“Azerspace-2”

"Azərkosmos" publik hüquqi şəxsə çevrildi

4
(Yenilənib 13:08 27.04.2021)
Agentlik "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, Cəmiyyətin hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

BAKI, 27 aprel — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənəddə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində əldə edilmiş uğurların və inkişafın davam etdirilməsi, dünyada gedən sürətli texnoloji tərəqqidən ölkəmizin daha çox faydalanması, kosmik fəaliyyət sahəsində idarəetmə, tənzimləmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılsın.

2. Agentlik "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, Cəmiyyətin hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

3. Müəyyən edilsin ki:

3.1. Agentlik kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxsdir;

3.2. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri peyk xidmətlərindən əldə olunan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir;

3.3. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır.

4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. idarəetmə orqanlarının yaradılması;

4.1.2. Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.3. Agentliyin yenidən təşkili və ləğvi.

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.2.2. Agentliyin strukturunun təsdiqi;

4.2.3. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi.

4.3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (bundan sonra – Nazirlik):

4.3.1. Agentliyin İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.3.2. Agentliyin inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;

4.3.3. Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

4.3.4. xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.

4.4. Agentliyə:

4.4.1. əməyin ödənişi fondunun, işçilərin əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) müəyyən edilməsi.

5. Agentlik "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Agentliyin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

6.2. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

6.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Nazirlik:

7.1. Agentliyin nizamnaməsinin və strukturunun layihələrini, habelə nizamnamə fondunun məbləğinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

7.2. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4
Laboratoriyada insan beyni, arxiv şəkli

Alimlər beyin ölçüsü ilə əsnəməyin uzunluğu arasında əlaqəni aşkar ediblər

2
Bioloqların qənaətinə əsasən, beyinin ölçüləri böyük olduqca onun termoliz tələbatı da müvafiq olaraq artır.

BAKI, 9 may — Sputnik. Alimlər müəyyən ediblər ki, əsnəməyin davam etdiyi müddət beyinin ölçüsü və onun soyuma tələbatı ilə birbaşa əlaqədardır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, filogenetik təhlil əsasında alimlər əsnəməyin uzunluğu ilə beyindəki neyronların sayı arasında dayanıqlı əlaqə olduğunu bildiriblər.

"Communications Biology" saytında dərc olunmuş məlumatda deyilir ki, mütəxəssislər 55 məməli və 46 quş növü üzərində təcrübə apararaq ümumilikdə 1291 əsnəyi tədqiq ediblər.

Bioloqların qənaətinə görə, beyinin ölçüləri böyük olduqca onun termoliz (temperaturun təsisi altında kimyəvi birləşmələrin parçalanması) tələbatı da artır. Halbuki, onun temperaturu qismən neyronların aktivliyi nəticəsində istiliyin ayrılması ilə müəyyən olunur.

Ekspertlər həmçinin müəyyən ediblər ki, bədən ölçüləri daha böyük və bədənin hərarəti daha çox olduğu üçün məməlilər quşlara nisbətən daha uzun əsnəyirlər.

2
Fillər, arxiv şəkli

Nyu-York məhkəməsi filin müraciətinə baxacaq

3
Heyvanların hüquq müdafiəçiləri ümid edirlər ki, Heppi dünyada azadlıq hüququ məhkəmə qaydasında təsbit olunmuş ilk heyvan olacaq.

BAKI, 9 may — Sputnik. ABŞ-ın Nyu-York şəhər məhkəməsində Heppi adlı dişi filin adından irəli sürülmüş iddiaya dair məsələ araşdırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, Bronks heyvanxanasında yaşayan dördayaqlının adından iddianı məhkəməyə "Nonhuman Rights Project" (İnsan olmayan canlıların hüquqları layihəsi) fondu təqdim edib.

Təşkilatın saytında yerləşdirilmiş məlumatda deyilir ki, bu, tarixdə ingilisdilli məhkəmənin insan olmayan canlı adından verilmiş ərizəni araşdıracağı ilk proses olacaq. Qeyd edək ki, adı çəkilən təşkilat artıq 2018-ci ildən bəri Heppinin adından məhkəmələrə rəsmi müraciətlər ünvanlayıb. Lakin məhkəmələr hər dəfə bu ərizələri geri göndərib.

Məsələ bundadır ki, adı çəkilən fil heyvanxanaya 1970-ci ildə yerləşdirilib. Hazırda o sahəsi 0,81 hektar olan bir qahalda saxlanılır. Zoopark işçiləri onu Peqqi adlı digər dişi fildən ayırmalı olublar. Belə ki, onlar tez-tez dalaşıblar.

"Nonhuman Rights Project" isə hesab edir ki, Heppinin ayrıca qahalda saxlanması onun hüquqlarını pozur. Təşkilat fəalları məhkəmənin filin xüsusiləşdirilmiş fil qoruğuna köçürülməsi barədə qərar çıxarmasına nail olmaq istəyirlər. Heyvanların hüquq müdafiəçiləri ümid edirlər ki, Heppi dünyada azadlıq hüququ məhkəmə qaydasında təsbit olunmuş ilk heyvan olacaq.

Xatırladaq ki, bir müddət əvvəl Pakistandakı Kaavan adlı fil dünyada ən tənha fil adlandırılıb. Belə ki, dişi tayı öldükdən sonra həmin fil təklikdə və dar qəfəsdə saxlanıb. Burada onun digər heyvanlarla yanaşı olmasına imkan verilməyib və o heyvanxana ziyarətçiləri qarşısında çıxış etməyə məcbur edilib. Hüquq müdafiəçiləri beş ildən sonra Kaavanın Kambocadakı fil qoruğuna köçürülməsinə nail olublar. Onların qələbəsinə məşhur müğənni Şerin danışıqlarda iştirak etməsi də kömək edib.

3