Allahşükür Paşazadə Patriarx Kirillin nümayəndəsi ilə nə danışıb?

© Photo : Caucasus Muslim BoardQafqaz Müsəlmanları İdarəsinin sədri Moskva Patriarxiyası Xarici Kilsə Əlaqələri şöbəsinin sədr müavini qəbul etdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri Moskva Patriarxiyası Xarici Kilsə Əlaqələri şöbəsinin sədr müavini qəbul etdi - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
Görüş çərçivəsində işğaldan azad olunmuş Azərbaycan ərazilərində dini məbədlərin bərpası ilə bağlı məsələlərə dair də fikir mübadiləsi aparılıb.

BAKI, 4 iyun — Sputnik. İyunun 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda işgüzar səfərdə olan Rus Pravoslav Kilsəsinin nümayəndəsini - Moskva Patriarxiyası Xarici Kilsə Əlaqələri şöbəsinin sədr müavini Arximandrit Filareti qəbul edib.

QMİ-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, görüşdə Şeyxülislam A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsi üçün Rus Pravoslav kilsəsi ilə əlaqələrin xüsusi önəm kəsb etdiyini vurğulayaraq, iki dini mərkəz arasında ənənəvi dostluq, qarşılıqlı ehtiram və sıx əməkdaşlıq əlaqələrin mövcud olduğunu qeyd edib, bu əlaqələrin qlobal dinlərarası dialoqa böyük töhfə verdiyini bildirib.

QMİ sədri bu qardaşlıq münasibətlərinin və dinlərarası əməkdaşlığın davam və inkişaf etdirilməsinin mühüm olduğunu, xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət etdiyini qeyd edib.

Arximandrit Filaret, öz növbəsində, Moskva və bütün Rusiya Patriarxı Kirillin tapşırığı üzrə QMİ sədri ilə görüşməkdən və onun səmimi salamlarını, xeyir-dualarını Şeyxülislama çatdırmaqdan şərəf duyduğunu bildirib. Qonaq QMİ sədrinin dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq müstəvisində tanınmış dini lider olaraq dəyərli xidmətlərinin olduğunu xüsusi vurğulayıb.

Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin yüksək səviyyəli, məhsuldar əməkdaşlıq əlaqələrinin bu sahədə bütün dünya üçün gözəl örnək, postsovet məkanı üçün müsbət nümunə olmasını qeyd edən qonaq bu il Moskva və bütün Rusiya Patriarxı Aleksinin 2001-ci ildə Azərbaycana ilk səfərinin fəxri ildönümü olduğunu xatırladıb.

Arximandrit Filaret Patriarx Kirillin QMİ sədri Şeyxülislam A. Paşazadə ilə MDB Dinlərarası Şurasının həmsədrləri olaraq birgə təşəbbüs və səylərinin region üçün və qlobal müstəvidə böyük önəm kəsb etdiyini xüsusi qeyd edib. Görüş çərçivəsində işğaldan azad olunmuş Azərbaycan ərazilərində dini məbədlərin bərpası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyasının təmsilçisinin iştirak etdiyi görüşdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərindən Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Avropa yəhudiləri icmasının sədri Aleksandr Şarovski iştirak ediblər. Görüşdə Azərbaycan Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə iştirak edib.

Xəbər lenti
0