Heydər Əliyev aeroportu, arxiv şəkli

Azərbaycana başqa məqsədlərlə gələnlərin sayı açıqlandı

9
(Yenilənib 20:51 17.03.2021)
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,0 faizi dəmir yolu və avtomobil, 23,2 faizi hava, 3,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

BAKI, 17 mart — Sputnik. Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk aylarında da davam edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd olunub. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsasən qeyri-turizm məqsədilə həyata keçirilib.

2021-ci ilin yanvar-fevral aylarında ölkəmizə gələnlərin 33,3 faizi Rusiya Federasiyası, 28,8 faizi Türkiyə, 14,9 faizi İran, 10,4 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,2 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan, Özbəkistan və Türkmənistan, 0,6 faizi İtaliya, 0,5 faizi Almaniya, 0,3 faizi ABŞ, 4,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 94,7 faizini kişilər, 5,3 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan - 11,1 dəfə, Türkmənistandan - 10,0 dəfə, Özbəkistandan - 6,3 dəfə, Rusiya Federasiyasından - 5,1 dəfə, Ukraynadan - 4,5 dəfə, Böyük Britaniyadan - 4,4 dəfə, Belarusdan - 2,6 dəfə, İrandan - 2,5 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb.

2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 5,6 dəfə azalaraq 11,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,2 dəfə azalaraq 28,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,3 dəfə azalaraq 2,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,0 faizi dəmir yolu və avtomobil, 23,2 faizi hava, 3,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 13,5 dəfə azalaraq 60,9 min nəfər olub. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 17,3 faizi Rusiya Federasiyasına, 10,5 faizi Gürcüstana, 8,3 faizi İrana, 16,6 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil edib. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 62,4 dəfə, Gürcüstana gedənlərin sayı 37,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 13,5 dəfə, Türkiyəyə gedənlərin sayı isə 2,8 dəfə azalıb.

2021-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 30,5 faizi dəmir yolu və avtomobil, 62,2 faizi hava, 7,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

9
Daxili İşlər Nazirliyinin binası

DİN rəsmisi 16 yaşlı qızla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

3
"Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar cəfəngiyyatdır" - Elşad Hacıyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. "Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq". 

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavabında bildirib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib.

Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir.

3

Azərbaycanda daha 1151 nəfər COVID-19-a yoluxub

4
Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb, 3944 nəfər vəfat edib, aktiv xəstə sayı 31440 nəfərdir.

Ölkədə son sutka ərzində 7687, hazırkı dövrədək isə 3026132 test aparılıb.

4