Şeyxülislam Allahşükür Paşazadə

Allahşükür Paşazadə təbrik etdi, bayramın vaxtını fitrə zəkatının məbləğini açıqladı

25
(Yenilənib 13:21 11.05.2021)
Prezidenti İlham Əliyev cənabları möhtərəm Mehriban xanımla birlikdə Zəngilan məscidinin bünövrəsini qoyduqları kimi, inşallah, bütün məscidlərimiz, dini məbədlərimiz bərpa olunacaq.

BAKI, 11 may — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrik mətnində deyilir:

"Əziz müsəlman qardaş və bacılar, möhtərəm həmvətənlərim!

Dünya müsəlmanlarının əziz günü -- Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Allah dərgahında rəhmət, bərəkət və məgfirəti ilə seçilən Ramazan ayının əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq, Ramazani- Şərifin bayram səadətinə qovuşurlar. Allaha dualar edirik ki, bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun!

Bu ilki Ramazan bayramı Azərbaycan xalqı üçün illərlə arzusunda olduğu Zəfər əhval- ruhiyyəsi ilə özəldir. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Vətən müharibəsində şanlı əsgərlərimizin şücaətləri, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar Haqq işimizdə qələbəni bizlərə nəsib etdi. Bu şanlı zəfər yolunda şəhidlik məqamına yüksəlmiş qəhrəman övladlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!

Səmada aypara, arxiv şəkli
© AFP 2021 / SAID KHATIB

Şükürlər olsun ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidən Azan səslənir. Azərbaycan xalqı bu Ramazanı işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq-bərpa işlərinin müjdəsindən duyduğu qürur və nikbinliklə, düşmən tərəfindən dağıdılmış, təhqir olunmuş məscidlərimizin dirçəldilməsi üçün görülən işlərin doğurduğu mənəvi fəxarət hissilə qarşılayır.Xalqımız əmindir ki, Qarabağ tezliklə Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək, burada yenidən həyat canlanacaq, vətəndaşlarımız öz torpaqlarına qayıdacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev cənabları möhtərəm Mehriban xanımla birlikdə Zəngilan məscidinin bünövrəsini qoyduqları kimi, inşallah, bütün məscidlərimiz, dini məbədlərimiz bərpa olunacaq.

Dövlət başçımızın Birinci vitse-prezidentlə bərabər Şuşa, Ağdam məscidlərini ziyarəti, Məkkədən gətirdikləri Qurani-Kərimi hədiyyə etmələri Allah Evinə ehtiram nümunəsi olmaqla yanaşı, həm də müqəddəs Kəbə Evinin daxilində Qarabağın azadlığı üçün edilən duaların qəbul olunmasının rəmzidir. Ağdam məscidini ziyarət edərkən biz, din xadimləri, dindarlar illərdir etdiyimiz duaların müstəcab olmasına, dövlət-xalq birliyi sayəsində Qarabağın azad olmasına, məbədlərimizin əsarətdən qurtulmasına, əzəli torpaqlarımızda dini-mənəvi irsimizə sahib çıxmağımıza görə Uca Allaha şükr-sənalar etdik. Bu, həm də İslam dünyasının uğuru, müsəlman aləminə fəxrdir.

Allah-Təalanın Lütfü və Mərhəməti ilə Ramazan bayramına qovuşan xalqımız Vətənimiz, dünyanın salamatlığı, əmin-amanlığı üçün dualar edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində dünyada yayılan COVİD-19 bəlasının və onun gətirdiyi çətinliklərin tezliklə aradan qalxmasını, xəstələrin şəfa tapmasını diləyirik. Savab, məğfirət ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.

Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Bir daha müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda canını fəda etmiş cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik. Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi, xalqımızı hər zaman müzəffər qərar versin! Allah Azərbaycanı qorusun! AMIN!"

25
Antoniu Quterreş, arxiv şəkli

İnternetsizlik Quterreşi narahat edib

14
(Yenilənib 12:27 23.06.2021)
Bir çox hökumətlər dövlət xidmətlərinin əhəmiyyətli hissəsini onlayn şəkildə təmin etsə də, digərləri çətinliklərlə üzləşdi. Rəqəmsal bərabərsizlik qlobal səviyyədə özünü göstərdi.

