Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi

Azərbaycanda maskalar niyə bahadır?

101
(Yenilənib 17:11 31.03.2021)
"Yerli istehsalda rəqabət yoxdur. Bu da qiymətin yüksək olmasına təsir edən amillərdəndir. Rusiya, Qazaxıstan kimi ölkələrdə isə 10-larla belə müəssisə var ki, bu da rəqabət mühiti yaradır".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Bir çox ölkələrlə müqayisədə ölkəmizdə maskaların qiyməti daha yüksəkdir. İqtisadçı Qubad İbadoğlu bildirir ki, Qazaxıstanda 1 dollara 42, Rusiyada 35, Ukraynada 18 ədəd yerli istehsal olan tibbi maska almaq mümkün olduğu halda Azərbaycanda həmin məbləğə 7 ədəd maska almaq olar. Ekspert burdan belə bir qənaətə gəlir ki, ölkədə yerli maska istehsalının töhfəsi olmayıb.

Ötən ilin mayından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Qobu Yaşayış Massivi 3"-də fəaliyyətə başlayan "Gill Med" maska istehsalı müəssisəsinin satış üzrə təmsilçisi Bəhruz İsmayılzadə maskaya tələbatın azaldığını deyir:

"Tələbat azalıb, zəifdir. Bizim istehsalımız Sumqayıtda olan istehsaldan fərqlidir. Biz ancaq tibbi müəssisələri maska ilə təmin edirik, aptekləri yox. Ötən il maska qıtlığı oldu deyə tələbat artdı. Sonradan xaricdən maskanın gətirilməsinə icazə verildiyi üçün tələbat azaldı. Ötən illə müqayisədə maskanın qiyməti dəyişib. Öncələr maskanın bir dənəsini 35-40 qəpiyə satırdıq, hazırda isə 15-20 qəpiyə satırıq. Ən çox rezini baha əldə edirdik. Rezini yerli bazardan 23 qəpiyə əldə edirik. Yəni maskaların baha olmasının səbəblərindən biri də budur".

Onun sözlərinə görə, artıq yerli bazarda maska qıtlığı olmadığından topa olaraq rezin alanlar məhsulları əllərində qalmasın deyə onu ucuz satıblar. Bu səbəbdən də, hazırda "Gill Med" də maskanın qiymətini endirib. O bildirir ki, 1 qatlı maskalar 15, iki qatlı maskalar isə 20 qəpikdən satılır. 

B.İsmayılzadə deyir ki, alıcılıq qabiliyyətinin zəif olması bizim işimizə mənfi təsir edib: "Maska istehsalı zəifləyib, amma digər işlərimiz gedir".

Maskaların baha olmasının səbəblərindən danışan B.İsmayılzadə bildirir ki, gömrük deklorasiyası da buna təsir edir:

"Vergilər, gömrük deklorasiyası da bunu təsdir edir. Təbii ki, belə olan halda sahibkar da malın üzərinə 3-4 manat qoymalıdır".

Satış təmsilçisinin sözlərinə görə, öncələr müəssisə aylıq 5 min maska satırdısa, hazırda heç 1000 ədəd sata bilmirlər. İstehsal gücünə gəldikdə isə B.İsmayılzadə deyir ki, istənilən qədər maska istehsalını həyata keçirə bilərlər. Mövcud işçi qüvvəsi də buna imkan verir.

Bəs, yerli bazarda maskanın daha ucuz satılması üçün hansı tədbirlər görülməlidir?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb:

"Yerli istehsalda rəqabət yoxdur. Bu da qiymətin yüksək olmasına səbəb olan amillərdəndir. Rusiya, Qazaxıstan kimi ölkələrdə 10-larla belə müəssisə var ki, bu da rəqabətli mühit yaradır. Maska istehsalı ilə məşğul olan müəssisənin xammalı da xaricdən, əsasən Çindən gətirilir. Təbii ki, bu zaman məhsulun maya dəyəri yüksəlir".

Natiq Cəfərlinin sözlərinə görə, ölkəyə gətirilən maskalarda rüsum yüksəkdir.

"Daxili istehsalı qorumaq adı altında əlavə dəyər vergisinin olması da qiymətlərə təsir edir. Lakin daxili istehsalın gücü çatmadığı üçün xaricdən gətirilən maskalar baha başa gəlir. Gömrük və vergi rüsumunun yüksək olması xaricdən gətirilən məhsulların da rəqabətliliyinin qarşısını alır".

O bildirir ki, vəziyyətdən çıxış yolu ya yerli müəssisələrin sayının artırılması, ya da vergi dərəcələri ilə bağlı müvəqqəti güzəştlərin tətbiq edilməsidir. 

101
Teqlər:
maska, maska, tibbi maska, Koronavirus, epidemiya, COVID-19
PPX avtomobili, arxiv şəkli

Koronavirus xəstələri ictimai yerlərdə dolaşarkən saxlanıldılar

2
Vətəndaşlardan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələri xahiş edilir

BAKI, 21 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 20-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Vətəndaşlardan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələri xahiş edilir.

2
Qərənfil

"Şərəf" ordenli yazarımız vəfat edib

3
(Yenilənib 12:13 21.04.2021)
O, on bir yaşından bədii yaradıcılıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub. Onun pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub.

BAKI, 21 aprel — Sputnik. Şair-dramaturq, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiq Muxtar vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, dramaturq 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R.Muxtar 1942-ci il sentyabrın 5-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1968-1971-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında ədəbi işçi, 1971-1978-ci illərdə isə Şahbuz rayonundakı uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışıb. Ədib 1978-1982-ci illərdə Naxçıvan Nazirlər Soveti Yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1988-ci ildən Bakıda Nəsimi rayonundakı Şahmat məktəbinin müdiri vəzifələrini icra edib. 1984-1986-cı illərdə Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru vəzifəsində işləyib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru vəzifəsində işləyib.

O, on bir yaşından bədii yaradıcılıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub. Ədib həm şair, həm də dramaturq kimi tanınıb. "Əgər sevirsənsə", "Şəhərli kürəkən", "Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Müdirin aqibəti", "Doğma səmanın ulduzları" və digər pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub. Dramaturqun hekayələri "Ədəbiyyat və incəsənət", "Sovet Naxçıvanı" qəzetlərində vaxtaşırı çap olunub. Şairin sözlərinə 120-dən artıq mahnı bəstələnib. O, 1984-cü ildən bəstəkar Nəriman Məmmədovla birlikdə solist-xor orkestri üçün "Çiçəklənən Naxçıvan" suitasının mətnini yazıb. Eyni zamanda 90-dan artıq mahnı mətninin müəllifidir.

Azərbaycan xalqlarının dostluğuna həsr edilmiş son pyesinə görə Gürcüstanın ali mükafatına - "Şərəf" ordeninə layiq görülüb.

3