* AZƏRBAYCAN *
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev, arxiv şəkli

Türk dünyasının ağsaqqalı Azərbaycan Prezidentini təbrik edib

16
(Yenilənib 16:15 24.05.2021)
"Əminəm ki, ölkələrimiz arasında ümumi mənəvi dəyərlərə və dostluğa, həmçinin strateji tərəfdaşlığa söykənən hərtərəfli qarşılıqlı faydalı əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək".

BAKI, 24 may — Sputnik. Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qardaş Azərbaycanın sosial-iqtisadi inkişafında və beynəlxalq arenada nüfuzunun artırılmasında Sizin rəhbərliyinizi və önəmli töhfələrinizi qeyd edərək, ölkənizin daha yüksək zirvələrə çatdırılması istiqamətindəki fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında ümumi mənəvi dəyərlərə və dostluğa, həmçinin strateji tərəfdaşlığa söykənən hərtərəfli qarşılıqlı faydalı əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətli işinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq diləyirəm".

Həmçinin oxuyun:

Səudiyyə Ərəbistanı kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik edib

16
Əbülfəz Elçibəy, arxiv şəkli

Bu gün Əbülfəz Elçibəyi yad edirik

7
(Yenilənib 16:22 24.06.2021)
Əbülfəz Elçibəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi.

BAKI, 24 iyun — Sputnik. Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993), Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident Əbülfəz Elçibəyin (tam adı: Əbülfəz Qədirqulu oğlu Əliyev) doğum günüdür.

Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib.

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.

Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir.

Seyidlərdən ibarət olan (bu səbəbdən də onların adına "Seyid" və "Mir" dini titulları artırılıb) ata tərəfi Cənubi Azərbaycandandır. İlkin ulu babaları kökcə Şah İsmayıl Səfəvinin sələflərindən olan Şeyx Sədrəddin Musanın (1305–1392) uruqlarındandır. Bəzi qaynaqlarda Şeyx Sədrəddinə Şeyx Xoca Əli də deyildiyi bildirilir, bəzi qaynaqlarda isə Şeyx Xoca Əlinin onun oğlu olduğu göstərilir. Bu fikirlərdən hansının doğruluğundan asılı olmayaraq Əbülfəz Elçibəyin nəsli məhz həmin Şeyx Xoca Əlidən (Şeyx Əli Xoca da adlanıb) başlanır. Əbülfəz Elçibəyin özündə olan soyağacında nəslin davamçıları olan 30-dan artıq adamın adı sadalanır.

Klassik və müasir ərəb dilini, islam dininin əsaslarını, şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun "Elmi əsərlər"ində, EA-nın "Xəbərlər"ində, "Əlyazmalar xəzinəsində" toplusunda və b. nəşrlərdə çıxan "Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması" (1967), "Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair" (1968), "9–10-cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında" (1971), "Tulunilər dövləti və Qərmətilər" (1971), "Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair" (1971), "9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət" (1972), "Hənəfilik və onun əsas qaydaları" (1986), "Əhməd Tantarani Maraği və onun "Tantaraniyyə" qəsidəsi" (1987) və b. bir çox digər tədqiqatlarını göstərmək olar. Alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: "Tolunoğulları dövləti (868–905)" (İstanbul, 1997) və "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir.

8 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb.

Əbülfəz Elçibəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edildi. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırıldı. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. İşğal altında olan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edildi.

Elçibəy iqtidarının apardığı geridönməz müstəqillik siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etdilər və ölkədə vətəndaş müharibəsi qaçılmaz oldu. Öz xalqını labüd faciələrdən qurtarmaq istəyən prezident Əbülfəz Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə getdi və burada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi. Bir çox antitürkist, bidətçi qruplar onu hakimiyyətdən salmışdır.

Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra – 1997-ci ilin 30 Oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən AXCP sədri Əbülfəz bəy, həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü. 1997-ci ildə Marqaret Tetçerin "Qafqazda ən böyük demokrat" adlandırdığı Ə.Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçildi.

Əbülfəz Elçibəyin siyasi-nəzəri görüşləri "Bu mənim taleyimdir" "Deyirdim ki, bu quruluş dağılacaq", "Demokratiya və azadlıq", "Bütöv Azərbaycan yolunda", "Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!", "Elçi düşüncələri" kitablarında əksini tapıb. Onun mübarizə yolunu işıqlandıran Kamil Vəli Nərimanoğlunun "Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy", A.Səmədoğlunun "Elçibəy və Azərbaycan", Fazil Qəzənfəroğlunun "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə", Ədalət Tahirzadənin "Elçi Bəy", "Elçibəylə 13 saat üz-üzə", "Prezident Elçibəy", O.Məmmədovun "Elçibəy ilə birlikdə otuz il" və b. kitablar oxucuların marağına səbəb oldu.

Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə – 62 yaşındaykən qardaş Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşdu. Bakıda dəfni günü yüz minlərlə insanın onun tabutunu son mənzilinədək çiyinlərində aparması onun doğma xalqının ürəyində əbədi sevgi qazandığına sübut oldu.

7
Bakıda avtobus, arxiv şəkli

Bakıətrafı marşrutlar üzrə avtobuslar nağdsız ödənişə keçir

3
(Yenilənib 16:05 24.06.2021)
Marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası davam edir. Sabahdan daha bir avtobusda gediş haqqı kartla ödəniləcək.

BAKI, 24 iyun — Sputnik. Sabahdan Bakıda 108B nömrəli marşrut xətti ("Azadlıq prospekti" metrostansiyası – Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, dünəndən 204 nömrəli marşrut xətti üzrə ("Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin "Sovxoz" adlanan ərazisinə qədər) hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödənilməsinə başlanılıb. Məlumat üçün bildirək ki, indiyədək paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

3