CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlar arasında enerji içkiləri ilə bağlı vəziyyət nəzarətdən çıxıb

© Sputnik / Elvin AhmadЭнергетический напиток, фото из архива
Энергетический напиток, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
Deputat Fazil Mustafa: "Uşaqların bu cür içkilərə təşviq edilməsinə qarşı total işlər görülməlidir".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Bu günlərdə "Xocalı" futbol klubunun rəsmi "Facebook" səhifəsində "Xocalı futbol klubu futbolçuların qida rasionuna xüsusi önəm verir" başlıqlı paylaşımı rezonans doğurdu. Rəsmi səhifədən yazılan statusun altında azyaşlıların əllərində eneji içkiləri ilə fotosunun yayılması birmənalı qarşılanmayıb. Bundan bir qədər sonra isə klub prezidenti azyaşlı futbolçulara enerji içkisi verilməsi məsələsinə media vasitəsi ilə aydınlıq gətirərək bildirib ki, futbolçuların sağlamlığı onlar üçün çox önəmlidir və klubun enerji içkisi şirkətləri ilə heç bir əlaqələri yoxdur. Onlar yayılan fotonu kiçik anlaşılmazlıq hesab edərək bildiriblər ki, bu addım futbolçuların valideynləri tərəfindən atılıb.

Millət vəkili Fazil Mustafa ümumiyyətlə bu sahədə azyaşlılarla bağlı vəziyyətin nəzarətdən çıxdığını bildirib:

"Qanunvericilikdə enerji içkiləri qadağan olunsa da, buna əməl edilmir. Zərərli enerji içkilərinin istifadəsi qanunazidd olduğundan bununla bağlı müəyyən araşdırma başlanılmalıdır. Xüsusilə də uşaqların bu cür içkilərə təşviq edilməsinə qarşı total işlər görülməlidir. Bu,olduqca vacibdir. Çünki belə "stimullaşdırıcı" addımlar daha çox insanın bura yönəlməsinə səbəb olur."

"Azərbaycanda hansı sahədə nəzarət var?! Bütün sahələr belədir. İnsan orqanizminə zərərli olan bu maddələri Azərbaycan cəmiyyətinə təqdim edənlər hansısa himayəyə əsaslanaraq bu cür işləri görürlər. Zərərli vərdişlərdən azad olunmaq üçün cəmiyyətin səfərbərliyi mütləqdir. Əks-təbliğat da gücləndirilməli, bu cür içkilərin reklamı yığışdırılmalıdır",  - deyə millət vəkili əlavə edib.

Hüquqşünas, media eksperti Ələsgər Məmmədli isə Sputnik Azərbaycan-a şərhində klubun belə bir paylaşımının reklamın bir hissəsi hesab edildiyini deyərək, azyaşlıların belə zərərli içkilərin reklamında iştirakının da qanunazidd olduğunu bildirir:

"Bu paylaşımdan xəbərim olmasa da, belə bir şeyin olması reklam hesab edilir. Yəni bu, sosial media reklamıdır. Mahiyyət etibarı ilə azyaşlıların istifadəsi üçün nəzərdə tutulmayan vasitələrin reklamında onlardan istifadə edilməsi qanuna ziddir. Bunu biz "Uşaq hüquqları haqqında" və "Reklam haqqında" qanunda, eyni zamanda da Azərbaycanın qoşulduğu "Uşaq Hüquqlarının Müdafiəsi haqqında" konvensiyada da görə bilərik".

Ə.Məmmədlinin fikrincə, bu içkilərin zərərli olduğu qanunvericilikdə aydın şəkildə əksini tapmalıdır:

"Yəni onların da siqaret, porno materiallar, alkoqollu içkilər kimi zərərli olması haqda qanun olmalıdır. Əgər səhiyyə təşkilatlarında enerji içkilərinin zərərli olması qənaəti varsa, onda onların satışı və təqdimatı bəlli çərçivədə olmalıdır. Üstəlik, bu nüanslar qanunvericilikdə də əksini tapmalıdır ki, ona əməl edilməsini tələb etmək hüququmuz olsun. Qanuna əməl olunmaması isə ya inzibati, ya da ki, cinayət məsuliyyəti yaradır. Qanuna əməl edilməməsi onu göstərir ki, nəzarətedici qurumlar işləmirlər".

Алюминиевые банки в цеху розлива, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.12.2019
CƏMİYYƏT
Enerji içkiləri ilə bağlı yeni qaydalar gəlir – Növbəti ildə daha çətin olacaq

Qeyd edək ki, Azərbaycanda enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı qadağan olunsa da, küçədə, istənilən yerdə azyaşlıların əlində enerji içkilərinin olduğunu görə bilərik. Yaşı 18-dən yuxarı olanların belə səhhətinə zərərli təsir göstərən bu içkilər azyaşlılar üçün daha böyük təhlükə və fəsadlara yol aça bilər.

Azərbaycanda enerji içkilərinin satışı həyata keçirilsə də, bəzi ölkələr bu satışı tamamilə, yaxud da qismən qadağan edib. Almaniyanın bir neçə şəhərində bəzi enerji içkilərinin satışı tamamilə qadağan edilib. Bunun da səbəbi həmin enerji içkilərinin tərkibində kokainin miqdarının həddindən artıq çox olması ilə əlaqədardır. Küveytdə isə bir azyaşlının enerji içkisi içdikdən sonra ölməsi hökuməti bununla bağlı təcili qərar verməyə məcbur edib. Nəticədə 2012-ci ildən Küveytdə yaşı 16-dan aşağı olan şəxslərə enerji içkilərinin satışı qadağan olunub. Böyük Britaniyada isə bəzi məktəblərdə bu içkilərin satışı qadağan edilib.

Bundan başqa, belə içkilərin tərkibində çoxsaylı taurinin (Taurin və ya 2-aminoetansülfonik turşu, heyvan toxumalarında geniş yayılmış üzvi bir qarışıqdır. gündə 3-4 ədəd enerji içkisinin istehlakı böyrəklərdə ciddi fəsadlar yaradır-red.) olması da Fransa, Norveç, Uruqvay kimi ölkələri hərəkətə keçirib. Onlar yetkinlik yaşına çatmayan şəxslərə belə içkilərin satışını qanunla qadağan edib.

Qeyd edək ki, bu təhlükəli içkilərin illik gəlirləri də artmaqdadır. "Allied Market Research"-ün araşdırmalarına görə, 2018-ci ildə qlobal səviyyədə enerji içkilərinin satış dəyəri 53 milyard ABŞ dolları olub və 2026-cı ilədək bu rəqəmin kifayət qədər artacağı, 86 milyard ABŞ dolları olacağı proqnozlaşdırılıb.

Xəbər lenti
0