Pensioner, arxiv şəkli

Qocalmış Don Juan, "harassment", xilasedici kamera nəzarəti...

36
(Yenilənib 12:07 29.04.2021)
Mirələmovla bağlı sosial mediada yüzlərlə xoşagəlməz ifadələr işlədildi, qondarma videolar düzəldildi. Hələ dünən hamının xoş ifadələrlə yada saldığı, bir ziyalı obrazını özündə daşıyan professor birdən-birə “xalq düşməni”nə çevrildi.

BAKI, 29 aprel — Sputnik. Sabiq deputat, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının keçmiş sədri Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik davranışını nümayiş etdirən videosunun yayılması Azərbaycan ictimaiyyətində olduqca güclü bir əks-səda doğurdu. Video yayılandan bir qədər sonra Mirələmov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) kafedra müdiri vəzifəsindən azad edildi. O, həmçinin YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edilib, YAP Veteranlar Şurasının və YAP üzvlüyündən də çıxarılıb.

Mirələmovla bağlı sosial mediada yüzlərlə xoşagəlməz ifadələr işlədildi, qondarma videolar düzəldildi. Hələ dünən hamının xoş ifadələrlə yada saldığı, bir ziyalı obrazını özündə daşıyan professor birdən-birə “xalq düşməni”nə çevrildi.

Mirələmov 3 dəfə Milli Məclisin üzvü olub, bir çox vəzifəsi vardı, deyilənə görə, imkanlı adam idi, biznesi də fəaliyyət göstərir. Hətta deputat olduğu dövrdə Xətai rayonunda xüsusi kabinetində vətəndaşları qəbul edib onlara bacardığı köməkliyi edirmiş, yeri gələndə maliyyə yardımı da göstərirmiş.

Onun pozitiv obrazı bir anda öldü: nəvəsi yaşında bir xanıma qarşı törətdiyi ədəbsiz hərəkəti professorun karyerasını məhv etdi. Bu məsələnin kökündə isə o qədər də sadə olmayan məsələlər durur.

Mirələməv nəsə yeni bir şey icad etməyib

Sual yaranır: axı niyə hörmətli bir şəxs, illərlə cəmiyyətdə nüfuz qazanmış birisi, asanlıqla belə bir hərəkətə yol verir? Bütün bunların bir neçə üzdə görünən cavabı var.

Birincisi, Mirələməv nəsə yeni bir şey icad etməyib. Bu tip yanaşma, vəzifəli şəxslərin tabeliyində olduğu əməkdaşı seksual təqib etməsi, ədəbsiz söhbət aparması, hətta cinsi yaxınlığı təhrik etməsi Azərbaycanda adi bir hal alıb. Bu tip professorlar tək deyil, gənc bir xanımı görərkən ağzının suyu axan nə qədər iş adamı var. Hər cür ədəbsiz təklif də edər, iş də, vəzifə də. Təki istədiyinə çatsın. Belələrinin bəzən gözü doymur, gücü-qüvvəti də qalmayıb, amma yenə beyni o istiqamətdə düşünür.

Əgər xanım əməkdaş işlədiyi yerdə təqibə məruz qalırsa, deməli bu məsələ ətrafında Azərbaycan cəmiyyəti elə də düşünmür. Elə universitet rektoru var, onun “qəhrəmanlıqlarından” hətta tələbə qızlar bir fəxrlə danışırlar, qarşısında kimsə davam gətirməz, heç kimi əlbəttə zorlamaz, məcbur etməz, amma əl də çəkməz, bal arısı kimi balın başına fırlanar. İstədiyini əldə edənə kimi.

Belə davranış modeli cəmiyyətdə çox yer alıb. Özü də belə hərəkətlərin geniş yayılmasının bir neçə səbəbi var. Birincisi, qanunvericilikdə olan boşluqlar vəzifəli şəxsin hərəkətlərinə bir sədd çəkə bilmir. Dünyanın bir çox ölkəsində "harassment" anlayışı mövcuddur. Nədir "harassment"? Bu anlayışa əsasən iş yerində vəzifəli şəxsin öz əməkdaşına qarşı yol verdiyi seksual təzyiq, təqib etmələr, ədəbsiz eyham və ya təhdidlər daxildir. Özü də əgər 20-30 il öncə "harassment" deyəndə əsasən kişinin qadına qarşı yol verdiyi seksual təzyiq nəzərdə tutulurdusa, hazırda bu məsələdə qanunvericilik daha da təkmilləşib, çünki Avropa ölkələrində qadınlar kişilərlə bərabər imkanlara malikdirlər. Vəzifə başında olan qadınlar öz kişi əməkdaşlarına qarşı eyni uyğunsuz münasibətə yol verə bilirlər. Kişisən ya qadın, əməkdaşa qarşı ədəbsiz eyhama belə ət atdınsa, cəzası ciddi ola bilər.

