Bakıda metro faliyyətini bərpa edib, 31 may 2021-ci il

Metropoliten bir həftəlik sərnişindaşıma statistikasını açıqladı

38
(Yenilənib 11:45 08.06.2021)
"Sərnişindaşımanın bərpa olunduğu ilk həftə ərzində metropoliten 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb" - B.Məmmədov

BAKI, 8 iyun — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bir həftəlik sərnişindaşıma statistikasını açıqlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, sərnişindaşımanın bərpa olunduğu ilk həftə ərzində metropoliten daha az sərnişin daşıyıb: "Sərnişindaşımanın bərpa olunduğu ilk həftə ərzində metropoliten 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb. Orta hesabla gün ərzində 350000 - 400000 civarında sərnişin daşınıb".

"8 Noyabr stansiyasından isə orta hesabla gün ərzində 2500 civarında sərnişin istifadə edib", - deyə o əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarı ilə "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti pandemiya ilə əlaqədar olaraq ötən ilin 1 aprelində bağlanıb, mayın 9-da isə metropolitenin fəaliyyəti yenidən bərpa olunub. Bir müddət sonra, iyulun 4-dən sentyabrın 14-dək metropolitenin fəaliyyəti yenidən dayandırılıb. Sentyabrın 14-dən oktyabrın 19-dək metropolitenin fəaliyyəti yenidən bərpa olunub.

Nazirlər Kabinetinin qərarı ilə oktyabrın 19-da metropolitenin fəaliyyəti dayandırılıb və bu ilin 31 mayından etibarən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti yenidən bərpa olunub.

38
Annecy Beynəlxalq Animasiya Film Festivalı, arxiv şəkli

Fainanın sirri: Fransada Azərbaycanla bağlı tarixi hadisə yaşanır

2
(Yenilənib 12:41 23.06.2021)
IV "Anı̇mafı̇lm" Beynəlxalq Animasiya Festivalı oktyabrın 20-dən 24-dək Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək.

BAKI, 23 iyun — Sputnik. Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın "Annecy" Beynəlxalq Animasiya Film Festivalında təmsil olunub. Festivalın 45-ci buraxılışı 5 gün davam edib.

Sputnik Azərbaycan xəbər verir ki, animasiya kinosunun "Oscar"ı sayılan "Annecy" festivalında Azərbaycanı "Animafilm"in direktoru Rəşid Ağamalıyev, 3-cü "Animafilm" festivalının qalibi Fidan Axundova və rejissor Durna Səfərova təmsil ediblər.

Fidan Axundovanın Fransaya səfəri və MIFA akkreditasiyası onun ötənilki "Animafilm" festivalının "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanması sayəsində mümkün olub. Xatırladaq ki, həmin mükafatın sponsorları məhz Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və "Annecy" Beynəlxalq Animasiya Film Festivalı olub.

"Bu tarixi hadisədir. Azərbaycan kinosunun tarixində ilk dəfə animasiya filmimiz "Annecy" Festivalında müsabiqə proqramında iştirak etdi. Durna Səvərovanın "Fainanın sirri" "Annecy"-nin "Perspectives" müsabiqə proqramında yarışdı. Onu da qeyd edim ki, "Animafilm" Festivalı artıq ikinci dəfədir ki, "Annecy"-nin MIFA animasiya bazarında təmsil olunur. Biz Azərbaycan və Fransa arasında çox önəmli animasiya proqramları hazırlamışıq. Bu barədə tezliklə geniş məlumat veriləcək", - deyə "Animafilm" Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev deyib.

Xatırladaq ki, 2021-ci ildə "Animafilm" Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və "Annecy" Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada "Animafilm" festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək "Annecy" Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.

IV "Anı̇mafı̇lm" Beynəlxalq Animasiya Festivalı oktyabrın 20-dən 24-dək Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu əlillik olacaq.

2
Antoniu Quterreş, arxiv şəkli

İnternetsizlik Quterreşi narahat edib

17
(Yenilənib 12:27 23.06.2021)
Bir çox hökumətlər dövlət xidmətlərinin əhəmiyyətli hissəsini onlayn şəkildə təmin etsə də, digərləri çətinliklərlə üzləşdi. Rəqəmsal bərabərsizlik qlobal səviyyədə özünü göstərdi.

BAKI, 23 iyun — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş 23 iyun Dövlət Xidməti Günü ilə əlaqədar müraciət yayıb.

Sputnik Azərbaycan müraciəti təqdim edir:

"BMT-nin Dövlət Xidməti Günü cəmiyyətlərdə rifahı təmin etmək işinə özlərini həsr etmiş yüz milyonlarla dövlət qulluqçusunun əməyini dəyərləndirir. Dünya COVID-19 pandemiyasının dağıdıcı təsirləri ilə üzləşdiyi bir vaxt onların işi hər zamankından daha əhəmiyyətlidir. Bu il Dövlət Xidməti Gününün mövzusu dövlət xidmətlərində rəqəmsal yeniliklərə həsr olunub.

Pandemiyanın yaratdığı çətinliklərə və həyati təhlükələrə baxmayaraq, dövlət qulluqçuları evdən çalışmaqla, onlayn dərslər keçməklə, distant tibbi xidmətlər göstərməklə bütün sahələrdə xidmətləri davam etdirmək üçün rəqəmsal texnologiyaları səfərbər ediblər.

Bir çox hökumətlər dövlət xidmətlərinin əhəmiyyətli hissəsini onlayn şəkildə təmin etsə də, digərləri çətinliklərlə üzləşdi. Rəqəmsal bərabərsizlik qlobal səviyyədə özünü göstərdi. Bir çox insanın etibarlı genişzolaqlı internetə çıxışı yoxdur. Əksəriyyəti rəqəmsal texnologiyaların səmərəli istifadəsində maneələrlə üzləşir və ya distant dövlət xidmətlərindən effektiv şəkildə yararlanmaq üçün lazımi bacarıqlara sahib deyil.

Dövlət xidmətlərinin təminatı rəqəmsallaşdıqca, dövlət qulluqçularının da müvafiq bacarıqlara malik olmasını təmin etməliyik. Əlilliyi olan və digər təcrid olunmuş qruplar da daxil olmaqla hər kəsin onlayn xidmətlərdən istifadə edə bilmələrini təmin etməliyik. Heç kim offlayn qalmadığı təqdirdə Dayanıqlı İnkişaf Məqsədlərinə tam nail ola biləcəyik.

Dövlət Xidməti Gününü qeyd edərkən, gəlin, onlayn və offlayn şəkildə dövlət qulluqçularımızın əməyini yüksək qiymətləndirək, dəstəkləyək və onların fəaliyyətinə sərmayə yatıraq. Elə edək ki, dövlət qulluqçularımız xidmətlərini həyata keçirmək üçün daha çox imkanlar əldə etsinlər".

17