Sergey Narışkin, arxiv şəkli

Rusiya XKX-nin direktoru: Çexiya bu "miskin alçaq yalanın" arxasında gizlənir

10
(Yenilənib 14:18 23.04.2021)
Narışkinin sözlərinə görə, Qərb ölkələrinin siyasi liderləri xəstəlik dərəcəsində təkidlə beynəlxalq sabitlik və təhlükəsizliyin incə və olduqca kövrək materiyasını məhv etməyə çalışırlar.

BAKI, 23 aprel — Sputnik. Çexiya Rusiyanı 7 il əvvəl baş vermiş Vrbetitsa hadisəsində iştirakda günahlandıraraq bu "miskin və alçaq yalanın" arxasında gizlənir. Bu fikri Rusiya Tarix Cəmiyyətinin sədri, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib. Sputnik Azərbaycan bu barədə Rusiya mediasına istinadla məlumat yayıb.

"Çexiya öz fəaliyyətində, bəlkə də, yalnız intellektual səviyyəsi yetərincə yüksək olmayan insanlar üçün nəzərdə tutulmuş bu cür miskin və alçaq yalanın arxasına sığınır", – deyə o bildirib.

Narışkin bəyan edib, Praqa diplomatik qalmaqalla bağlı vəziyyətlə əlaqədar Moskva ilə münasibətlərdə ciddi kəskinləşməyə gedib.

"Qərb ölkələrinin siyasi liderləri xəstəlik dərəcəsində təkidlə beynəlxalq sabitlik və təhlükəsizliyin incə və olduqca kövrək materiyasını məhv etməyə çalışırlar. Çex Respublikası bu məsələdə gözümüzün önündə bir xeyli uzağa getdi. Xarici siyasətdə məhdud suverenliyə malik bu ölkə Rusiya ilə qarşıdurmaya getməkdən çəkinmədi və etiraf etməliyik ki, öz cavabını aldı", – deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru vurğulayıb.

Qeyd edək ki, keçən həftənin sonlarında Çexiya Rusiya diplomatlarını ölkədən qovub. Bu qərar 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə əlaqələndirilib. Bundan sonra Rusiya XİN-i Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını "persona non qrata" elan edib. Həmin şəxslər aprelin 19-a kimi Rusiya ərazisini tərk etməli idilər.

Eyni zamanda, Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka Rusiya XİN-ə çağırılıb.

Baş verənlərlə bağlı Rusiya diplomatiya idarəsi Çexiya hökumətinə sərt etirazını bildirib və cavab tədbirlərinin görüləcəyini bəyan edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə bəyan edib ki, Çexiya hakimiyyəti aradan keçən yeddi il ərzində hərbi anbarlarda baş verən partlayışın səbəbini araşdırıb başa çıxa bilməyib.

"Sözügedən hadisə ilə bağlı ortada demək olar ki, rəsmi material yoxdur. Bu, paradoksdur", – deyə Zaxarova vurğulayıb.

10
Şəhid dəfni, arxiv şəkli

"Vətən Müharibəsi Qəhrəmanı"nın tabutu hərbi ehtiram zamanı Dövlət bayrağı ilə örtüləcək

0
(Yenilənib 16:20 06.05.2021)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir. Tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir.

BAKI, 6 may — Sputnik. "Vətən Müharibəsi Qəhrəmanı"nın tabutu hərbi ehtiram göstərilməsi zamanı Dövlət bayrağı ilə örtüləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir. Layihəyə əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, "Zəfər" və "Qarabağ" ordeni ilə təltif edilmiş şəxslər bu sıraya daxil edilir.

Bundan başqa, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin əhatə dairəsi genişləndirilir. Bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, Zəfər və Qarabağ ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstəriləcək.

0
Xəzər dənizinin sahilində ölü suiti, arxiv şəkli

Xəzər sahilində 150-dən çox suiti cəsədi aşkar olunub

2
(Yenilənib 16:19 06.05.2021)
Son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub.

BAKI, 6 may — Sputnik. İki gün ərzində alimlər Xəzər dənizi sahilində 150-dən çox suiti cəsədi aşkar ediblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hələ ki, Xəzər suitilərinin kütləvi qırılmasının səbəbləri məlum deyil.

"Birinci gün təqribən 30 ölü suiti aşkar edilib. Onlar əsasən cavan fərdlər idi və onların da əksəriyyəti dərisiz idi. İkinci gün isə biz başqa mənzərənin şahidi olduq, daha 125 suiti cəsədi aşkar etdik. Onların arasında yaşlı heyvanlar da var. Dəhşətli mənzərədir, hər 50-100 metrdən bir heyvan cəsədi var", - deyə "Dəniz məməliləri" elmi-ekspedisiya mərkəzinin təbiəti mühafizə layihələrinin əlaqələndiricisi Viktor Nikiforov bildirib.

Onun sözlərinə görə, hazırda heyvanların ölümünün dəqiq səbəbini müəyyən etmək mümkün deyil.

"Balıqçılıq, iqlimin çirklənməsi və başqa səbəblər ola bilər. Hazırda ən vacib məsələ suiti populyasiyasının ilboyu monitorinqinin təşkilidir və biz də, tərəfdaşlarımız da buna çalışırıq", - deyə Nikiforov vurğulayıb.

Əlaqələndirici onu da deyib ki, vəziyyət elə miqyas alıb ki, ölən heyvanların sayı arta da bilər, lakin bunu dəqiq demək olmaz.

2020-ci ilin dekabr ayında Xəzər dənizinin Dağıstan sahillərində 300-dən çox ölü suitinin aşkar olunduğu barədə xəbər yayılıb. Alimlərin qənaətinə görə, heyvanların qırılmasının əsas səbəbi təbii təbiət amilləri olub.

Qeyd edək ki, son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub. 2016-cı ilin noyabrında Xəzər dənizində baş verən uzun sürən davamlı fırtınalardan sonra Dağıstan sahillərində suiti cəsədləri aşkar olunub. Həmin hadisə zamanı müxtəlif yaşlı 300 suiti cəsədi aşkar olunub. Heyvanların kütləvi şəkildə tələf olmasının dəqiq səbəbi o zaman da müəyyən olunmayıb.

Xəzər suitisi (Pusa caspica Gmelin) Xəzər dənizində yaşayan yeganə məməlidir və dünyada ən kiçik qulaqsız suiti növlərindən biridir. O, yem zəncirinin başında dayanaraq həm də hövzənin ekoloji vəziyyətinin önəmli göstəricisi rolunu oynayır. XIX əsrin sonlarında Xəzərdə suitilərin sayı 1 milyondan çox olub. Növbəti yüz il ərzində tənzimlənməyən ov, çirklənmə və digər səbəblərdən rəqəm xeyli azalaraq 1996-cı ildə "IUCN" adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı siyahı"sına vəziyyəti "zəif" statusu ilə daxil olub.

 

2