Erməni hərbçisi, arxiv şəkli

MN: Erməni hərbçisi Azərbaycana təxribat-diversiya məqsədilə daxil olmayıb

5375
(Yenilənib 23:04 08.06.2021)
Günorta saatlarında nazirlik Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun ərazilərimizə daxil olduğunu bildirmişdi.

BAKI, 8 iyun — Sputnik. Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. Onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

"A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.

Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.

Bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik" - məlumatda deyilir.

Həmçinin oxuyun:

Laçın istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun üzvü saxlanılıb

5375
Füzuli hava limanının tikintisi

Füzuli aeroportunda ilk sınaq uçuşunun keçiriləcəyi tarix açıqlanıb

3
İşğaldan azad edilmiş ərazilərdə tikiləcək hava limanlarından biri olan Füzuli aeroportunda işlər sürətlə sona yaxınlaşır.

BAKI, 16 iyun — Sputnik. Füzuli rayonunda səfərdə olan media nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

"Report"un məlumatına əsasən, AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib ki, Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır:

"Yanvar ayının 14-də başlayan işlər çərçivəsində geniş fizolajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş enmə zolağının torpaq yatağı tamamlanıb. Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir. Sahəsi 60 min kvadrat metr olan 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir beton konstruksiya işləri 100 faiz tamamlanıb. Dəmir beton konstruksiyanın quraşdırılma prosesi gedir. Italiya istehsalı olan dam örtükləri a rtıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri gətirilmək üzrədir".

O bildirib ki, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir beton konstruksiyasının işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır:

"İstifadə olunan avadanlıqların hamısı avropa istehsalıdır və testdən keçirilərək Bakıya gətirilib. Bu sahədə beton özüllərin quraşdırılması isə bu ayın sonuna planlaşdırılır. Uçuş enmə zolağında tikinti işləri sentyabrın 5-nə kimi tamamlanacaq".

Füzuli beynəlxalq hava limanı

2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirib.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verib. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutub.

Köhnə aeroportun yerində tikilən Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının inşası ilə bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC məşğul olur. Hava limanının tikintisi yanvar ayında başlayıb. Plana əsasən ilin sonuna kimi uçuş-enmə zolağı, eləcə də peron istifadəyə veriləcək. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq.

3
İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalayıb

Şuşa Bəyannaməsinin TAM MƏTNİ dərc olunub

7
(Yenilənib 12:15 16.06.2021)
İyunun 15-də Azərbaycan də Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsi imzalanıb.

BAKI, 16 iyun — Sputnik. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin tam mətni dərc edilib. Sputnik Azərbaycan Azərtac-a istinadən bəyannamənin mətnini təqdim edir:

"Azərbaycan Respublikası və Türkiyə Respublikası,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq,

İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək,

9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutaraq,

İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayaraq,

Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk edərək,

Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq,

Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini ifadə edərək,

Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək,

Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirərək,

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq,

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək,

bəyan edirlər:

Tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər.

Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi.

Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır.

Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar.

Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.

Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.

Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir.

Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.

Tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər.

Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.

Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər.

Tərəflər bildirirlər ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir.

Tərəflər kiber təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar və bu sahədə birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçirəcək, qarşılıqlı texniki əməkdaşlığı təşviq edəcəklər.

Tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar. Bu xüsusda Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görəcəklər.

Tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunu vurğulayırlar. Tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər. Tərəflər, həmçinin qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə niyyətlərini ifadə edirlər.

Tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər.

Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər.

Tərəflər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyini vurğulayırlar.

Tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər.

Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir.

Tərəflər müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər.

Tərəflər ölkələrinin təqdim edilməsi və milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporal fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklər.

Tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər.

Tərəflər 10 dekabr 2020-ci il tarixində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu"na uyğun olaraq Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcəkdir.

Tərəflər parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsini və bu istiqamətdə qarşılıqlı fəaliyyətin artırılmasını təşviq edirlər.

Tərəflər hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər.

Tərəflər Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasına diqqət çəkdilər.

Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər.

Tərəflər Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər.

Tərəflər bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisinə şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında əldə edilən razılaşmadan məmnunluq ifadə edirlər və həmin razılaşmanın xalqlarımız arasında yaxınlıq və insanlar arasında əlaqələr baxımından müstəsna əhəmiyyətini qeyd edərək, bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müvafiq tədbirlər görülməsini təqdir edirlər.

Tərəflər lazımi dövlət dəstəyini təmin edərək xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirəcək və dərinləşdirəcəklər. Bu məqsədlə iki ölkənin aidiyyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətlər həyata keçiriləcəkdir.

Bu Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində, Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.

Bəyannaməni imzalayıblar:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan".

Prezidentlərin Şuşa səfəri

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Şuşa Bəyannaməsi

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

Həmçinin oxuyun:

Cənab Putin də bu cür fədakarlığa hazırdır - Ərdoğan

Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb

7