BAKI, 9 aprel — Sputnik. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulmasına səbəb olan toy mərasiminin keçirilməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xırdalan şəhərində yerləşən şadlıq evlərindən birində profilaktik tədbir keçirilən zaman polislər obyektin icarədarı Ceyran Məmmədova və restoranın inzibatçısı Nazir Cəlilovun dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanların kütləvi şəkildə iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi müəyyən edilib.
Polislər tərəfindən obyektin icarədarı, xidməti personal, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.
Ümumilikdə toyda iştirak edən 38 nəfər, eləcə də obyektin inzibatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar 200 manat məbləğində cərimələniblər. Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbəri isə 5000 manat miqdarında cərimə olunub.
Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 13 aprel — Sputnik. Ermənistan Azərbaycanın addımlarını qiymətləndirmir. Bu, hadisələrin çox uğursuz inkişafının göstəricisidir. Əgər biz postmünaqişə dövründən danışırıqsa, biz gələcək barışığa gətirəcək elementlərə diqqət ayırmalıyıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.
"Biz 1500 Ermənistan əsgərinin cəsədini qaytarmışıq. Biz indi də Rusiya sülhməramlıları ilə birgə bu axtarış əməliyyatlarına iştirak edirik. Mən sizə deyə bilərəm ki, Birinci Qarabağ müharibəsində bizim dörd minə yaxın Azərbaycan hərbçisi itkin düşüb. Onlardan heç biri geri qaytarılmayıb. Onlardan heç biri. Bax, fərq bundadır.
Biz Rusiya sülhməramlılarına öz dəmiryolu vasitələrimizlə logistik dəstək veririk. Onlar öz vasitələrini dəmiryolu vasitəsilə Bərdəyə gətirirlər ki, bu da Yerevana uçub, oradan da 5-6 saat Laçın dəhlizi ilə getməkdən daha asan və ucuzdur. Mən digər elementləri də nümunə gətirə bilərəm. Biz Rusiyanın "Qazprom" şirkətinə maye qazı Azərbaycan ərazisindən Ermənistana nəql etməyə icazə verdik. Çünki Rusiya ərazisində təmir işləri aparılırdı. Biz yox deyə bilərdik. Lakin biz hə dedik.
Bu başqa bir göstərici, başqa bir jestdir. Biz Ermənistana bizim Zəngilan, Qubadlı rayonlarımızdan keçən 21 kilometrlik yolu istifadə etməyə imkan verdik. Biz buna icazə verdik, blok etmədik. Onlar bizə müharibə zamanı işğal etdikləri ərazilərə bir metr yaxınlaşamağa imkan verdilər? Yox. Bütün bunlar birtərəfli addımlardır. Bu, sadəcə jest deyil, bu müharibə səhifəsini çevirmək üçün düşünülmüş siyasətdir. Açılış nitqimdə dediyim kimi, biz heç nəyi unutmayacağıq, lakin eyni zamanda biz gələcəyə də baxmalıyıq", - deyə İlham Əliyev bildirib.
BAKI, 13 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Natiq İsayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.
N.İsayev barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.