İmtahan, arxiv şəkli

Bu gün buraxılış imtahanıdır

14
(Yenilənib 10:36 23.04.2021)
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib

BAKI, 23 aprel — Sputnik. Bu gün Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat yayıb.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahana buraxılış vərəqəsi şagirdin (abituriyentin) özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

İmtahanda 17 679 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 85 imtahan binası, 1359 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 85 ümumi imtahan rəhbəri, 225 imtahan rəhbəri, 1712 nəzarətçi-müəllim, 170 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 85 bina nümayəndəsi ayrılıb.

14
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

3
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

3
Min bir gecə baleti, arxiv şəkli

"Min bir gecə" baleti beynəlxalq festivalda

5
(Yenilənib 23:11 07.05.2021)
Balet mayın 13 və 14-də göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

BAKI, 7 may — Sputnik. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baleti mayın 13-dən iyunun 2-dək Tatarıstanın paytaxtı Kazanda keçiriləcək Rudolf Nureyev adına 36-cı Beynəlxalq klassik balet festivalında nümayiş olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində reallaşacaq festival Rusiyanın Əməkdar incəsənət xadimi, həmvətənimiz Eldar Əliyevin xoreoqrafik quruluşunda Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok) "Min bir gecə" tamaşası ilə açılacaq. Balet mayın 13 və 14-də göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Eldar Əliyevin quruluşunda "Min bir gecə" baletinin premyerası 2020-ci ilin avqustunda olub.

Dünyaca məşhur balet artistləri, xoreoqraf və dirijorları bir araya gətirən Rudolf Nureyev adına festival 1987-ci ildən keçirilir.

5