"Harassment"-ə görə 5 min dollar cərimələnmək olar

"Harassment"-ə təkcə iş yerində yox, həm də ictimai yerlərdə törədilən seksizm halları da daxildir. Sadəcə iş yerində yol verilən ədəbsizliyin cəzası daha ağır olur, çünki iş münasibətlərini poza bilir, insanların həyat göstəriciləri, karyera qurmasına pis təsir edir.

ABŞ-da ictimai yerlərdə yol verilən "harassment"-ə görə 3 min dollar, iş yerindəkinə görə 5 min dollar cərimələnmək olar. Əgər hadisə dəfələrlə təkrarlanıbsa, deməli artıq insanı həbs cəzası da gözləyə bilər. ABŞ tarixinin ən ciddi seksual qalmaqallarından biri elə keçmiş prezident Bill Klinton və onun köməkçisi Monika Levinski arasında baş verib. Klinton təkcə prezident deyildi, o həm də ABŞ qadınlarının sevimlisi idi. Əlbəttə, onun siyasi rəqibləri Monika kartını bacarıqla oynadılar. Aylarla davam edən qalmaqal bir çox arxa planda qalan mövzunu gündəmə gətirdi. Az qala impiçmentlə nəticələnə biləcək qalmaqalın sonu da olmadı. Sadəcə, Klinton günahını boynuna aldı: köməkçisi ilə yaxınlıq etdiyini vurğuladı, inkar mövqeyindən kənar durdu.

ABŞ-da iş yerində hər hansı bir intim münasibət yaxşı qəbul edilmir, hətta bəzi hallarda bu bərədə rəhbərliyə məlumat da verilməlidir. Hər bir korporasiyanın öz yazılmamış qanunu var. Xüsusilə, tədris ocaqlarında tələbə-müəllim intim münasibətləri hətta qadağa formasındadır, çünki burada maraqlar toqquşa bilər. Belə bir münasibət aşkarlansa, müəllimin, professorun cəzalanması qaçılmazdır. Biz bunu Hollivud filmlərində də açıq-aydın görürük, tələbə mütləq kursu bitirməli, yalnız bundan sonra tərəflər arasında münasibət yaranmalıdır.

Qadının özü də bir qara siyahıya düşə bilər

Dünya kinosunun ən nüfuzlu şəxslərindən biri olan Xarvi Vaynşteynin əhvalatı nəinki ABŞ-da, dünyanın bir sıra ölkəsində ciddi əks-səda doğurdu. İllərlə qadınlara qarşı seksual təqib, cinsi zorakılığa yol verən Hollivud prodüserinə qarşı 80 qadın ifadə verib. Hər bir qadın baş verənləri açıq-aydın danışıb. Nəticədə Vaynşteynə ümumilikdə 23 il həbs cəzası kəsilib. Hətta ABŞ kimi qanunvericiliyin ciddi qorunduğu bir məkanda Vaynşteyn qadınlara qarşı zorakılıq, seksual təzyiq, qəddarlığa yol verirmiş.

Bir sözlə, dünya praktikasında qanunvericilik kifayət qədər sərtdir. Nə iş yerində, nə küçədə başqa şəxsə qarşı yolverilməz hərəkət mümkünsüzdür. Polis də qaydanı gözləyir, ictimai nəzarət də güclüdür. Kiməsə söz atmaq, baxışla nəyisə ifadə etmək olmaz. Azərbaycanda belə bir praktikadan istifadə edilmir. Çox nadir halda hansısa qadın iş yerində ona qarşı olan hər hansı bir seksual təqib barədə şikayət edər. Birincisi, həmin şəxsin cəzalanacağına ümid azdır, ikincisi də belə bir halda işdə qalmaq mümkünsüz olacaq. Həm də qadının özü də bir qara siyahıya düşə bilər. Bəzən qadın həyat yoldaşı, yaxınları, qohumları barədə də düşünməyə məcbur olur, heç bir yerə ərizə ilə müraciət etmir. Qəzəblənmiş qohumlar bəzən məsələni başqa cür həll etməyə də qərar verə bilərlər, nəticədə məsələ cinayət müstəvisinə keçə bilər. Yeni komparativ etika hələ tam formalaşmayıb, amma proses gedir.

