Ana fəryadı heykəli

Los-Ancelesdə Xocalı soyqrımına dair ingilis dilində film hazırlanıb

10
Videoda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamını etiraf edən müsahibəsindən sitat gətirilir. Həmin qətliamı törədənlərdən biri,

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Son illərdə sosial şəbəkələrin sürətli inkişafını və təbliğat işində qısa və məzmunlu filmlərin effektivliyini nəzərə alaraq, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən Azərbaycana dair 2019-cu ildən başlayaraq, bir sıra mövzularda ingilis dilində 20 qısa film hazırlanaraq yayılıb. Xüsusilə, Baş Konsulluq tərəfindən Vətən Müharibəsi dövründə hazırlanan, Ermənistanın cinayətlərini göstərən qısa filmlər geniş yayılaraq böyük sayda izlənilmişdi. Bu səpkidə Baş Konsulluq tərəfindən hazırlanan sonuncu film Xocalı soyqırımına həsr olunub.

Baş Konsulluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, filmdə 26 fevral 1992-ci il tarixində Ermənistan qoşunlarının Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaq, qadın və qocalar da daxil olmaqla 613 dinc sakini qətlə yetirdiyi vurğulanır.

Videoda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamını etiraf edən müsahibəsindən sitat gətirilir. Həmin qətliamı törədənlərdən biri, Kaliforniyadan olan erməni terrorçu Monte Melkonyanın qardaşının yazdığı kitaba da istinad edilərək,  cəlladlarınıqəddar əməlləri təqdim olunur.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, etnik təmizləmə apardığı və 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. BMT Təhlükəsizlik Şurasının (TŞ) 1993-cü ildə sözügedən işğalı pislədiyi qeyd olunaraq, həmin dövrdə TŞ-də sədrlik edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, sonradan ABŞ dövlət katibi olmuş Madlen Olbraytın TŞ-nin iclasında verdiyi bəyanatın video-yazısından çıxarış təqdim olunur. Qeyd edək ki, sözügedən video-yazı BMT arxivlərindən Baş Konsulluq tərəfindən üzə çıxarılaraq, hələ ötən ilin sentyabrında ayrıca yayılmışdı. Video-yazıda M.Olbrayt bütün TŞ adından çıxış edərək, işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb etmişdi.

Sonra bu günədək 17 ölkənin və ABŞ-ın 20-dən çox ştatının Xocalı soyqırımını pislədiyi bildirilir.

2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi və öz ərazi bütövlüyünü bərpa etdiyi vurğulanır. Xocalıda olduğu kimi Vətən Müharibəsi dövründə də Ermənistanın dinc sakinləri hədəf aldığı və nəticədə uşaqlar da daxil olmaqla çoxlu sayda mülki azərbaycanlının qətlə yetirildiyi və yaralandığı diqqətə çatdırılır. Videoda həm Xocalı soyqırımını, həm də son müharibə cinayətlərini törədənlərin hələ də cəzasız qaldıqları qeyd olunur.

Film müvafiq ölkələrdəki Səfirliklərimiz tərəfindən alman, alban, ispan, çin, fars, türk, yunan və digər dillərə də tərcümə olunub. Film sosial şəbəkələrdə geniş şəkildə yayılmaqdadır.

10
Moskvada Kremlə mənzərə, arxiv şəkli

Rusiyada yaşayan həmyerlilərimiz güzəştlərdən yararlana biləcəklər

2
(Yenilənib 23:27 19.04.2021)
Mövcud vəziyyət nəzərə alınmaqla 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək barələrində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir

BAKI, 20 aprel — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının daha çox səfər etdikləri və yaşadıqları ölkələrdən biri olan Rusiya Federasiyasında da pandemiya dövrününün tələblərindən irəli gələrək miqrantlarla bağlı bir sıra güzəştlər qəbul edilib". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, bu istiqamətdə Rusiya Federasiyasında 18 aprel 2020-ci il tarixdə “Yeni növ koronavirus infeksiyasının sonrakı yayılma təhlükəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasındakı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin tənzimlənməsinə dair müvəqqəti tədbirlər haqqında” müvafiq Fərman imzalanıb. Bu Fərmanda nəzərdə tutulan miqrantlarla bağlı yumşaldıcı tədbirlərin vaxtı bir neçə dəfə artırılıb və sonuncu dəfə bu müddət 15 iyun 2021-ci ilə qədər uzadılıb: "Ümumən pandemiya ilə bağlı müxtəlif ölkələrdə miqrantlara təqdim edilən güzəştlərin müddətləri müxtəlif qaydalarda müəyyən edilir və mütəmadi uzadılması praktikası mövcuddur. Ölkəmizdə də hazırda 1 iyun tarixinədək oxşar yanaşma tətbiq edilir.

Rusiyada qeyd edilən Fərmana əsasən 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək Rusiyada olan və pandemiya səbəbindən ölkəni tərk edə bilməyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma, müvəqqəti və daimi yaşama müddətləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə və ya yaşadığı ünvan üzrə qeydiyyata alındıqları müddətlər qeyd olunan tarixlərdə bitirsə, müddət axımı dayandırılmış hesab olunub. Qeyd edilən tarixlərdə daimi və müvəqqəti yaşama icazələrinin və miqrasiya kartının etibarlılıq müddətinin bitməsinin də müddət axımı dayandırılıb. Həmçinin mövcud vəziyyət nəzərə alınmaqla 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək barələrində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir, həmçinin müvəqqəti olma müddətinin qısaldılması, əvvəllər verilmiş daimi və müvəqqəti yaşama, həmçinin iş icazələrinin, eləcə də patentlərin ləğv edilməsi barədə qərarlar qəbul edilmir (fərmanda verilmiş istisnalar xaricində)".

Vüsal Hüseynov həmçinin bildirib: "Qeyd edilənləri nəzərə alınaraq, Rusiya Federasiyasında olan və yaşayan, miqrasiya qanunvericiliyi baxımından sənədlərinin müddət axımı dayanan və ya sənədləri qaydasında olmayan Azərbaycan Respublikası vətəndaşlarının 15 iyun 2021-ci il tarixədək hüquqi statuslarının leqallaşdırması və qeyd edilən  Fərmanda güzəştlərlə bağlı müəyyən edilən müddətin mümkün uzadılma halları üçün bu ölkənin miqrasiya qaydaları barədə yenilikləri izləmələri tövsiyə olunur".

2
Məişət tullantıları qutuları, arxiv şəkli

Tullantıların bir qismi satıldı, bir qismindən isə enerji əldə edildi

3
(Yenilənib 23:24 19.04.2021)
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilib.

BAKI, 20 aprel — Sputnik. 2020-ci ildə ölkədə 3486,5 min ton və ya əvvəlki illə müqayisədə 6,4 faiz çox tullantı əmələ gəlib və onların 67,4 faizini bərk məişət tullantıları, 32,6 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranan müxtəlif növ tullantılar təşkil edib.

Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, ötən il yaranan 2350,0 min ton bərk məişət tullantılarının 74,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 25,0 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi isə ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 200,6 milyon kVt saat və ya 2019-cu illə müqayisədə 2,4 faiz çox elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 20,7 faizi ölkə daxilində satılıb, 1,8 faizi ixrac olunub, 8,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,5 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0,1 faiz az və ya 317,2 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 9,1 faiz olub. Tullantıların 53,8 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 61,4 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

3