Pakistan senatorları: Xocalı soyqırımı tarixin qara ləkəsidir

© Sputnik / Murad OrujovЦеремония почтения памяти жертв Ходжалинской трагедии
Церемония почтения памяти жертв Ходжалинской трагедии  - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Abunə olmaq
Bu gün Azərbaycan və Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videogörüşü keçirilib.

 

BAKI, 24 fevral — Sputnik. Fevralın 24-də Azərbaycan və Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videogörüşü keçirilib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a məlumat verilib.

Videogörüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva bildirib ki, Xocalı soyqırımı hər zaman bizim qəlbimizdə bir ağrıdır: "Çünki erməni silahlı qüvvələri uşaq, qadın, yaşlı demədən bizim soydaşlarımızı qətlə yetirib, ağır işgəcələrə məruz qoyublar. Xocalı şəhəri yer üzündən silinib. Onlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaalın kitabında bu insanların məhz azərbaycanlı olduğuna görə qətlə yetirildiklərini etiraf edib".

Qənirə Paşayeva diqqətə çatdırıb ki, bizim əsas məqsədimiz bu soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsidir:

"Bu soyqırımı azərbaycanlılara qarşı törədilməklə insanlıq əleyhinə bir cinayətdir. Dünyanın bu soyqırımını tanıması, həqiqətləri bilməsi üçün qardaş və dost ölkələrə ehtiyacımız var. Bu baxımdan Pakistana təşəkkür edirik ki, bu qardaş ölkə həmişə Azərbaycanın yanında olub. Biz bu mənəvi və siyasi dəstəyin davamlı olacağına inanırıq".

Qənirə Paşayeva cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə zamanı işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin törətdiyi vandalizmi öz gözləri ilə görmələri üçün pakistanlı deputatları ölkəmizə səfərə dəvət edib.

Yutada sərgi  - Sputnik Azərbaycan, 1920, 21.02.2021
CƏMİYYƏT
Yutadakı Kapitolinin önündə Xocalı qətliamına dair sərgi açılıb - FOTO

Çıxış edən Pakistan Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun üzvləri xanım Şaza Xavaca, Farrux Xan bildiriblər ki, ermənilərin Azərbaycana qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı Pakistan bir sıra bəyanatlarla çıxış edib. Milli Assambleyanın üzvləri Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlılara Allahdan rəhmət diləyib, bu ağır cinayəti törədənlərin cəzalarına çatacağına əminliklərini bildiriblər. Pakistanlı deputatlar beynəlxalq təşkilatlarda Pakistana verilən dəstəyə görə Azərbaycana təşəkkür ediblər.

Görüşdə çıxış edən Milli Məclisin deputatları Ceyhun Məmmədov, Cavanşir Paşazadə, Mahir Abbaszadə, Sadiq Qurbanov, Ülviyyə Həmzəyeva bildiriblər ki, Azərbaycan bir tolerantlıq nümunəsidir. Ermənistan isə işğal etdiyi Azərbaycan torpaqlarında məscidləri, tarixi abidələri məhv edib. Deputatlar vurğulayıblar ki, Xocalı soyqırımı heç vaxt unudulmayacaq, Azərbaycan xalqının qan yaddaşında əbədi qalacaqdır.

Görüşdə çıxış edən Senatda Pakistan-Azərbaycan dostluq qrupunun rəhbəri Talha Mahmud, senatorlar Şahzad Vasim, Ayeşa Raza Faruq və Nuzhat Sadiq bildiriblər ki, Xocalı soyqırımı tarixin qara ləkəsidir. Erməni silahlı qüvvələrinin günahsız mülki vətəndaşları öldürməsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir, soyqırımdır. Bir sıra ölkələr, o cümlədən Pakistan bunu soyqırım kimi qəbul edib. Senatorlar bildiriblər ki, Pakistan həmişə qardaş Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Pakistanlı parlament nümayəndələri Azərbaycana sülh, əminamanlıq və tərəqqi arzulayıblar.

Onlayn tədbirə yekun vuran Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu görüşə göstərilən diqqətə görə hər iki tərəfin deputatlarına təşəkkür edib.

Xəbər lenti
0