Evdən icazəsiz çıxan koronavirus xəstəsi, arxiv şəkli

Ortalıqda dolaşan koronavirus xəstələrini polis saxladı

27
(Yenilənib 14:28 19.03.2021)
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

BAKI, 19 mart — Sputnik. COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 18-də polis əməkdaşları tərəfindən paytaxt ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Həmin şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Hacıqabul şəhər sakini H.İsayev barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Digər vətəndaşlar barəsində araşdırmalar davam etdirilir.

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət –profilaktik tədbirləri davam etdirir. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.

27
Teqlər:
polis, Koronavirus, COVID-19, epidemiya
Kərim Kərimov

"Kosmonavtları özü yola salıb qarşılayırdı": Kərim Kərimov haqqında möhtəşəm xatirələr

2
(Yenilənib 14:32 12.04.2021)
Kosmonavtların həyatını xilas etdi, uşaqlar üçün oyuncaqlar düzəltdi, məktəbin kimya kabinetini qaydaya saldı – Sputnik Azərbaycan Kosmonavtika Günündə əsrarəngiz həmyerlimizin həyatının bilinməyən təfərrüatlarına aydınlıq gətirib.

BAKI, 12 aprel — Sputnik, Dinara Kurmanova. Kərim Kərimov şöhrətin zirvəsinə çatanda artıq yaşı 70-i keçmişdi. Birdən-birə onu "ən əsrarəngiz azərbaycanlı" kimi qələmə verməyə başladılar ki, bu da heç təəccüblü deyildi: 1987-ci ilə kimi alimin şəxsiyyəti gizli saxlanılmışdı. Halbuki o, SSRİ-də çox mühüm vəzifə tuturdu: Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə Dövlət Komissiyasının sədri. Sadə dillə desək, Kərimov Sovet İttifaqının kosmik proqramının banilərindən biri idi.

Sputnik agentliyi Dünya Kosmonavtika Günündə Kərim Kərimovun həyatının gizli məqamlarına aydınlıq gətirib.

© Photo : Kerimov's family archive
Kərim Kərimov solda

Hər şey elmin başındadır

Belə bir nəzəriyyə mövcuddur ki, uşaqlıqdan hər bir insanın xarakterinin xüsusi bir cəhəti formalaşır və onun bütün taleyində həlledici rol oynayır. Kərim Kərimovda da məhz bu cür oldu: o, hələ məktəbə getməmişdən əvvəl elmə marağı olduğunu büruzə vermişdi. Özü də böyüklərin standart izahları bu uşaq üçün kifayət etmirdi. O, əldə etdiyi informasiyaları təcrübədə sınaqdan keçirmək istəyirdi.

Məsələn, sonradan özünün də etiraf etdiyi kimi, ilk dəfə radioqəbuledicidən gələn səsi eşidəndə məəttəl qalıbmış: Bu boşqab boyda qurğu necə işləyir axı? Üstəlik, onu binanın fasadına bərkidiblər!

Onun radiotexnikaya meyli belə yaranır. "Kosmosa gedən yol" adlı memuarında Kərimov hələ uşaqlıqdan radio aparatlarını təmir etməyi və yığmağı bacardığından bəhs edir. Bu hobbisi onun peşə seçimində mühüm rol oynayır.

Kərim Kərimov məktəbi bitirəndən sonra mühəndis-elektromexanik olmaq qərarına gəlir və Azərbaycan Sənaye İnstitutuna daxil olur.

  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
1 / 3
© Photo : Kerimov's family archive
Kərim Kərimov

Gənc tələbə texnika ilə yanaşı, dillərlə də maraqlanır və diplomunu aldığı vaxt artıq alman dilində yaxşı danışmağı bacarırdı. Bu, hadisə 1942-ci ilə təsadüf edirdi və həmin dövrdə alman dilini bilmək mühüm rol oynayırdı. Çünki İkinci Dünya müharibəsi başlamışdı. Kərimovu əvvəl hərbi nizam-intizamı öyrənmək üçün Artilleriya Akademiyasına qəbul edir, daha sonra Qvardiya Minaatıcı bölmələrin Baş Qərargahında xidmətə göndərirlər. Kərimov burada məşhur "Katyuşa" yaylım atəş qurğusu üzrə mütəxəssis kimi çalışır.

Müharibədən sonra, 1946-cı ildə gənc mütəxəssisi düşmənin raket texnikasını öyrənmək üçün Almaniyaya göndərirlər. Babası ilə eyni adı daşıyan mühəndisin nəvəsi Kərimin sözlərinə görə, hər şey üst-üstə düşür: "Babam bu işə həm texniki cəhətdən hazır idi, həm də alman dilini bilirdi".

"Böyük pullar vəd etməmişdilər"

Almaniyanın Rabe İnstitutundakı araşdırmalar zamanı Kərim Kərimov alim Sergey Korolyov və onun komandası ilə tanış olur. Alimin sonradan xatırladığı kimi, sovet mütəxəssisləri o dövrdə FAU-2 raketinin innovativ raket mühərrikləri ilə maraqlanırdılar.

