Toy yox, restoranlar bağlı, bəs Azərbaycana meyvə-tərəvəz idxalı niyə kəskin artıb?

© Sputnik / Ilham AhmadovVəndam qəsəbəsi ərazisində meyvə-tərəvəz bazarı
Vəndam qəsəbəsi ərazisində meyvə-tərəvəz bazarı - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
Nazirlik: "2020-ci ildə Azərbaycanda meyvə ilə özünütəminetmə səviyyəsi 116,3%, tərəvəzlə özünütəminetmə səviyyəsi isə 110,4% olub".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Cari ilin yanvar ayında Azərbaycan 22 milyon 512 min dollar dəyərində 42 min ton meyvə-tərəvəz idxal edib. Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 8 milyon 95 min dollar (56,1%) və 13 min 353 ton (46,4%) çoxdur. Hesabat dövründə meyvə-tərəvəz idxalı Azərbaycanın ümumi idxalının 2,86%-ni təşkil edib.

Bəs, idxalın kəskin artmasının səbəbləri nə ola bilər?

Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2020-ci ildə Azərbaycanda meyvə ilə özünütəminetmə səviyyəsi 116,3%, tərəvəzlə özünütəminetmə səviyyəsi isə 110,4% olub.

İqtisadçı Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin bu məlumatı ilə razı olduğunu deyib:

"Burada bütün meyvələrdən söhbət getmir. Qış aylarında da ölkə əhalisinin tələbatını yerli meyvə-tərəvəz ilə təmin etmək olur. İdxalın artmasının müxtəlif səbəbləri ola bilər. Sitrus meyvələrinin (banan, portağal və s.) idxalında artım ola bilər. Yerli istehsal olmayan meyvə-tərəvəzlərin idxalında artım olması mümkündür. Ola bilər, əhalinin bu istiqamətdə istehlakı artıb".

"Xaricdən ölkəyə meyvə-tərəvəz gətirmək sərfəlidirmi?" sualına iqtisadçı belə cavab verib: "Baxır hansı məhsullardır. Məsələn, ölkədə kütləvi şəkildə qoz bağları salınır. Amma yerli qozun qiyməti bahadır. Çində və digər ölkələrdə qoz çox ucuzdur. Çindən ölkəmizə qoz gətirilir. Yəni bəzi məhsulların xaricdən gətirilməsi sərf edir. Dövlətin yeni subsidiya proqramı var. Məsələn, respublikamızda sitrus bağlarının salınmasına görə birdəfəlik subsidiyalar verilir. Bunu ona görə edirlər ki, idxaldan asılılıq azalsın".

Vəndam qəsəbəsi ərazisində meyvə-tərəvəz bazarı - Sputnik Azərbaycan, 1920, 20.12.2020
İQTİSADİYYAT
Meyvə-tərəvəz, toyuq və yumurta bahalaşacaq - günah təkcə pandemiyada deyil

"Tez yetişən meyvə-tərəvəzlərə fermerlər daha çox maraq göstərirlər. Məsələn, qoz, badam, alma, gilas bağları 3-4 ilə məhsul verir. Amma mandarin, nar, zeytun və bu cür ağaclar daha gec məhsul verdiyinə görə fermerlər bundan bir qədər qaçırlar. Ona görə dövlət fermerlərdə bu sahələrə maraq oyatmaq üçün subsidiyalar verir", - deyə o qeyd edib.

İqtisadçı bildirib ki, əgər xaricdə məhsulun qiyməti ucuzdursa, onu ölkəyə gətirirlər:

"Yerli məhsul ucuzdursa, xaricdən gətirməyə ehtiyac yoxdur. Bu sahəni dolayı yolla tənzimləmək olar. Elə subsidiyaların verilməsi tənzimləmə xarakteri daşıyır. Dövlət sahibkara deyə bilməz ki, məsələn, mandarini xaricdən gətirmə, burada ək. Yəni dövlət imkan, şərait yaradır ki, yerli məhsul istehsal edilsin, artsın. Lakin qadağaların olması düzgün olmazdı. Sadəcə yerli istehsalı artırmaq üçün təşviq etmək lazımdır".

İqtisadçı Natiq Cəfərlinin fikrincə isə bu, idxalda rəsmiləşmənin artması ilə bağlı ola bilər: "Toylar yoxdur, restoranlar bağlıdır, birdən-birə bu qədər tələbatın artması mümkün deyil. Yəqin rəsmiləşmə artıb".

Xəbər lenti
0