BAKI, 23 iyun — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş 23 iyun Dövlət Xidməti Günü ilə əlaqədar müraciət yayıb.

Sputnik Azərbaycan müraciəti təqdim edir:

"BMT-nin Dövlət Xidməti Günü cəmiyyətlərdə rifahı təmin etmək işinə özlərini həsr etmiş yüz milyonlarla dövlət qulluqçusunun əməyini dəyərləndirir. Dünya COVID-19 pandemiyasının dağıdıcı təsirləri ilə üzləşdiyi bir vaxt onların işi hər zamankından daha əhəmiyyətlidir. Bu il Dövlət Xidməti Gününün mövzusu dövlət xidmətlərində rəqəmsal yeniliklərə həsr olunub.

Pandemiyanın yaratdığı çətinliklərə və həyati təhlükələrə baxmayaraq, dövlət qulluqçuları evdən çalışmaqla, onlayn dərslər keçməklə, distant tibbi xidmətlər göstərməklə bütün sahələrdə xidmətləri davam etdirmək üçün rəqəmsal texnologiyaları səfərbər ediblər.

Bir çox hökumətlər dövlət xidmətlərinin əhəmiyyətli hissəsini onlayn şəkildə təmin etsə də, digərləri çətinliklərlə üzləşdi. Rəqəmsal bərabərsizlik qlobal səviyyədə özünü göstərdi. Bir çox insanın etibarlı genişzolaqlı internetə çıxışı yoxdur. Əksəriyyəti rəqəmsal texnologiyaların səmərəli istifadəsində maneələrlə üzləşir və ya distant dövlət xidmətlərindən effektiv şəkildə yararlanmaq üçün lazımi bacarıqlara sahib deyil.

Dövlət xidmətlərinin təminatı rəqəmsallaşdıqca, dövlət qulluqçularının da müvafiq bacarıqlara malik olmasını təmin etməliyik. Əlilliyi olan və digər təcrid olunmuş qruplar da daxil olmaqla hər kəsin onlayn xidmətlərdən istifadə edə bilmələrini təmin etməliyik. Heç kim offlayn qalmadığı təqdirdə Dayanıqlı İnkişaf Məqsədlərinə tam nail ola biləcəyik.

Dövlət Xidməti Gününü qeyd edərkən, gəlin, onlayn və offlayn şəkildə dövlət qulluqçularımızın əməyini yüksək qiymətləndirək, dəstəkləyək və onların fəaliyyətinə sərmayə yatıraq. Elə edək ki, dövlət qulluqçularımız xidmətlərini həyata keçirmək üçün daha çox imkanlar əldə etsinlər".

14
Vladimir Putin

Bunlar dünya üçün təhdiddir Putin siyahını açıqladı

197
(Yenilənib 11:49 23.06.2021)
Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik forumdur.

BAKI, 23 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin dünyada təhlükəsizlik üçün təhdidləri açıqlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Putin kütləvi qırğın silahlarının yayılması risklərini, beynəlxalq kriminal, kibercinayətkarlıq və terrorizmi dünyaya təhdid adlandırıb.

"Regionda silahlı münaqişələr, kütləvi qırğın silahlarının yayılması riskləri, transsərhəd kriminal qruplaşmaların, narkobiznes və kibercinayətkarlığın aktivliyi ciddi narahatlıq doğurur. Beynəlxalq terrorizm hələ də əsas təhdid olaraq qalır." - deyə Putin IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı iştirakçılarına müraciətində bildirib.

O, həmçinin bildirib ki, Rusiya öz xalqı üçün sülh və sabitliyi təmin etmək məqsədilə hər şeyi edəcək, öz Silahlı Qüvvələrini təkmilləşdirəcək, diplomatiyanın imkanlarından istifadə edəcək və bütün maraqlı tərəfdaşlarla dialoq aparacaq.

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik forumdur.

Konfransdakı müzakirələr nəinki müxtəlif ölkələrin mövqelərini daha yaxşı anlamağa, həm də beynəlxalq hərbi əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməyə imkan verir.

İlk dəfə beynəlxalq konfrans 2012-ci il 3-4 may tarixlərində keçirilib və "Yeni təhlükəsizlik məkanının formalaşmasında raket əleyhinə müdafiə amili" mövzusuna həsr edilib.

197