Xoş gəldin, cənab səfir

116
(Yenilənib 18:10 03.04.2021)
Ceyhun Bayramov Cahit Bağçıya bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcək şərəfli və məsuliyyətli vəzifəsində müvəffəqiyyətlər arzulayıb.

BAKI, 3 aprel - Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçıya fəaliyyətində uğurlar arzulayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Ceyhun Bayramov öz "Twitter" səhifəsində bu barədə yazıb.

"Sizə bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcək şərəfli və məsuliyyətli vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm", - nazir yazıb. 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Türkiyənin Azərbaycandakı səfiri təyin edilib.

Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda anadan olub.

Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib.

1988-ci ildə Dövlət Planlaşdırma Qurumunun Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.

Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral idi. 

Ərdoğanın qərarlarıyla ümumilikdə Türkiyənin xaricdəki 10 səfiri geri çağırılıb, 13 ölkəyə isə yeni səfir təyin edilib.

116
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

6
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

6
İranın Nətənz Nüvə Mərkəzi

MAQATE hay-küylü qəzaya belə reaksiya verdi

5
(Yenilənib 00:05 13.04.2021)
"Nətənz hadisəsi ilə bağlı dünən mediada gedən məlumatlardan xəbərimiz var və bununla bağlı İran rəhbərliyi ilə əlaqə saxlayırıq"

 

BAKI, 12 aprel — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın Nətənz Nüvə Mərkəzində baş verən qəzaya reaksiya verib. Agentlikdən bildirilib ki, qəza ilə bağlı İran hakimiyyəti ilə əlaqə saxlanılıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu MAQATE-nin nümayəndəsi Fredrik Dal deyib.

"Nətənz hadisəsi ilə bağlı dünən mediada gedən məlumatlardan xəbərimiz var və bununla bağlı İran rəhbərliyi ilə əlaqə saxlayırıq ", – deyə Dal bildirib.

Qeyd edək ki, dünən səhər saatlarında İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi İranın Nətənz Nüvə Mərkəzində qəza baş verdiyini, nəticədə insan tələfatı və çirklənmə olmadığını və qəzanın səbəblərinin araşdırıldığını bildirib.

İranın vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi isə vurğulayıb ki, İranın Nətənz Nüvə Mərkəzindəki qəza hücum və "nüvə terrorizmi"nin nəticəsidir.

"İran Beynəlxalq Atom Enerjisi Agentliyini bu nüvə terrorizminə qarşı çıxmağa çağırır, eyni zamanda müvafiq addımlar atmaq hüququnu özündə saxlayır", – deyə o qeyd edib.

5