"Alman alimlərindən maye yanacaqla işləyən mühərrikləri yaratmaq ideyasına necə gəldiklərini xəbər aldıq. Bizə belə cavab verdilər: Tsiolkovskini (rus kosmonavtika nəzəriyyəçisi - red.) oxuduq, orada hər şey izah olunub", – deyə Kərimov xatirələrində yazır.

Bu sözlər sonradan SSRİ mühəndisləri üçün bir növ stimul rolunu oynadı – onlar Tsiolkovskinin ideyalarını daha da inkişaf etdirmək qərarına gəldilər.

© Photo : Kerimov's family archive
Kərim Kərimov

"Konstruktor bürolarında, tədqiqat institutlarında, zavodlarda gecə-gündüz çalışırdılar. Özü də onları heç kim belə əzmlə işləməyə vadar etmir və böyük qazanc söz vermirdi. Bu əzmin səbəbi başqa idi, ürəkdən gəlirdi", – deyə Kərimov xatirələrində qeyd edir.

Elm adamlarında nəticə əldə etmək istəyi elə güclü idi ki, bəzən tamamilə rahat olmayan iş şəraitinə belə məhəl qoymurdular. Məsələn, R-1 raketinin sınaqları başlayanda Kərim Kərimov artıq Müdafiə Nazirliyinin Mərkəzi Aparatında xidmət edirdi. Və həmin vaxt elmi sınaqlar çöllərdə sınaqdan keçirildi - Kapustin Yar raketodromu hələ inşa edilməmişdi.

"Raketlərin sınaqdan keçirilməsi üçün tez-tələsik bir taxta anbar tikildi. "Laboratoriyalar, stendlər, dəmir yolu vaqonlarına yerləşdirilmişdi. Özümüz də elə qatarlarda yaşayırdıq", – deyə alim yada salır.

Bütün kosmonavtlar Qaqarinlə assosiasiya olunurdu

Sergey Korolyov kosmosa insan göndərmək təklifini irəli sürdüyü vaxt Kərim Kərimov kosmik raketlərin hazırlanması və istehsalına nəzarət şöbəsinə rəhbərlik edirdi. Korolyov deyirdi ki, əgər sınaq heyvanları sağ-salamat yerə qayıda biliblərsə, deməli kosmosa insan göndərməyin də vaxtı gəlib çatıb.

"Bu, Korolyovun çoxdankı arzusu idi. O, uzun illər bu işə can atmışdı. Yeri gəlmişkən, bu, bizim hamımız üçün siyasi məsələ idi. Biz çox yaxşı başa düşürdük ki, ilk süni peykin buraxılmasında SSRİ-yə uduzan ABŞ kosmosa ilk insanı göndərməklə bunun əvəzini çıxmağa çalışacaq", – uzun illər sonra Kərimov həmin məqamı belə xatırlayır.

"Uçuşa hazırlıq prosesi uzun sürdü. Hətta Baykonur kosmodromunun əməkdaşları da martın əvvəlində, uçuşa hələ bir ay qalmış gəlmişdilər. Hər gün həyəcanımız bir az da artırdı", – deyə Kərim Kərimov yada salır.

Amma əlbəttə ki, ən böyük həyəcan aprelin 12-də yaşandı.

"Baykonurdakı həmin yaz səhərini çox yaxşı xatırlayıram. Starta hələ iki saat qalsa da, heç birimiz özümüzə yer tapa bilmirdik. Var-gəl edir, həyəcanla kosmonavtları gətirəcək avtobusu gözləyirdik. Heç kim dinib-danışmırdı", – alim o əlamətdar günü belə xatırlayır.

Hava gəmisinin buraxılmasına yarım saat qalmış Kərim Kərimov Korolyov və mühəndis-mexanik Konstantin Rudnevlə birlikdə bunkerə düşürlər ki, Yuri Qaqarinlə radio vasitəsilə əlaqə saxlasınlar.

"Sözsüz ki, çox böyük həyəcan var idi, yalnız 10:55-də "Vostok" gəmisinin Saratov diyarındakı kolxoz sahəsinə endiyi barədə uzun müddətdən bəri gözlədiyimiz məlumat gələndə rahat nəfəs aldıq. Bir anda alqış sədaları qopdu", – deyə Kərim Kərimov xatırlayır.

1966-cı ildə Dövlət Komissiyasının sədri olan Kərim Kərimov SSRİ-nin bütün kosmonavtlarını kosmosa yola salır və qarşılayırdı. Və özünün də dediyi kimi, hər dəfə mütləq Qaqarinin uçuşunu yada salırdı.

"Kərimova görə, belə şeylərə adi hadisə kimi yanaşmaq mümkün deyildi. O, həm də başa düşürdü ki, hər ekspedisiya bir riskdir, ona görə də tabeliyində olanlarla mümkün qədər yumşaq davranmağa çalışırdı", – deyə kosmonavt Musa Manarov Sputnik-ə müsahibəsində qeyd edib.

