Azərbaycan və Türkiyə hərbçiləri Karsda QIŞ-21 təlim zamanı, arxiv şəkli

Ərdoğan təsdiqlədi - hərbi əməkdaşlığın yeni formatları gündəmə gələ bilər

24
Millət vəkili Musa Qasımlı: "Hesab edirəm ki, sənədin təsdiqlənməsi münasibətlərimizdə yeni səhifə açacaq".

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib. Bununla bağlı qərar ölkənin “Resmi Gazete”sində dərc olunub.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” 2017-ci ilin oktyabrın 31-də Bakıda imzalanıb. R.T.Ərdoğanın təsdiq etməsi ilə sənəd qüvvəyə minib.

Sputnik Azərbaycan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əhəmiyyəti və perspektivləri ilə bağlı millət vəkili Musa Qasımlının və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Musa Qasımlı bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq ikitərəfli münasibətlərini xeyli genişləndirib və yeni keyfiyyət mərhələsinə çıxarıblar: “İki ölkə arasındakı əməkdaşlıq müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində də dərinləşdirilir. Hərbi sahədə əməkdaşlığın formaları imzalanmış sənədlərdə təsbit edilib. Cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdafiə sahəsində əməkdaşlığa xüsusi diqqət yetirmələri ordularımızın böyük güc halına gəlməsinə imkan verib. Hesab edirəm ki, sənədin təsdiqlənməsi münasibətlərimizdə yeni səhifə açacaq. Azərbaycan-Türkiyə əməkdaşlığının yaxşı perspektivləri var”.

Politoloq İlyas Hüseynov da ikitərəfli münasibətlərin inkişaf etməsinə diqqət çəkib: “Bildiyimiz kimi iki ölkə müdafiə sənayesi sahəsində uzun müddətdir əməkdaşlıq edir və bir sıra önəmli işlər görülüb. Bu sahə ilə bağlı tərəflər arasında çox saylı sazişlər bağlanıb, sənədlər imzalanıb. Bu, onu deməyə əsas verir ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi hərbi müstəvidə də əməkdaşlıq inkişaf etməkdədir. Eyni zamanda 44 günlük Vətən müharibəsində Türkiyə hərbi sənayesinin istehsalı olan silahlar özünü döyüş meydanında effektiv şəkildə göstərdi. Məhz buna görədir ki, Vətən müharibəsinin ardınca hərbi sahədə olan əməkdaşlığın dərinləşdirilməsi üçün əməli addımlar atılır. Eyni zamanda iki ölkə hərbçiləri mütəmadi olaraq birgə hərbi təlimlər keçirirlər”.

Politoloqun fikrincə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsi üçün ikitərəfli sənədlərin imzalanması aktuallığını qoruyur: “Hüquqi baxımdan bu sənədlər iki ölkənin hərbi əməkdaşlığının yeni formatlarını müəyyən edir. Vətən müharibəsi ərzində Türkiyənin dünya informasiya məkanında Azərbaycanın maraqlarının müdafiə etməsi ölkəmizin mövqelərinin daha güclənməsinə səbəb oldu. Düşünürəm ki, gələcəkdə iki ölkə arasında hərbi əməkdaşlığın yeni konturları müəyyənləşəcək”.

24
Azərbaycanda Formula 1

Azərbaycanda Formula 1-ə görə viza prosedurları sadələşdirildi - SƏRƏNCAM

2
(Yenilənib 17:19 17.04.2021)
Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

BAKI, 17 aprel — Sputnik. Prezident İlham Əliyev "2021 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla müəyyən edilib ki, 2021 Formula 1 Azərbaycan Qran Prisinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə "Formula One Management Limited" Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin və bu məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

2

Azərbaycanda bir gündə 2287 nəfər COVID-19-dan sağalıb

9
İndiyədək ölkədə ümumilikdə 298522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262480 nəfər müalicə olunaraq sağalıb, 4107 nəfər vəfat edib, aktiv xəstə sayı 31935 nəfərdir.

BAKI, 17 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2148 yeni yoluxma faktı qeydə alınıb, 2287 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 298522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262480 nəfər müalicə olunaraq sağalıb, 4107 nəfər vəfat edib, aktiv xəstə sayı 31935 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14583, ötən müddət ərzində isə ümumilikdə 3096740 test aparılıb.

9