Azərbaycan XİN-nin binası, arxiv şəkli

Azərbaycan XİN 9 May - Qələbə Günü ilə bağlı bəyanat yayıb

10
(Yenilənib 12:03 09.05.2021)
Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb.

BAKI, 9 may — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan bəyanatın mətnini təqdim edir:

"Bu gün 1941-45-ci illər faşizm üzərində qələbənin 76-cı ildönümüdür. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.

Bu qələbənin əldə edilməsinə Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər.

Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilib.

Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Azərbaycan İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarını qınayırıq. Azərbaycan BMT Baş Assambleyasının "Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə" qətnaməsini daim dəstəkləyir və hesab edirik ki, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər.

Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-45-ci illər faşizm üzərində qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat fəxarətlə qeyd edir. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət, nəhayət qələbə çaldı və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canından keçmiş bütün oğul və qızlarımız, eləcə də 1941-45-ci illər müharibəsinin veteranları xalqımızın fəxridir. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".

10

Putin Rusiya HDD-nin ən yeni silahlarından söz açıb

15
(Yenilənib 18:40 25.07.2021)
RF lideri bildirib ki, Rusiyanın hərbi-dəniz mövcudiyyəti praktiki olaraq Dünya okeanının bütün rayonlarında təmin edilib.

BAKI, 25 iyul - Sputnik. Rusiya Hərbi-Dəniz Donanmasında ölkənin zəmanətli müdafiəsi üçün lazımi hər şey var, RF istənilən düşməni tapıb ona zərbə vurmaq qabiliyyətinə malikdir. Bu sölərin müəllifi Rusiya prezidenti Vladimir Putindir.

İyulun 25-də Putin Sankt-Peterburqda Rusiya donanmasının yaradılmasının 325 illiyi şərəfinə Hərbi-dəniz paradında iştirak edib.

"Bu gün Rusiya Hərbi-Dəniz Donanmasında ölkənin, milli maraqlarımızın zəmanətli müdafiəsi üçün lazımi hər şey var. Biz istənilən sualtı, suüstü, hava düşmənini taparaq ona lazım gələrsə, sarsıdıcı zərbə endirmək qabiliyyətindəyik", - o bildirib.

Rusiya daima və uğurlu şəkildə yeni silah növlərini təkmilləşdirir, Putin əlavə edib.

"Rusiya qısa müddətdə aparıcı dəniz dövlətləri sırasında öz layiqli yerini tutdu, bu sahədə böyük inkişaf yolunu keçdi. İndiyədək dünyada analoqları olmayan ən yeni hipersəs yüksək dəqiqlikli silah sistemlərimiz daima və uğurla təkmilləşdirilir", - prezident deyib.

Onun sözlərinə görə, Rusiyanın hərbi-dəniz mövcudiyyəti praktiki olaraq Dünya okeanının bütün rayonlarında təmin edilib.

O əlavə edib ki, donanmada xidmət heç vaxt asan olmasa da, həmişə ən şərəfli və tələb olunan peşələrdən olub.

Həmçinin oxuyun:

Rusiya aviasiya sahəsində maraqlı olan bütün ölkələrlə əməkdaşlığa hazırdır - Putin

Şimal Donanması NATO Hərbi Dəniz Qüvvələrinə nə ilə cavab verəcək

15

Toylarda yoxlamalar sərtləşdirildi - 1562 nəfər toy şənliyinə buraxılmayıb

16
(Yenilənib 17:51 25.07.2021)
Daxili İşlər Nazirliyi bildirir ki, 185 şadlıq sarayında, 59 şəxsi həyətyanı sahədə keçirilən şənlikdə monitorinq olub.

BAKI, 25 iyul — Sputnik. Azərbaycanda el şənliklərinin keçirildiyi məkanlarda reydlər keçirilib.

İyulun 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 244 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən (DİN) Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 185 şadlıq sarayında, 59 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb;

-1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;

- 89 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 2 şəxs barədə materiallar baxılması üçün məhkəməyə göndərilib;

- 1562 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Masallıda karantin qaydalarını pozan obyekt sahibləri və toy təşkilatçıları cərimələnib.  DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı “Gənclik” restoranı və “Boradigah” şadlıq sarayında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub. Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat, toy təşkilatçıları isə 400 manat məbləğində cərimə olunublar.

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən reydlər nəticəsində rayon ərazisində yerləşən "Xəyal" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları aşkarlanıb.  DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə adı çəkilən sarayda keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda - 168 nəfər qonağın iştirak etməsi müəyyən edilib. Toy sahibi və qonaqlarla izahedici söhbətlər aparılıb, qayda pozuntusuna yol verən obyektin icarədarı R.Fətəliyev barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun Ləkiçılpaq kəndində Mətləb Səlimova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı Mətləb Səlimov inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

Toy qadağasının götürülməsi

Qeyd edək ki, 2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılıb. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir.

Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq. Restoran və şadlıq evlərinin personalının 80%-nin koronavirus immuniteti barədə sertifikatı olmalı, onlar mütləq maska taxmalıdırlar (musiqiçilər istisna olmaqla).

Şənlik mərasimlərinin təşkili ilə əlaqədar əsas qaydalar

- 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir.

- 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir. Bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi yoxdur.

- Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

- Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.

Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.

- İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

16