Prezident İlham Əliyev

İlham Əliyev: "Azərbaycan-İran sərhədi dostluq sərhədidir"

14
(Yenilənib 17:18 27.04.2021)
Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi, işğal altında olmuş 132 kilometr sərhəd bərpa edilib.

BAKI, 27 aprel — Sputnik. "Əziz sərhədçilər, bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açılır. Bu açılışda mən iştirak edirəm və bu, bir daha Sərhəd Xidmətinin işinə verdiyimiz diqqətin təzahürüdür".

Sputnik Azərbaycan xəbər verir ki, bunu aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşdə deyib.

"Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa edilib, işğal altında olmuş 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca - həm Azərbaycan-İran, həm Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır.

Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Eyni zamanda, ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir.

Buraya yaxın məsafədə yerləşən Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir", - deyə Prezident bildirib.

14

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

3
Yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

BAKI, 7 may - Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq və əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamında dəyişiklik edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 271) 1.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 1.3 – 1.7-ci bəndlər əlavə edilib:

“1.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

1.4. şəhid ailəsinin üzvləri;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

1.6. məcburi köçkün statusu olan şəxslər;

1.7. I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.”.

Beləliklə, yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan da olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

3
Qoyun, arxiv şəkli

"Qissar"dan böyük "Araşan" var: Qırğızıstanda yeni qoyun cinsi qeydə alınıb

3
Yeni cins digərlərindən xeyli fərqlənir. Belə ki, bir yaşa çatan toğluların çəkisi 90 kiloqrama, böyük qoçların çəkisi isə 200 kiloqrama çatır.

BAKI, 7 may — Sputnik. Qırğızıstanda "Araşan" adlı yeni ətlik-piylik qoyun cinsi rəsmi qeydiyyatdan keçirilib. Sputnik Qırğızıstan xəbər verir ki, yeni cinsdən olan qoyunlar öz xüsusiyyətlərinə görə etalon sayılan "Qissar" cinsindən olan qoyunları xeyli qabaqlayır.

Bu cür qoyunlar hələ Sovet dövründən yetişdirilib. Lakin yeni cins kimi qeydiyyatdan cari ilin aprelin 15-də keçirilib.

Qırğızıstan elmi-tədqiqat heyvandarlıq institutunun Qoyunların yetişdirilməsi və seleksiyası şöbəsinin müdiri Rahatbek İbrayev bildirib ki, yeni cins "Qissar" və "qırğız iriyunlu" cinslərinin cütləşdirilməsi yolu ilə yetişdirilib.

"Nazirliyin əsasnaməsinə görə, yeni cinsi qeydiyyatdan keçirmək üçün həmin cinsdən 5000 baş heyvan olmalı və bütün heyvanlar eyni tipli olmalıdırlar. Hazırda Qırğızıstanda 5800 başdan çox "Araşan" var. Fermerlərin xahişi ilə tədqiqat keçirilib və məlum olub ki, yeni cins digərlərindən xeyli fərqlənir. Belə ki, bir yaşa çatan toğluların çəkisi 90 kiloqrama, böyük qoçların çəkisi isə 200 kiloqrama çatır", — deyə İbrayev bildirib.

Mütəxəssisin sözlərinə görə, hazırda "Araşan" cinsinin ölkə hüdudlarından kənarda populyarlaşdırılması istiqamətində iş aparılır. Bu məqsədlə sərginin keçirilməsi və xarici ölkə nümayəndələrinin dəvət olunması planlaşdırılır.

Qoyun Yetişdiriciləri İctimai Birliyinin sədri Mirlan Satıbekov isə "Araşan" qeydiyyatdan keçirildikdən sonra artıq beynəlxalq sərgilərdə də iştirak etməyin mümkün olduğunu dilə gətirib.

"Yeni cins "Qissar" cinsli qoçlarla rəqabət aparmaq qabiliyyətindədir və hətta onlardan daha böyükdür. Fermerlərdən biri özünün 220 kiloqramlıq qoçunu hətta 50 min dollara da satmır. Bu cinsin quzularının qiyməti isə 300 dollardır. Bizim heyvandarlar çoxlu sayda qoyun saxlamağa öyrəşiblər. Amma 100 baş cins erkək qoyun saxlamaq 500 baş adi qoyun saxlamaqdan daha yaxşıdır. Belə ki, cins qoyunlar daha çox ət verir və onları diri halda sərfəli qiymətə satmaq olar", — deyə Satıbekov bildirib.

Mütəxəssis onu da bildirib ki, "Araşan" cinsindən olan qoçları almaq istəyənlər Qoyun Yetişdiriciləri İctimai Birliyindən məsləhət ala bilərlər.

3