* AZƏRBAYCAN *
Şəhid jurnalistlərin memorial abidəsi

Şəhid jurnalistlərin xatirəsi əbədiləşdirildi

690
(Yenilənib 17:19 09.06.2021)
Onların adları "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin ərazisində milli mətbuatımızın şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.

BAKI, 9 iyun — Sputnik. İyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi xəbər yayıb.

Bildirilib ki, onların adları "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin ərazisində milli mətbuatımızın şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.

Qeyd edək ki, iyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan "KamAZ" markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AzTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

690
Kişi saçlarını darayır, arxiv şəkli

Bizə qənim kəsilən qəzəbli adamlar

97
(Yenilənib 21:41 23.06.2021)
Sputnik Azərbaycan-ın köşə yazarı son illər çox aktual olan sosial şəbəkə dözülməzliyi mövzusuna toxunub.

BAKI, 23 iyun — Sputnik. Sosial şəbəkələrdə bir qrup insan var ki, oturub kimlərisə linç etmək üçün fürsət gözləyir.

Əgər sənin şəxsi fikirin varsa, ümumi fikirə zidd bircə kəlimə yazsan, vay halına. Bu mühafizəkar və qəzəbli adamlar səni didib-parçalayar, məhv edər.

Onlar heç kəsin tənqidi fikrini, şəxsi yanaşmasını qəbul etmir. Ellikcə sevinib, ellikcə kədərlənən bu insanlar onların duyğularına şərik olmayanları bihörmət etməyə məqam gözləyirlər. Onlar üçün azadlıq əxlaqsızlıq, şəxsi fikir tərbiyəsizlik, fərdi düşüncəni bölüşmək mənasızlıqdır.

***

Onların düşməni də, dostu da ümumidir. Qəfildən sözü bir yerə qoymuş kimi kimisə sevə, ya da söyə bilirlər. Həmrəy, həmfikir olmaqda əndazəni aşmış bu adamların gözündən yayınıb azacıq müstəqil fikir yazsan, sənin xalq düşməni olduğunu sübut edənə qədər səndən əl çəkməzlər. Sosial şəbəkələrdəki qaraguruhu müşahidə edəndə, Nemət Pənahlının “Meydan” hərəkatındakı performansını xatırlayıram. Hərçənd, o dönəmdə uşaq olsamda, dumanlı xatirələrim və böyüklərdən eşitdiklərim Nemətin kütləni necə coşdurmasını yaddaşımdan silinməyə qoymur. Nemətin bir kəlməsi ilə oturub-qalxan minlərlə adam vardı illər öncə...

Sonra həmin kütləvi həmrəylik unuduldu getdi, illər sonra o adamların “varisləri” sosial şəbəkələrdə peyda oldu. İndi də onlar kütləvi şəkildə həmrəy və həmfikir olmaqla sosial şəbəkələri “Azadlıq meydanı”na çeviriblər. Onların da öz nemətpənahlısı var – sosial şəbəkə fenomenləri...

Müharibə vaxtı bu kütlənin qəzəbini də, coşğusunu da gördük. Sülh tərəfdarlarının təhqir edilməsi, fərqli düşünənlərin linç edilməsi hələ də davam edir. Bəli, bu adamlar alternativ, müstəqilfikirə hörmət etmir, hətta qəbul etmirlər. Onlar kimi düşünmürsənsə düşmənsən, namərdsən, satılmısan. Şüar birdir: “ya bizdənsən, ya düşmən”.

***

Şübhsiz ki, kütlənin azad fərdlərə qarşı dözümsüzlüyü yenilik deyl. İllər öncə də sosial şəbəkələrdə qəzəbli adamlar, əsəbi kütlə vardı, bu gün də var. Lakin getdikcə onların bölünməsi, qruplaşması fərqli istiqamətdə təşəkkül tapır. Nə qədər bölünüb, parçalanıb, şaxələnib inkişaf etsələr də, onların ortaq nöqtəsi mütləq var: fərdlərə, azad, müstəqil fikirli insanlara qarşı dözümsüzlük. Əgər şəxsi fikirin varsa, bunu ifadə etmək istəyirsən yüz ölçüb, bir biçməlisən. Yoxsa, hücuma, linçə, təhqirə hazır olmalısan.

Onlar klassikləri çıxmaq şərti ilə, heç bir musiqiçini, rejissoru, aktyoru, yutuberi, siyasətçini, yazıçını və şairi bəyənmirlər. Onların fikirincə “bizimkilər” heç nəyi bacarmır. Məsələn, indiki müğənnilər oxuya bilmir, komediya aktyorları güldürə bilmir, rejissorlar çəkməyi bacarmır, yazıçılar isə yazmasa daha yaxşıdır. Nirvanada olduğunu düşünən bu ərənlər, onlar kimi düşünməyənləri cahil, savadsız, savadsız, bacarıqsız hesab edir. Çünki haqqı bilən sadəcə onlardır və onlar da “kövni-məkana sığmırlar”.

***

Xülaseyi-kəlam, bu qəzəbli və əsəbi insanlar arasında yaşamaq, ömür tükətmək əməlli-başlı işgəncədir. Bir yandan pandemiya, bir yandan gündən-günə çətinləşən həyat şərtləri, “bir yandan da havalar...” Açığı hər şeyə birtəhər dözmək, səbr etmək mümkündür. Adamı nə yayın istisi yandırır, nə də susuzluq. Adamı yandıran anlayışsız insanlar arasında yaşayıb, ömür-gün tükətməkdir. Bu qəzəbli, heç nəyi bəyənməyən, hamıya potensial düşmən kimi baxan adamlarla eyni səmanın altında eyni ulduzları seyr etmək o qədər çətindir ki...

97
Milli Məclisin

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

3
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyinə 12 məsələ daxil edilib

BAKI, 23 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyi məlum olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, toplantının gündəliyinə 12 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Diplomatik xidmət haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Qeyd edək ki, iyun ayının 22-də Milli Məclisin növbədənkənar iclası keçirilib və 14 məsələ müzakirə edilib.

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının çağrılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.

3