Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Azərbaycanda narkobaronlar saxlanıldı

16
(Yenilənib 15:33 24.04.2021)
Həmin şəxslərin narkotik vasitəni Qabaqçöl qəsəbəsi ərazisində becərmək üçün apardıqları, yetişdirib satacaqları təqdirdə isə əldə edəcəkləri qazancı öz aralarında böləcəkləri barədə razılaşmaları olduğu məlum olub.

BAKI, 24 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonun Tülü kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Xəlilov əmisi oğlu Şahin Xəlilov və tanışı Rüfət İbrahimovla idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıblar.

Nəqliyyat vasitəsinin yük hissəsinə baxış keçirilən zaman oradan 104 ədəd çətənə bitkisi aşkar edilib. Araşdırma zamanı həmin şəxslərin narkotik vasitəni Qabaqçöl qəsəbəsi ərazisində becərmək üçün apardıqları, yetişdirib satacaqları təqdirdə isə əldə edəcəkləri qazancı öz aralarında böləcəkləri barədə razılaşmaları olduğu məlum olub.

Keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qullar kənd sakini, əvvəllər də analoji cinayət əməllərinə görə məhkum olunmuş Mahir Orucov saxlanılıb. Onun idarə etdiyi "VAZ-21099" markalı avtomobilə baxış keçirilən zaman dağlıq əraziyə becərmək üçün apardığı 12 ədəd çətənə bitkisi aşkar edilib. Davam etdirilən tədbirlərlə M.Orucovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə 450 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb.

Digər bir əməliyyat zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan rayon sakini Elçin Musayev saxlanılıb. Şəxsi axtarış zamanı corablarında gizlətdiyi kibrit qutularındakı qurudulmuş marixuana ondan maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

16
Şəhid dəfni, arxiv şəkli

"Vətən Müharibəsi Qəhrəmanı"nın tabutu hərbi ehtiram zamanı Dövlət bayrağı ilə örtüləcək

0
(Yenilənib 16:20 06.05.2021)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir. Tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir.

BAKI, 6 may — Sputnik. "Vətən Müharibəsi Qəhrəmanı"nın tabutu hərbi ehtiram göstərilməsi zamanı Dövlət bayrağı ilə örtüləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir. Layihəyə əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, "Zəfər" və "Qarabağ" ordeni ilə təltif edilmiş şəxslər bu sıraya daxil edilir.

Bundan başqa, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin əhatə dairəsi genişləndirilir. Bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, Zəfər və Qarabağ ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstəriləcək.

0
Xəzər dənizinin sahilində ölü suiti, arxiv şəkli

Xəzər sahilində 150-dən çox suiti cəsədi aşkar olunub

2
(Yenilənib 16:19 06.05.2021)
Son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub.

BAKI, 6 may — Sputnik. İki gün ərzində alimlər Xəzər dənizi sahilində 150-dən çox suiti cəsədi aşkar ediblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hələ ki, Xəzər suitilərinin kütləvi qırılmasının səbəbləri məlum deyil.

"Birinci gün təqribən 30 ölü suiti aşkar edilib. Onlar əsasən cavan fərdlər idi və onların da əksəriyyəti dərisiz idi. İkinci gün isə biz başqa mənzərənin şahidi olduq, daha 125 suiti cəsədi aşkar etdik. Onların arasında yaşlı heyvanlar da var. Dəhşətli mənzərədir, hər 50-100 metrdən bir heyvan cəsədi var", - deyə "Dəniz məməliləri" elmi-ekspedisiya mərkəzinin təbiəti mühafizə layihələrinin əlaqələndiricisi Viktor Nikiforov bildirib.

Onun sözlərinə görə, hazırda heyvanların ölümünün dəqiq səbəbini müəyyən etmək mümkün deyil.

"Balıqçılıq, iqlimin çirklənməsi və başqa səbəblər ola bilər. Hazırda ən vacib məsələ suiti populyasiyasının ilboyu monitorinqinin təşkilidir və biz də, tərəfdaşlarımız da buna çalışırıq", - deyə Nikiforov vurğulayıb.

Əlaqələndirici onu da deyib ki, vəziyyət elə miqyas alıb ki, ölən heyvanların sayı arta da bilər, lakin bunu dəqiq demək olmaz.

2020-ci ilin dekabr ayında Xəzər dənizinin Dağıstan sahillərində 300-dən çox ölü suitinin aşkar olunduğu barədə xəbər yayılıb. Alimlərin qənaətinə görə, heyvanların qırılmasının əsas səbəbi təbii təbiət amilləri olub.

Qeyd edək ki, son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub. 2016-cı ilin noyabrında Xəzər dənizində baş verən uzun sürən davamlı fırtınalardan sonra Dağıstan sahillərində suiti cəsədləri aşkar olunub. Həmin hadisə zamanı müxtəlif yaşlı 300 suiti cəsədi aşkar olunub. Heyvanların kütləvi şəkildə tələf olmasının dəqiq səbəbi o zaman da müəyyən olunmayıb.

Xəzər suitisi (Pusa caspica Gmelin) Xəzər dənizində yaşayan yeganə məməlidir və dünyada ən kiçik qulaqsız suiti növlərindən biridir. O, yem zəncirinin başında dayanaraq həm də hövzənin ekoloji vəziyyətinin önəmli göstəricisi rolunu oynayır. XIX əsrin sonlarında Xəzərdə suitilərin sayı 1 milyondan çox olub. Növbəti yüz il ərzində tənzimlənməyən ov, çirklənmə və digər səbəblərdən rəqəm xeyli azalaraq 1996-cı ildə "IUCN" adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı siyahı"sına vəziyyəti "zəif" statusu ilə daxil olub.

 

2