Əlil, arxiv şəkli

Əlilliyi qiymətləndirəcək tibb müəssisələri bəlli oldu

22
(Yenilənib 16:29 08.06.2021)
Göndərişdəki xəstəlik vəziyyəti əsasında TSEK tərəfindən əlillik qiymətləndirilir və əlillik qrupunun təyin edilib-edilməməsi barədə qərar verilir.

BAKI, 8 iyun — Sputnik. Əlilliyin qiymətləndirilməsində operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq və bu sahədə işin keyfiyyətini yüksəltmək məqsədilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki 163 tibb müəssisəsi müəyyən olunub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Xəbərdə qeyd edilir ki, tibb müəssisələrinin siyahısı müəyyənləşdirilərkən onların imkan və potensialı nəzərə alınıb, maddi-texniki baza və kadr resursları yüksək səviyyədə olanlar əlilliyin qiymətləndirilməsi ilə bağlı göndəriş vermək üçün seçilib. Görülən tədbirlər əlillik dərəcəsinin müəyyən edilməsi üçün tibb müəssisəsinə müraciət edən vətəndaşların müayinələrə əlçatanlığını təmin etməyə, keyfiyyətli tibbi xidmətlər əldə etmələrinə xidmət edir.

Sözügedən tibb müəssisələrinin əlilliyin qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) müayinəsinə göndəriş vermək hüququ var. Bu tibb müəssisələrinin Həkim Məsləhət Komissiyaları əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinətlərin müəyyən edilməsi üçün TSEK-ə göndəriş verə bilər.

Eyni zamanda sözügedən tibb müəssisələrinə əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi, əlillik səbəbinin dəyişdirilməsi, istehsalatda alınmış zədə və ya sağlamlığın pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi, əlillərin texniki və digər reabilitasiya vasitələri ilə təmin edilməsi üçün Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil etmək səlahiyyəti verilib. Göndərişdəki xəstəlik vəziyyəti əsasında TSEK tərəfindən əlillik qiymətləndirilir və əlillik qrupunun təyin edilib-edilməməsi barədə qərar verilir.

Qeyd edək ki, əlilliyin təyin edilməsi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin nəzdində həkim məsləhət komissiyaları fəaliyyət göstərir. Hazırki qanunvericiliyə görə, əlillik müddətli və müddətsizdir. Müddətli əlillik təyinatı müddəti 5 ildir. 5 il müddətin tamamında əlilliyi olan vətəndaş yenidən əlilliyin qiymətləndirilməsi üçün səhiyyə müəssisəsində müayinədən keçərək əlillik alt sisteminə "Forma 88" daxil etdirməlidir. Əlilliyin təyini məhz bu forma əsasında təyin edilir.

22

Lənkərana böyük futbolun qayıtması

0
(Yenilənib 16:11 14.06.2021)
Lənkəranlı azarkeşlər Sputnik Azərbaycan-ın “Lənkərana böyük futbolun qayıdışı və ya "Xəzər Lənkəran"ın bərpası” ilə bağlı sualını cavablandırıblar. Ətraflı videomuzda

 

Lənkəran hər zaman futbolu ilə tanınan şəhərlərdən olub. Lakin artıq 5 ildir ki, Lənkəranda böyük futbol dayanıb. Öz çılğın azarkeşləri ilə məşhur olan "Xəzər Lənkəran" Mərkəzi Stadionu isə böyük oyunların qayıdışını gözləyir.

Azarkeşlər müsahibələrində bildiriblər ki, əsas məsələ bu gün lənkəranlı gənclərin asudə vaxtının səmərəli təşkili üçün Lənkərana böyük futbolun qayıtmasıdır.

"Xəzər Lənkəran" Futbol Klubunun əsas komandası fəaliyyətini dayandırdıqdan sonra “Fırtınalar Meydanı” və ya “Xəzər Lənkəran" Mərkəzi Stadionu tam 5 ildir ki, azarkeşsiz və böyük oyunlarsız qalıb. Onlar futbolun dirçəlməsini istəyirlər və buna ümid edirlər.

 

0
Koronavirus testləri, arxiv şəkli

Koronavirus cəbhəsində bu gün vəziyyət necədir? Bu günün statistikası

7
(Yenilənib 16:42 15.06.2021)
İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

BAKI, 15 iyun - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10316, ötən müddət ərzində isə ümumilikdə 3 637 889 test aparılıb.

7