Nizami Gəncəvinin heykəli, arxiv şəkli

Türkiyədə "Nizami Gəncəvi İli"nə həsr olunan xatirə pulu buraxılıb

13
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi olan Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

BAKI, 22 may — Sputnik. Türkiyə zərbxanası ölkəmizin Ankaradakı səfirliyinin təşəbbüsü ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi və "Nizami Gəncəvi İli"nə həsr olunan bürüncdən xatirə pulu buraxıb.

Sputnik Azərbaycan xəbər verir ki, xatirə pulunun ön üzündə Nizami Gəncəvinin portreti, "Azerbaycan Şairi Nizami Gencevi"nin Doğumunun 880. Yılı" yazısı, arxa üzündə isə Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsi əksini tapıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli "Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi" haqqında Sərəncamından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Türkiyənin Zərbxanası ilə xatirə pulunun buraxılmasına dair razılıq əldə olunub.

Xatirə pulunun sertifikatında bildirilir ki, 2021-ci il böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyidir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi olan Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

Dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir.

Nizami Gəncəvi müxtəlif mövzularda yazdığı beş məsnəvidən ibarət "Xəmsə"si ilə həm müasirləri, həm də ondan sonra bu növdə əsər yazan bir çox şairə öncülük etmişdir. Bu yönüylə mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizami Gəncəvinin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.

Böyük Azərbaycan-türk şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilmişdir.

13
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənədi imzalayacaq

82
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bəzi məsələlərlə bağlı Azərbaycanla danışıqlar apardıqlarını təsdiqləyib.

BAKI, 23 iyun — Sputnik. Yaxın vaxtlarda Ermənistan və Rusiya arasında Rusiya sülhməramlılarının Basarkeçərdə (Geğarkunik) Zod-Xəzinavar ərazisində yerləşdirilməsinə dair razılıq əldə olunacaq. Bundan sonra Ermənistan hərbçiləri ön xətdən geri çəkiləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Qraparak" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqların aparılması barədə faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da təsdiqləyib: "Azərbaycan tərəfi buna öz razılığını veribmi?" sualına cavab olaraq Davtyan bildirib: "Biz öz ərazimizlə bağlı Azərbaycandan heç nə soruşmamalıyıq. Lakin bəzi məsələlərlə bağlı onlarla da danışıqlar aparılır. Ehtiyac olduqda biz Rusiya ilə əməkdaşlıq edirik".

Nəşr, həmçinin iddia edib ki, Nikol Paşinyan yəqin ki, sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq.

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

82
Annecy Beynəlxalq Animasiya Film Festivalı, arxiv şəkli

Fainanın sirri: Fransada Azərbaycanla bağlı tarixi hadisə yaşanır

30
(Yenilənib 12:41 23.06.2021)
IV "Anı̇mafı̇lm" Beynəlxalq Animasiya Festivalı oktyabrın 20-dən 24-dək Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək.

BAKI, 23 iyun — Sputnik. Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın "Annecy" Beynəlxalq Animasiya Film Festivalında təmsil olunub. Festivalın 45-ci buraxılışı 5 gün davam edib.

Sputnik Azərbaycan xəbər verir ki, animasiya kinosunun "Oscar"ı sayılan "Annecy" festivalında Azərbaycanı "Animafilm"in direktoru Rəşid Ağamalıyev, 3-cü "Animafilm" festivalının qalibi Fidan Axundova və rejissor Durna Səfərova təmsil ediblər.

Fidan Axundovanın Fransaya səfəri və MIFA akkreditasiyası onun ötənilki "Animafilm" festivalının "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanması sayəsində mümkün olub. Xatırladaq ki, həmin mükafatın sponsorları məhz Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və "Annecy" Beynəlxalq Animasiya Film Festivalı olub.

"Bu tarixi hadisədir. Azərbaycan kinosunun tarixində ilk dəfə animasiya filmimiz "Annecy" Festivalında müsabiqə proqramında iştirak etdi. Durna Səvərovanın "Fainanın sirri" "Annecy"-nin "Perspectives" müsabiqə proqramında yarışdı. Onu da qeyd edim ki, "Animafilm" Festivalı artıq ikinci dəfədir ki, "Annecy"-nin MIFA animasiya bazarında təmsil olunur. Biz Azərbaycan və Fransa arasında çox önəmli animasiya proqramları hazırlamışıq. Bu barədə tezliklə geniş məlumat veriləcək", - deyə "Animafilm" Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev deyib.

Xatırladaq ki, 2021-ci ildə "Animafilm" Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və "Annecy" Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada "Animafilm" festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək "Annecy" Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.

IV "Anı̇mafı̇lm" Beynəlxalq Animasiya Festivalı oktyabrın 20-dən 24-dək Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu əlillik olacaq.

30