"Kərim Kərimov işdə çox tələbkar olsa da, adi həyatda mehriban və ürəyəyatan adam idi. Startdan qabaq bizi kosmosa yola salanda həmişə doğru ifadələri tapa bilirdi və mütləq Yerə sağ-salamat qayıtmağımızı arzulayırdı.

"Kabinetə daxil olanda gördüm ki, polkovnik özü mebeli təmir edir"

© Photo : Kerimov's family archive
Kərim Kərimov sağda

"Kosmosa gedən yol" kitabının redaktoru Arif Mehdiyev Kərim Kərimov haqqında danışarkən hər dəfə qeyd edirdi: Dövlət komissiyasının sədri vəzifəsi təkcə yüksək status demək deyildi. Bu status çoxsaylı vəzifələri, həmçinin gözlənilməz hallara ildırım sürəti ilə reaksiya vermək bacarığını özündə ehtiva edirdi. Axı demək olar ki, hər bir uçuşda təhlükəli böhran anları olur. Məsələn, 1983-cü ildə, komissiya göyərtəsində Vladimir Titov və Gennadi Strekalovun olduğu "Soyuz T-20" gəmisinə uçuş komandası verməyə hazırlaşarkən raketin gövdəsində yanğın baş verib. Həmin an Kərim Kərimov vaxtında lazımi düyməni sıxaraq qəza xilasetmə sistemini işə salıb.

SSRİ dağıldıqdan sonra Kərim Kərimov Azərbaycanın Kosmik Tədqiqatlar üzrə Elmi-İstehsalat Birliyindən (hazırda Azərbaycan Milli Aerokosmik Agentliyi) öz dəstəyini əsirgəməyib. Mərhum prezident Heydər Əliyev Azərbaycan və Sovet elminin inkişafına verdiyi töhfəyə görə Kərim Kərimovu "Şöhrət" ordeni ilə təltif edib. Eyni zamanda, onun həm istedadlı alim, həm də yaxşı təşkilatçı olduğunu dilə gətirərək bu xüsusiyyətlərin nadir insanlarda birləşdiyini qeyd edib.

Kərim Kərimov həm də yaxşı həyat yoldaşı, ata və baba olub. "Bəzən elə olur ki, alimlər öz sahələrində xariqələr yaradır, ancaq evdə divara bir mismar vurmağı da bacarmırlar. Bizim babamız isə belələrindən deyil. Məni və böyük qardaşımı çox əzizləyirdi. Biz bir mənzildə yaşayırdıq və o, otaqlardan birini emalatxanaya çevirmişdi. Orada bizim üçün oyuncaqlar düzəldirdi, bir dəfə hətta qardaşıma gitara düzəltməyə də kömək etmişdi. Bağ evini söküb yenidən tikməyi xoşlayırdı, hətta bir dəfə nənəmə dərs kabinetinin tərtibatında da kömək etmişdi. Nənəm məktəbdə kimyadan dərs deyirdi, babam onun üçün bütün şəraiti yaratmışdı. Həmin vaxt artıq polkovnik rütbəsində olsa da, məktəbə gedib bütün ləvazimatları özü yerbəyer etmişdi. Məktəbin direktoru isə bizim ailə dostumuzdur. Sonralar direktor yada salaraq gülürdü: "Kabinetə daxil olanda gördüm ki, polkovnik özü mebeli təmir edir".

Kərim Kərimovun qızı Suriyə də alim olub

"O, geodeziyaçı-astronom, Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun aparıcı mütəxəssisi idi", - deyə qurumun elmi rəhbəri, Suriyə xanımın həmkarı Boris Şustov Sputnikə müsahibəsində bildirib.

"Çox məsuliyyətli idi, həmişə hər şeyi elə etməyə çalışırdı ki, nəticə keyfiyyətli alınsın. Eyni zamanda, atası kimi, çox istiqanlı və mehriban insan idi", - deyə Şustov vurğulayır.

2
Yeni bankotlar

Mərkəzi Bank terminalların yenilənmiş pulları niyə qəbul etmədiyinə aydınlıq gətirdi

3
(Yenilənib 14:27 12.04.2021)
Bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyasının sürətləndirilməsi ilə əlaqədar Mərkəzi Bankda görüş keçirilib

BAKI, 12 aprel — Sputnik. Son günlər ölkə mətbuatında bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminalları tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının qəbulunda müəyyən çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılıb.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildirilib ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib.

Mərkəzi Bank tərəfindən aparılmış monitorinqlərdən məlum olur ki, kommersiya banklarının və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına uyğunlaşdırılması əsasən təmin edilib.

Bununla belə bir sıra bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyası ilə bağlı çətinliklərin araşdırılması, müvafiq problemlərin təxirəsalınmadan aradan qaldırılması və adaptasiya proseslərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə Mərkəzi Bankda bank olmayan ödəniş xidməti təchizatçılarının nümayəndələri ilə görüş keçirilib və bu təşkilatlara müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

3