Razi Nurullayev, arxiv şəkli

"Ev almağa ömürləri çatmayacaq" - Deputat şəhid ailələrinin ağlamalı durumu barədə

28
(Yenilənib 13:08 21.05.2021)
"Çıxan nəticə budur ki, yaşlı, xəstə şəhid ata və analarının evlə təminatı önə salınmalı və dövlət onlar qarşısında olan borcunu onlar dünyasını dəyişməmiş yerinə yetirməlidir".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. "Birinci Qarabağ müharibəsində şəhid verən yüzlərlə ailə hələ də evlə təmin edilməyib. Onlardan xeyli hissəsi ilə görüşmüşəm. Son bir ildə görüşdüyüm şəhid ata və analarından bir neçəsi dünyasını dəyişib və onlar evlə təmin edilə bilməyiblər. "Ev-ev" deyə-deyə dünyadan köçdülər və həqiqətən çox üzgünəm. Onlardan biri İmişli rayonu, Qaraqaşlı kənd sakini Mirəliyev Rüstəm kişi idi. Əsa ilə qəbula gəlir və çox pis vəziyyətdə yaşadığını deyirdi. Çox köhnəlmiş evinə güclə çıxıb-düşdüyünü deyirdi. O kişi dünyasını dəyişdi və onun obrazı gözümün qabağından getmir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.

Deputat əlavə edib ki, bütün Azərbaycan boyu belə şəhid ata və anaları var:

"Onların 70-85 arası yaşları var, hər biri xəstədir. Ağrılı cəhət budur ki, bu şəxslər dünyasını dəyişəndən sonra ailə ev almaq və şəhid statusu hüququnu itirir. Bir nümunə üzərində deyim. İmişlinin Hacalmuradlı kəndində 77 yaşlı şəhid anası Nafizə Tarverdiyeva ilə görüşdüm və o mənə dedi ki, 28 ildir şəhid vermişəm və ev gözləyirəm. Amma, bilsinlər ki, ev almayana qədər Allahdan möhlət istəmişəm, başımı yerə qoyan deyiləm. Çıxan nəticə budur ki, yaşlı, xəstə şəhid ata və analarının evlə təminatı önə salınmalı və dövlət onlar qarşısında olan borcunu onlar dünyasını dəyişməmiş yerinə yetirməlidir. Əgər növbəyə qalsa, onların ev almaq üçün ömürləri yetməyəcək".

Deputat spiker Sahibə Qafarovaya müraciət edərək deyib ki, təxirəsalınmaz olduğunu nəzərə alaraq bu məsələyə siz də xüsusi diqqət ayırasınız.

28
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

67
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

67
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Yetkinlik yaşına çatmayan şəxsə qarşı quldurluq edənlər saxlanılıb

12
(Yenilənib 22:58 19.06.2021)
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

BAKI, 19 iyun - Sputnik. Paytaxtın Xətai rayonu ərazisində yetkinlik yaşına çatmayan bir nəfərə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, M.Hadi küçəsində yerləşən restoranlardan birinin qarşısında iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb.

Daha sonra həmin şəxslər onu əllərində olan bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu tələb ediblər. Zərərçəkən telefonu onlara verəndən sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

Məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin və 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, həmin ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Əliyev və İlham Həsənov saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, zərərçəkənə məxsus mobil telefon saxlanılan şəxslərin üzərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

12