BAKI, 7 aprel — Sputnik. 2016-cı il iyulun 15-də Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı Prezident Mühafizə Alayında baş verən hadisələrdə iştirak etmiş 497 müttəhimin məhkəmə qarşısına çıxarıldığı proses yekunlaşıb. Ankara 19-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm elan olunub.
Türkiyənin NTV kanalının xəbərinə görə, məhkəmədə hökmü açıqlayan hakim Murat İlhan 19 müttəhimdən 16-sının "konstitusional quruluşu pozma" ittihamı ilə ömürlük həbs cəzasına məhkum edildiyini bildirib. 3 müttəhim isə "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 7 il 6 aydan 15 ilə kimi həbs cəzasına məhkum olunub.
Bundan başqa, dövlət çevrilişinə cəhd zamanı Prezident Mühafizə Alayında xidmət edən 108 müttəhimdən altısı "konstitusiya quruluşunu pozmağa cəhd göstərənlərə yardım etmə" ittihamı ilə 6 il 3 aydan 15 ilə qədər həbs cəzasına məhkum edilib. Əsgərlər də daxil olmaqla, 102 müttəhim isə bəraət alıb.
TRT binasına basqın edən 141 şübhəlidən keçmiş (rütbəsi əlindən alınmış) polkovnik Muhammed Tanju Poshor, keçmiş leytenantlar Ümit Gençer və Ekrem İşık, keçmiş mayor Anıl Aktaş "konstitusional quruluşu pozduqlarına" görə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.
Qeyd edək ki, Muhammed Tanju Poshor, həmçinin "Prezidentə sui-qəsd" ittihamı ilə ayrıca mühakimə olunub və ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
BAKI, 17 aprel — Sputnik. Paytaxtın Nizami rayonunda kanalizasiya quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Lətifxan Musayev tutulub. Araşdırma zamanı onun Keşlə qəsəbəsi ərazisində 5 kanalizasiya quyusunun qapağını oğurladığı müəyyən edilib. Saxlanılan zaman L.Musayevin üzərindən 1 büküm psixotrop maddə olan metamfetamin də aşkar edilib.
Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə DİN-in "102" Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 17 aprel — Sputnik. Həftənin əvvəlindən Quba şəhərində Azərbaycan-Türkiyə qardaşlıq parkının inşasına başlanılıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, şəhərin mərkəzində - Əliqulu Nərimanov küçəsində inşa edilən park Qubada iki ölkənin qardaşlığını və dostluğunu təcəmm etdirəcək. Parkın ümumi sahəsi 2000 kvadrat metrdən çoxdur. Parkın mərkəzində Azərbaycan-Türkiyə qardaşlığını və dostluğunu əks etdirəcək möhtəşəm abidə olacaq. Abidənin müəllifi, heykəltəraş Şıxəli Təhməzov deyir ki, abidənin iki əldə palıd ağacının kök atmasını əks etdirən görüntülənəcək ki, bu da Türkiyə ilə Azərbaycanın çox qədim qardaşlığının rəmzi nümunəsi olacaq.
Qardaşlıq parkına ümummilli lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, dövlət başçıları İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla Türkiyənin necə dost və qardaş olmalarına dair qiymətli kəlamları həkk ediləcək.
Bu gün Quba İH başçısı Ziyəddin Əliyev Azərbaycan bölgələri arasında ən möhtəşəm qardaşlıq parkı olacaq yeni parkın ərazisində olub, tikinti işləri ilə maraqlanıb, tapşırıqlarını və tövsiyələrini verib. Ziyəddin Əliyev bu parkın qubalılar üçün ən gözəl istirahət guşəsi kimi, iki ölkə arasında sıx dostluğun bariz nümunəsi kimi sakinlərin daimi ziyarət yeri olacağını deyib.
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkının ümummilli lider Heydər Əliyevin doğum günündə - mayın 10-da açılacağı nəzərdə tutulub.