Ağsaqqal, ağbirçək obrazı günü-gündən aşılanır

Qanunvericilikdə olan boşluqdan əlavə mənəvi dəyərlərin də dəhşətli deqradasiyasını görürük. Ağsaqqal, ağbirçək obrazı günü-gündən aşılanır, böyük-kiçik anlayışı itirilir. Nə ağsaqqal özünü layiqli aparır, nə də başqa birisi. Uzun illər televiziyada nümayiş edilən mənasız tok-şoular, seriallar öz işini artıq görüb. Hələ dünən mümkün olmayan bir çox ədəbsizlik, mənəviyyatsızlıq bu gün olduqca rahat qəbul edilir. İnsanlar da həmin bu gördüklərini real həyata transfer edirlər. Heç kim demir “ayıbdır, yaşıma uyğun deyil, nəvəm yaşımda birinə qarşı ədəbsiz hərəkət etmək olmaz”. Ədəbsizliyi hər gün televiziyada görənlər, internetdən izləyənlər əlbəttə onu həyatda da tətbiq edirlər.

Məsələn, islam həyat tərzində yaşayan ölkələrdə naməhrəm kişinin başqa qadına toxunması qadağadır, özü də bir mənəvi tabudur həm də. Kiməsə pis gözlə baxmaq, toxunmaq, söz atmaq cəmiyyətdə pislənir, qəbuledilməzdir. Belə hərəkət yol verənlərə heç yerdə yer yoxdur. Mənəvi tabular qadını qoruyur. Ayıbdır, baxan görən olar, biabır olarıq kimi anlayışlar ən ciddi tormoz rolunu oynayır. İnsan hər bir ehtirasına qalib gəlir bir növ. Bu da itirilibsə, deməli nə istəsən edə bilərsən, bir pisləyən, qınayan adam tapılmayacaq.

Yeni texnologiyalar həyatımızı hələ çox dəyişəcək, deyəsən. Gizlidə heç nə qalmayacaq, kiminsə cəzasız qalması da mümkünsüz olacaq. Əgər qanun qorumursa, mənəvi dəyərlər aşılanıbsa, Allahın qəzəbindən çəkinmiriksə, bəlkə kamera qorxusundan haqq yoluna gələrik.

36
Min bir gecə baleti, arxiv şəkli

"Min bir gecə" baleti beynəlxalq festivalda

2
(Yenilənib 23:11 07.05.2021)
Balet mayın 13 və 14-də göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

BAKI, 7 may — Sputnik. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baleti mayın 13-dən iyunun 2-dək Tatarıstanın paytaxtı Kazanda keçiriləcək Rudolf Nureyev adına 36-cı Beynəlxalq klassik balet festivalında nümayiş olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində reallaşacaq festival Rusiyanın Əməkdar incəsənət xadimi, həmvətənimiz Eldar Əliyevin xoreoqrafik quruluşunda Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok) "Min bir gecə" tamaşası ilə açılacaq. Balet mayın 13 və 14-də göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Eldar Əliyevin quruluşunda "Min bir gecə" baletinin premyerası 2020-ci ilin avqustunda olub.

Dünyaca məşhur balet artistləri, xoreoqraf və dirijorları bir araya gətirən Rudolf Nureyev adına festival 1987-ci ildən keçirilir.

2

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

4
Yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

BAKI, 7 may - Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq və əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamında dəyişiklik edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 271) 1.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 1.3 – 1.7-ci bəndlər əlavə edilib:

“1.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

1.4. şəhid ailəsinin üzvləri;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

1.6. məcburi köçkün statusu olan şəxslər;

1.7. I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.”.

Beləliklə, yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan da olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

4