Yarmarka

Baş nazir bahalaşmaya münasibət bildirib

13
(Yenilənib 18:32 16.03.2021)
"Bir çox halda bizlərdən asılı olmayan məsələlər də var. Bizim ticarət partnyorumuz olan ölkələrdə də qiymətlərin artımı gedir. Ancaq bu istiqamətdə tədbirlər görüləcək"

BAKI, 16 mart — Sputnik. "Azərbaycan hökuməti qiymət artımı məsələsini daim nəzarətdə saxlayır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Ə. Əsədov bildirib ki, öz imkanlarından istifadə edərək bu məsələ ilə ciddi məşğul olacaq: "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən gündəlik monitorinqlər aparılır. Bir çox halda bizlərdən asılı olmayan məsələlər də var. Bizim ticarət partnyorumuz olan ölkələrdə də qiymətlərin artımı gedir. Ancaq bu istiqamətdə tədbirlər görüləcək. Qiymət artımını yanacağın qiymətlərinin artırılması ilə əlaqələndirilənlər var. Təbii ki, bunun təsiri var. Amma hökumət tərəfindən kifayət qədər subsidiyalar verilib".

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra deputatlar bahalaşmadan danışıblar.

Xatırladaq ki, bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı qəbul edilib.

13
Leyla Abdullayeva

XİN həmsədrlərin son bəyanatına münasibət bildirib

2
(Yenilənib 18:22 15.04.2021)
Həmsədlərin bəyanatının əksər hissəsi yeni post-münaqişə dövrü üçün ən mühüm məsələlərə deyil, daha çox bir sıra digər fikir və elementlərə həsr olunub.

BAKI, 15 aprel - Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupu həmsədrlərinin 13 aprel 2021-ci il tarixli bəyanatına münasibət bildirib.

Abdullayeva deyib ki, həmsədrlərin öz bəyanatında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının icrası istiqamətində tərəqqini alqışlaması müsbət qiymətləndirilməlidir.  

“Eyni zamanda qeyd etməliyik ki, həmsədlərin bəyanatının əksər hissəsi yeni post-münaqişə dövrü üçün ən mühüm məsələlərə deyil, daha çox bir sıra digər fikir və elementlərə həsr olunub.

Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində yaranmış reallıqda Azərbaycan tərəfinin mövqeyi bəllidir. Bizim prioritetlərimiz sırasına 30 il ərzində davam etmiş münaqişənin təsirinə məruz qalmış ərazilərimizin bərpası, yenidən qurulması və yenidən inteqrasiyası, bu proses nəticəsində və münaqişənin təsirinə məruz qalmış bütün ərazilərində bərpa ediləcək Azərbaycan Respublikasının konstitusion qaydası çərçivəsində həmin ərazilərdə məskunlaşmış bütün, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının etnik və dini və ya digər hər hansı mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqluluğunun təmin edilməsi daxildir. Eyni zamanda, münaqişənin həlli Azərbaycanla Ermənistan arasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında normal əlaqələrin qurulması üçün perspektiv yaradır.

Ümid edirik ki, həmsədrlər Azərbaycan Respublikası Prezidentinin çağırışına uyğun olaraq özlərinin yaranmış yeni vəziyyətdə sülhün möhkəmlənməsi istiqamətində mümkün rollarına dair təkliflərini müəyyən edəcək və təqdim edəcəklər”, - deyə XİN rəsmisi vurğulayıb.

2
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko

Lukaşenkonun Bakı səfərinin məqsədi idi?

8
(Yenilənib 17:44 15.04.2021)
Unutmayaq, Belarus KTMT çərçivəsində Ermənistanın Azərbaycana qarşı ambisiyalarına qarşı çıxan iki ölkədən biri idi.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenkonun prezident seçildikdən sonra ikinci xarici səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin əhəmiyyətinə diqqət çəkir. Prezident Aleksandr Lukaşenkonun Azərbaycanda rəsmi və qeyri-rəsmi formatda keçirdiyi görüşlər, verdiyi açıqlamalar diqqətlə izlənilir. Sputnik Azərbaycan Azərbaycan-Belarus əlaqələri və Aleksandr Lukaşenkonun bu səfərinin ikitərəfli münasibətlərdə rolu ilə bağlı Milli Məclisin deputatı Rasim Musabəyov və politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Azərbaycan və Belarus arasında sıx əməkdaşlıq mövcuddur:

"Bu əlaqələrin və əməkdaşlığın əhatə dairəsi genişdir. İki ölkə arasında hərbi sənaye, kənd təsərrüfatı, maşınqayırma sahələrində əməkdaşlıq daima inkişaf edir. Belarus rəhbərliyi də hər zaman Azərbaycanın problemlərinə diqqətlə yanaşıb. Düşünürəm ki, bizim münasibətlərimiz bundan sonra da yüksələn xətlə inkişaf etməyə davam edəcək. Belarus Azərbaycan vasitəsilə sərfəli bazarlara çıxış əldə edir. Bu Azərbaycanın da maraqlarına cavab verir. Çünki bununla həm də bizim qeyri-neft sektorumuz inkişaf edir. Belarus həm də Azərbaycanın enerji resurslarından yararlanmaqda maraqlıdır".

Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Azərbaycan-Belarus münasibətləri həmişə fəqli səviyyədə olub: "Prezident Lukaşenkonun fərdi şəxsiyyəti onun prezidentlik idarəçiliyində də özünü bariz şəkildə göstərib. Azərbaycan hər zaman Belarusa çətin vaxtlarında dəstək göstərib. Belarus son vaxtlar Polşa və Baltikyanı ölkələrlə münasibətlərini sıxlaşdırmışdı. Ölkənin istiqaməti bu yöndə idi. Ancaq indi bu münasibətlərdə durğunluq mövcuddur. Məhz bu əlaqələr hesabına Belarus informasiya texnologiyaları sahəsində yüksək inkişaf əldə etmişdi".

Politoloq bildirib ki, bu gün Azərbaycan-Belarus münasibətlərində iqtisadi maraqlar daha qabarıq formada önə çıxır.

"Azərbaycan Qarabağın bərpasını həyata keçirir. Burada etibarlı tərəfdaşlara ehtiyac var. Bu səfər göstərir ki, bu gün Azərbaycan-Belarus münasibətləri tamam yeni keyfiyyətdədir. Aprelin sonunda Belarusda Avrasiya İqtisadi Birliyinin sammiti keçiriləcək. Erməni mətbuatı iddia edir ki, Azərbaycan bu sammitdə müşahidəçi kimi iştirak etmək istəyir, lakin Ermənistan hökuməti buna qarşıdır. Bütün bu baş verən proseslər münasibətlərimizin yeni xarakterindən xəbər verir".

Politoloq qeyd edib ki, Belarus KTMT çərçivəsində Ermənistanın Azərbaycana qarşı ambisiyalarına qarşı çıxan iki ölkədən biri idi. Bu baxımdan Belarus prezidentinin səfərini və bu səfər zamanı səsləndirdiyi fikirləri yüksək qiymətləndirir.

"Belarus həm də dağlıq Qarabağla bağlı məsələlərin siyasi tərtibatında önəmli rol oynayıb. Burada prezident Lukaşenkonun müstəsna rolunu qeyd etməliyik. Belarusla əməkdaşlıq həm bizim, həm də bu ölkənin maraqlarına cavab verdiyi üçün faydalıdır", - deyə Əhmədoğlu əlavə edib. 

8