Pandemiya zamanı imtahan, arxiv şəkli

Bu gün 9-cu sinif şagirdləri buraxılış imtahanı verəcək

31
(Yenilənib 11:53 02.06.2021)
İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilib.

BAKI, 2 iyun — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək. DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından mayın 21-dən etibarən çap edib götürə bilirlər.

İmtahanda 18 609 nəfər iştirak edəcək.

İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

31
Toyuq əti

Azərbaycana gətirilən 1,2 ton hind quşu dərisi yararsız çıxdı

11
Məhsulda patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

BAKI, 19 iyun — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən "Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi" tərəfindən istehsal olunan və "Ladess Group" MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1,2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

11

Hökumətdən yeni hava limanlarının tikintisi işində böyük güzəşt

14
(Yenilənib 13:10 19.06.2021)
Azad edilən ərazilərdə 3 hava limanının tikintisi üçün idxal edilən mallar gömrük rüsumuna cəlb olunmayacaq.

BAKI, 19 iyun — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, "Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Bu bəndlə müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu mallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Füzuli beynəlxalq hava limanı

2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirib.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verib. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutub.

Köhnə aeroportun yerində tikilən Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının inşası ilə bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC məşğul olur. Hava limanının tikintisi yanvar ayında başlayıb. Plana əsasən ilin sonuna kimi uçuş-enmə zolağı, eləcə də peron istifadəyə veriləcək. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq.

AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov bildirib ki, Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır.

Həmçinin oxuyun:

Füzuli aeroportunda ilk sınaq uçuşunun keçiriləcəyi tarix açıqlanıb

14