Siqaret, arxiv şəkli

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

6
(Yenilənib 17:00 28.04.2021)
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reyd nəticəsində iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

BAKI, 28 aprel — Sputnik. Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reyd nəticəsində iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin mağazaların 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib edilərək hər biri 100 manat cərimə olunublar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

6

Bir küçədə yaşamış iki Sovet İttifaqı qəhrəmanı

4
"Təltif edildiyi döyüşdə ağır yaralanıb. Hətta adı ölülərin siyahısına düşüb. Sonra hospitalda tapıb xəbər veriblər ki, sən Sovet İttifaqı qəhrəmanı olmusan"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Tovuz keçmiş SSRİ-də nadir rayonlardandır ki, onun üç Sovet İttifaqı qəhrəmanı olub. Onların hər üçü Berlinədək döyüş yolu keçərək qorxmazlıqları və şücatləri ilə bu ada layiq görülüblər. Qəhrəmanlardan Məstan Əliyev ölümündən sonra bu ada layiq görülsə də, Mərdan Musayev və Yusif Sadıqov sağ olaraq doğulduqları rayona dönüb, ötən əsrin 70-80-ci illərinədək rayonda yaşayıblar. Maraqlısı odur ki, Sovet İttifaqı qəhrəmanı olan hər iki şəxs müharibədən qayıtdıqdan sonra eyni küçədə, hətta qonşu olaraq yaşayıblar. Məhz o səbəbdən İsmayıl Mürşüdov adına küçə ötən əsrin ortalarından məktəblilərin, fəxri qonaqların, turistlərin ən çox üz tutduğu məkan olub.

Sovet İttifaqı qəhrəmanı Yusif Sadıqovun evində hazırda kiçik övladı Mehdi yaşayır. O, hər iki qəhrəmanın bir küçədə yaşamasının təsadüf olduğunu bildirib. Onun sözlərinə görə, hazırda yaşadıqları küçə ötən əsrin əvvəllərində almanlar tərəfindən salınıb. Vətən müharibəsi başladıqdan sonra almanlar buradan köçürülüb. Müharibədən sonra isə bu evlər döyüşlərdə şücaət göstərmiş döyüşçülərə verilib. Atasının qəhrəmanlığına gəlincə isə, M.Sadıqov onun bir neçə xidmətinin müqabilində sovet rəhbərliyinin bu qərarı verdiyini söyləyib: “Atam Moskvadan Berlinədək döyüş yolu keçib. Bir neçə döyüşdə fərqlənməsinə görə bu ada layiq görülüb. Özü danışırdı ki, müharibənin ilk illərində sovet mərmiləri alman tanklarını məhv edə bilmirmiş. Atam təklif verib ki, hər tanka iki top ayrılsın. Topun biri tankın tırtılını vursun. Bu zaman tank 180 dərəcə firlanacaq və həmin an ikinci top onun yanacaq çənini vursun. Bu yolla sovet topları, mərmiləri təkmilləşənə kimi alman tanklarının qarşısını kəsiblər. Atamın bu döyüş taktikasına o vaxt “at gedişi” adı veriblər. Digər bir döyüşdə onun başçılıq etdiyi topçular 9 tankı məhv edib. Hansı ki, 5-ni atam özü vurub. Varşava yaxınığında vuruşmaların birində min nəfərə yaxın sovet əsgərini əsirlikdən azad ediblər. Bu göstərdiyi igidliyə görə rəhbərliyə təqdimatı verilib və 1945-ci ildə mayın 31-də bu ada layiq görülüb”, - deyə o məlumat verib.

© Sputnik / Ilham Mustafa
Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun heykəlləri

Mehdi Sadıqov atasının digər tovuzlu qəhrəman Mərdan Musayevlə yaxın dost olduğunu, bütün tədbirlərdə, paradlarda birgə iştirak etdiklərini bildirib.

Digər evdə isə hazırda Sevet İttifaqı qəhrəmanı Mərdan Musayevin gəlini öz övladları və nəvələri ilə birgə yaşayır. Gəlini Şəfiqə Musayeva övladları kimi həmişə qaynatası ilə fəxr etdiyini söyləyib: “Qaynatamın sağlığında SSRİ-nin hər yerindən dostları gəlirdi. Onun şücaətlərindən danışanda adam heyrətini gizlədə bilmirdi. Dəfələrlə yaralansa da, sonradan yenə döyüşlərə qatılıb. Sinəsini güllənin qabağına verərək komandirini qoruyub. Təltif edildiyi döyüşdə də ağır yaralanıb. Hətta adı ölülərin siyahısına düşüb. Sonra hospitalda tapıb xəbər veriblər ki, sən Sovet İttifaqı qəhrəmanı olmusan”, - deyə Ş.Musayeva eşitdikləri haqqında danışıb.

  • Üç Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev , Mərdan Musayev və Yusif Sadıqov yaşadıqları ərazi
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun fotoları
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanı Yusif Sadıqovun yaşadığı ev
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanı Yusif Sadıqovun təltif edilmə barədə vəsiqəsi
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun medalları
    © Sputnik / Ilham Mustafa
  • Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev, Mərdan Musayev və Yusif Sadıqovun abidələri
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Üç Sovet İttifaqı qəhrəmanıları Məstan Əliyev , Mərdan Musayev və Yusif Sadıqov yaşadıqları ərazi

O, öz oğlunun da babasının yolunu davam etdirdiyini, döyüşlərdə xidmtlərinə görə medallarla təltif edildiyini bildirib.

“Sağlığında nəvəsi olanda ona öz adını qoydu. Hazırda eyni ad soyadı daşıyan oğlum da hərbçidir. Xüsusi təyinatlı polkovnik-leytenantdır. Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Prezident tərəfindən bir neçə medalla təltif edilib”, - deyə o bildirib.

Tovuz rayonu da öz qəhrəmanlarını unutmur. Hazırda rayonda hər 3 Sovet İttifaqı qəhrəmanının adına küçə və məktəb var. Eyni zamanda, Tovuz Qəhrəmanlar parkında onların büstləri qoyulub. Mütəmadi olaraq bu məkan ziyarət olunur. Faşizmə qarşı canından keçən bütün azərbaycanlılar onların timsalında yad edilirlər.

4
Qız, arxiv şəkli

Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

6
(Yenilənib 16:34 09.05.2021)
Qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Göyçayda dayı 18 yaşlı bacısı qızını öldürüb.

İlkin məlumata görə, Göyçay rayon Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı gecə saatlarında 32 yaşlı dayısı Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən öldürülüb. Hadisədən sonra qızın dayısı Vüqar Bədəlov bacısı qızının dəm qazından zəhərləndiyini barədə təcili tibbi yardıma məlumat verib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub. Məhz bu səbəbdən Bığır kənd sakini Vüqar Bədəlov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Hadisədən sonra qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədova komaya düşüb və hazırda Göyçay rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

6