Oqtay Gülalıyev il yarım sonra komadan ayılıb

© Photo : courtesy of Oktay GulaliyevOqtay Gülalıyev
Oqtay Gülalıyev - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
"5 aydır ki, heç bir dövlət qurumu yardım etmədiyindən atamın gərəkli dərmanlarla təmin edilməsinə dair bəzi narahatlığımız var idi"

BAKI, 27 aprel — Sputnik. "Atama gündüzlər baxan tibb bacılarına 3 aydır ki, maaş verilmədiyindən, artıq onlar da may ayının 1-dən atamın müalicəsini davam etdirə bilməyəcəklər. Məsələ ilə bağlı tibb bacılarının dəfələrlə TƏBİB rəhbərliyinə müraciətlərinə müsbət cavab verilmədiyi üçün göstərilən müalicəni dayandırmaq məcburiyyətindədirlər. Atama gecə boyu mən və əmim baxmalı olduğumuzdan, əmimin yaşlı olması və sağlamlığı ilə əlaqadar uzun müddət gecələr oyaq qaldığımızdan onsuz da bəzi çətinliklər yaşanırdı".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu uzun müddətdir ki, koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev deyib.

O bildirib ki, dərmanların alınmasında da problemlər var: "5 aydır ki, heç bir dövlət qurumu yardım etmədiyindən atamın gərəkli dərmanlarla təmin edilməsinə dair bəzi narahatlığımız var idi. Tibb bacılarının da bu şəkildə işdən çıxarılması təəssüf ki, vəziyyətimizi daha da ağırlaşdırır. Bütün bunlarla yanaşı, atamın durumunda inkişafla bağlı bu günlərdə sizə xoş xəbərlər də vermək istəyirdim. Bildirim ki, atam artıq bizim suallarımıza, diqqətlə dinlədiyi xəbərlərə hərəkətləri ilə şüurlu şəkildə cavab verir. Əlləri ilə bizə işarələr edir, nələrsə söyləməyə çalışır. Ədalətli olmaq naminə qeyd etməliyəm ki, atamın durumunda hazırkı inkişafda Heydər Əliyev Fondunun dəstəyi ilə onun 4 dəfə Türkiyədə əməliyyat edilməsinin çox böyük rolu olub. Qəza hadisəsindən sonra atam Türkiyəyə aparılarkən onun ancaq 20% yaşama şansı olacağını, Türkiyədə isə ayılma şansının çox az olduğunu dəfələrlə bildiriblər. Bu gün isə mən tam əminliklə deyə bilərəm ki, göstərilən müalicə sayəsində atam artıq ayılıb".

T.Gülalıyev bildirib ki, atasının normal həyata geri dönməsi, ayağa qalxması üçün müalicəyə və dərmanlarını davamlı olaraq qəbul etməsinə ehtiyac var: "Hesab edirəm ki, aidiyyəti qurumlar, o cümlədən TƏBİB atamın müalicəsinin imkan yetdiyi qədər davam etdirilməsi üçün dövlətin ayırdığı resursları əsirgəməməlidirlər".

Xatırladaq ki, Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə Bakının Nəsimi rayonunda metronun "28 May" stansiyası yaxınlığında piyada zolağı ilə hərəkət edərkən minik avtomobili ilə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib. 2020-ci ilin noyabrında Bakıya gətirilən Gülalıyevin müalicəsi evində davam etdirilib. O, bütün bu müddət ərzində komada olub. 

Xəbər lenti
0