məzunlarımız olacaq. Məktəbdə dərs deyən eyni müəllimlərdir. Buna görə birmənalı olaraq məktəbi günahkar çıxartmaq düzgün deyil", - deyə M.Hacıyev bildirib.

Qeyd edək ki, 2018-ci ildə keçirilən qəbul imtahanlarında Bakı şəhəri 140 saylı tam orta məktəbin bir abituriyenti belə, ali təhsil müəssisəsinə qəbul ola bilməmişdi.

Eləcə də oxuyun:

  • Təhsil Nazirliyi "Məzun günü" ilə bağlı qərar verib

  • "Azərbaycan dili" fənni üzrə ikinci imtahan keçiriləcək

  • Yüksək bal toplayan abituriyentlərlə bağlı statistik göstəricilər açıqlanıb

40