İmza, arxiv şəkli

Azərbaycanda sosial sığorta şəhadətnaməsi ləğv edildi

11
(Yenilənib 15:32 23.04.2021)
Sosial sığorta şəhadətnaməsinin hazırlanması və sığortaolunanlara çatdırılması əlavə maliyyə xərci və vaxt itkisinə səbəb olurdu.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Azərbaycanda dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, "dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi" sözü "sosial sığorta nömrəsi" ilə əvəz edilir.

Azərbaycanda sosial sahədə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılıb. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunub, o cümlədən hər bir sığortaolunana fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılıb.

Bu sahədə islahatların davamı olaraq fərdi uçot sistemində qanunvericilik bazasının təkmilləşdirilməsi və sadələşdirilməsi, eləcə də müasir dövrdə öz aktuallığını itirmiş müddəaların qanunvericilikdən çıxarılması zərurəti yaranıb. Belə ki, qanunvericilikdə mövcud olan bəzi istisnaların mövcudluğu, fərdi uçot sistemindəki proseslərin bütövlükdə elektronlaşmasına mane olur.

Bu baxımdan, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun bəzi maddələrinə dəyişiklik edilməsi Əmək Məcəlləsinin müvafiq maddələrində də dəyişikliklərin edilməsi zərurətini yaradır. Qeyd olunanlara əsasən, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanmış dəyişiklik fərdi uçot sistemindəki müvafiq məlumatların çevik əldə edilməsini və əlavə xərclərin azaldılmasını nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 5 sentyabr 2018-ci il tarixli 258 nömrəli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid internet portalı üzərindən təqdim edilməsi məqsədilə "e-sosial.az" saytı istifadəyə verilib.

Yaradılmış bu imkan nəticəsində vətəndaşlar özlərinə aid əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları bu internet portalı vasitəsilə asanlıqla əldə edə bilirlər.

"Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi"ndə sığortaolunanlara məxsus sosial sığorta nömrəsi onların şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə əlaqələndirilib. Başqa sözlə, fərdi uçot sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi artıq sadəcə sosial sığorta nömrəsinin olmasını yetərli edib, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilməsi öz aktuallığını və əhəmiyyətini itirib. Sosial sığorta şəhadətnaməsinin hazırlanması və sığortaolunanlara çatdırılması əlavə maliyyə xərci və vaxt itkisinə səbəb olur.

Dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

11

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

3
Yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

BAKI, 7 may - Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq və əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamında dəyişiklik edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 271) 1.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 1.3 – 1.7-ci bəndlər əlavə edilib:

“1.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

1.4. şəhid ailəsinin üzvləri;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

1.6. məcburi köçkün statusu olan şəxslər;

1.7. I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.”.

Beləliklə, yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan da olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

3
Qoyun, arxiv şəkli

"Qissar"dan böyük "Araşan" var: Qırğızıstanda yeni qoyun cinsi qeydə alınıb

3
Yeni cins digərlərindən xeyli fərqlənir. Belə ki, bir yaşa çatan toğluların çəkisi 90 kiloqrama, böyük qoçların çəkisi isə 200 kiloqrama çatır.

BAKI, 7 may — Sputnik. Qırğızıstanda "Araşan" adlı yeni ətlik-piylik qoyun cinsi rəsmi qeydiyyatdan keçirilib. Sputnik Qırğızıstan xəbər verir ki, yeni cinsdən olan qoyunlar öz xüsusiyyətlərinə görə etalon sayılan "Qissar" cinsindən olan qoyunları xeyli qabaqlayır.

Bu cür qoyunlar hələ Sovet dövründən yetişdirilib. Lakin yeni cins kimi qeydiyyatdan cari ilin aprelin 15-də keçirilib.

Qırğızıstan elmi-tədqiqat heyvandarlıq institutunun Qoyunların yetişdirilməsi və seleksiyası şöbəsinin müdiri Rahatbek İbrayev bildirib ki, yeni cins "Qissar" və "qırğız iriyunlu" cinslərinin cütləşdirilməsi yolu ilə yetişdirilib.

"Nazirliyin əsasnaməsinə görə, yeni cinsi qeydiyyatdan keçirmək üçün həmin cinsdən 5000 baş heyvan olmalı və bütün heyvanlar eyni tipli olmalıdırlar. Hazırda Qırğızıstanda 5800 başdan çox "Araşan" var. Fermerlərin xahişi ilə tədqiqat keçirilib və məlum olub ki, yeni cins digərlərindən xeyli fərqlənir. Belə ki, bir yaşa çatan toğluların çəkisi 90 kiloqrama, böyük qoçların çəkisi isə 200 kiloqrama çatır", — deyə İbrayev bildirib.

Mütəxəssisin sözlərinə görə, hazırda "Araşan" cinsinin ölkə hüdudlarından kənarda populyarlaşdırılması istiqamətində iş aparılır. Bu məqsədlə sərginin keçirilməsi və xarici ölkə nümayəndələrinin dəvət olunması planlaşdırılır.

Qoyun Yetişdiriciləri İctimai Birliyinin sədri Mirlan Satıbekov isə "Araşan" qeydiyyatdan keçirildikdən sonra artıq beynəlxalq sərgilərdə də iştirak etməyin mümkün olduğunu dilə gətirib.

"Yeni cins "Qissar" cinsli qoçlarla rəqabət aparmaq qabiliyyətindədir və hətta onlardan daha böyükdür. Fermerlərdən biri özünün 220 kiloqramlıq qoçunu hətta 50 min dollara da satmır. Bu cinsin quzularının qiyməti isə 300 dollardır. Bizim heyvandarlar çoxlu sayda qoyun saxlamağa öyrəşiblər. Amma 100 baş cins erkək qoyun saxlamaq 500 baş adi qoyun saxlamaqdan daha yaxşıdır. Belə ki, cins qoyunlar daha çox ət verir və onları diri halda sərfəli qiymətə satmaq olar", — deyə Satıbekov bildirib.

Mütəxəssis onu da bildirib ki, "Araşan" cinsindən olan qoçları almaq istəyənlər Qoyun Yetişdiriciləri İctimai Birliyindən məsləhət ala bilərlər.

3